Tarix: 02.08.2024 / 08:36
Diaspora ayrılan vəsait lobbiçiliyə yönəldilməlidir   - Təşkilat rəhbəri

Diaspora ayrılan vəsait lobbiçiliyə yönəldilməlidir - Təşkilat rəhbəri

“Diaspor fəaliyyətini daha keyfiyyətli və səmərəli etmək üçün ilk addım məqsədyönlü strateji planlaşdırma və səmərəli təşkilatlanmadır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” təşkilatının təsisçisi, Azərbaycan Sosial İş İctimai Birliyi Məsləhət Şurasının üzvü İlkanə Qoca deyib.

İ.Qocanın sözlərinə görə, Milli strateqlərimiz aktiv və yerli dili bilən həmvətənlərimizlə birlikdə bir və ya beş illik planlar hazırlamalıdır:

“Bu planlar konkret məqsədlərə uyğun fəaliyyət sahələrini və zaman çərçivəsini əhatə etməlidir. Transparantlığı təmin edəcək qiymətləndirmə prosesi icma üzvlərinə və səlahiyyətli orqanlara məruzə edilərək inamı və motivasiyanı artırmaqda yardım edə bilər”.

“Müxtəlif ölkələrdən olan diaspor təşkilatları ilə əlaqələr qurmaq, birgə iş planı hazırlamaq və təcrübə mübadiləsi etmək daha böyük təsir dairəsi yaradar. Yerli və beynəlxalq təşkilatlarla iş birliyi yaradaraq, daha səmərəli və dayanıqlı fəaliyyət göstərə bilərik. Avropada bu təcrübə artıq mövcuddur və bundan yararlanmaq olar. Lakin icmalarımız yerli bələdiyyə orqanları ilə əməkdaşlıq etməkdə çətinlik çəkir ki, bu da yerli qaydaları yaxşı bilməməkdən qaynaqlanır”, - deyə o bildirib.

Təşkilat rəhbərinin fikrincə, rəqəmsal texnologiyalardan istifadə edərək məlumatları toplamaq və paylaşmaqla Azərbaycan həqiqətlərinin yayılmasında daha böyük nailiyyətlər əldə edə bilərik:

“Gənc nəsil üçün rəqəmsal baza yaratmaqla biliklərin itməsinin qarşısını almaq mümkündür. Müntəzəm olaraq forumlar, konfranslar və görüşlər təşkil edərək iş adamlarını cəlb etməklə maliyyə dayanıqlığını təmin edə bilərik”.

“Xaricdə yaşayan azərbaycanlılar üçün mədəniyyət və dil kursları təşkil olunmalıdır ki, onlar öz milli kimliklərini qorumaq üçün ciddi addımlar atsınlar. Bu, gənc nəslin assimilyasiya prosesini yavaşlatmaqla yanaşı, milli dəyərlərin qorunmasını təmin edəcək. Vətənin sərhədlərində böyüyən gənc nəsil daha səmərəli lobbiçilik fəaliyyəti göstərə bilər”, - deyə soydaşımız qeyd edib.

İ.Qoca əlavə edib ki, diaspor fəaliyyəti ilə yanaşı, lobbiçilik siyasətinə də diqqət yetirilməlidir:

“Dövlət büdcəsindən diaspor fəaliyyətinə ayrılan vəsait lobbiçilik fəaliyyətinə yönəldilməlidir. Lobbiçilik fəaliyyəti haqqında məlumatlılığı artırmaq üçün geniş informasiya kampaniyaları keçirilməlidir. Diasporumuzu lobbiçiliklə məşğul olmağa həvəsləndirmək və bu sahədə təcrübələri paylaşmaq vacibdir”.

“Milli maraqların qorunması və xaricdə yaşayan soydaşlarımızın daha effektiv dəstəklənməsi üçün qeyd olunan islahatların həyata keçirilməsi vacibdir. Bu, həm də beynəlxalq aləmdə Azərbaycanın imicinin gücləndirilməsi üçün mühüm rol oynayacaqdır”, - deyə İ.Qoca bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...