Tarix: 16.09.2024 / 12:00
 Diaspor və XİN nümayəndələrinin əlaqələri olmalıdır   - Tofiq Abbasov

Diaspor və XİN nümayəndələrinin əlaqələri olmalıdır - Tofiq Abbasov

“Bu məsələ ilə bağlı mexanizmlər mövcuddur və eləcə də onlardan istifadə etməyin yolları da müxtəlifdir. İlk növbədə iki qurumun - diaspor təşkilatları və Xarici İşlər Nazirliyinin nümayəndələrinin əlaqələri olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, bu prosesdə dəqiq koordinasiya tələb olunur:

“Çünki ölkə olaraq Azərbaycanın özünün siyasi prioritetləri var. Amerika, Avropa, Cənubi Amerika, Asiya və s. burada müxtəlif spektrli yanaşmalar var ki, bunların da hər biri Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasından irəli gəlir. Birincisi, biz bildirmişik ki, Ermənistanı çıxmaq şərti ilə ətrafda olan dövlətlərin əksəriyyəti Azərbaycanla çox yaxşı münasibətlərdədir. Onlar hətta əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər”.

Politoloqun fikrincə, zaman dəyişdikcə çağırışlar da müxtəlif olur, risklər də artır:

“Digər tərəfdən də gündəmə gələn məsələlərin də mahiyyəti dəyişir. Ona görə adını çəkdiyimiz iki istiqamətdə fəaliyyət göstərən strukturların rəqabətlə deyil, həmkarlıqla münasibət qurması lazımdır. Onlar birmənalı şəkildə bir-birlərinə gərək dəstək versinlər, eyni zamanda da tamamlasınlar. Çünki biz görürük ki, düşmənlərimiz dünya çapında Azərbaycana qarşı qara piar kampaniyası aparır. Məsələn, 300 minə yaxın azərbaycanlı 1986-cı ildən 1991-ci ilə kimi Ermənistandan qovuldu. Onlar deportasiya, etnik təmizləmə qurbanlarıdır. Bu vaxt dünya danışmır, amma 30-32 min erməni Qarabağı tərk etdi, bütün dünya Azərbaycanın üzərinə qalxır ki, siz onları deportasiyaya məruz qoydunuz. Halbuki BMT-in iki missiyası burada iştirak edərək təsdiqləyib ki, burada deportasiyadan söhbət gedə bilməz. Bu etnik təmizləmə deyil, ermənilər öz xoşları ilə könüllü şəkildə köç etdilər”.

Politoloq hesab edir ki, bu Azərbaycana qarşı sistemli şəkildə işləyən mərkəzlərin olduğundan xəbər verir:

“Bu tək Fransa deyil, Amerika, Avropa İttifaqının daxilində də var. Bu proses Cənubi Amerikada güclü şəkildə formalaşır. Onların hər birində erməni icmaları var deyə mütəşəkkil tərzdə həm erməni təbliğatını gücləndirirlər, həm də anti-azərbaycan trendlərini... Ona görə də diaspor və diplomatik nümayəndələr Xarici İşlər Nazirliyinin sisteminin resurs bazası gərək qeyri-standart gedişlərdən istifadə etsin”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...