Tarix: 30.10.2024 / 18:55
Diaspor üzvlərinin pulsuz müayinəsi -    Həkimlərimiz və TƏBİB nə düşünür?

Diaspor üzvlərinin pulsuz müayinəsi - Həkimlərimiz və TƏBİB nə düşünür?

Xəbər verdiyimiz kimi, Latviya həkimləri qruplara bölünərək ayda bir dəfə Avropa ölkələrinə səfər edərək diaspor üzvlərini pulsuz müayinə edirlər. Bu daha çox Avropa ölkələrində tibbi müayinənin bahalığı ilə bağlıdır. Latviya hökuməti xaricdəki vətəndaşların qeydinə qalmaq üçün belə bir addım atıb. Bəs, Azərbaycandan olan həkimlər necə, xaricdə yaşayan minlərlə soydaşımzın pulsuz müayinəsini həyata keçirə bilərlərmi? Və yaxud da Avropanın müxtəlif ölkələrində yüzlərlə azərbaycanlı həkim çalışır. Bu həkimlər yaşadıqları şəhərlərdə soydaşlarımıza pulsuz müayinələr təşkil edə bilərlərmi?

Diaspora.TV bu sualla Azərbaycanda və xaricdə yaşayan həkimlərimizə müraciət edib.

Almaniyada Azərbaycanlı Həkimlərin Forumu (FAAD) və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) İdarə Heyətinin üzvü, tanınmış stomotoloq Nəriman Cabbarlı bildirib ki, 2021-ci ildə bu prosesə oxşar təşəbbüslər olub:

“İstər xaricdə yaşayan həkim soydaşlarımızın bir araya gəlib başqa ölkələrə və şəhərlərə səfər etməsi, istərsə də Azərbaycanda yaşayan həkimlərin qrupla xaricə gəlib soydaşlarımızı müayinə etmələri müəyyən qədər maddi vəsait tələb edir. Biz daha əvvəl Azərbaycana gedib, “Ailə Sağlamlıq” Mərkəzində Qarabağ əlillərini müayinə etmişdik. Mən stamatoloq kimi getmişdim, qrupumuzda başqa sahələrdə peşəkar olan həkimlər də var idi. Məsələn, avadanlıqların bəziləri getdiyimiz yerdə olsa da, bəzi alətlərin, tibii əşyaların aparılması zəruridir. Bu da əlavə maliyyə vəsaiti tələb edir. Əgər bu kimi xərclər qarşlınarasa, xaricdə yaşayan soydaşlarımız əminəm ki, bu prosesdə yaxından iştirak edəcəklər”.



Sosial-Strateji Tətqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, belə bir təşəbbüs olarsa, həkimlərimizin hansı ölkəyə gedib orada fəaliyyət göstərməsi də önəmli faktordur:

“Xaricdə yaşayan soydaşlarımzı müayinə və müalicə etmək üçün həkimlərin bir araya gəlməsində dövlət dəstəyinə ehtiyac var. Məsələn, həkimlərimizin orada qalması, günlük xərclərinin ödənməsi lazımdır. Məsələn, Almaniya - burada diaspor fəallarının müayinə və müalicəsinə ehtiyac yoxdur. Çünki elə Almaniyada kifayət qədər azərbaycanlı həkimlər var. Əgər belə bir təşəbbüs olarsa, düşünürəm ki, həkimlərimiz getmək istəyərlər, ancaq əsas məsələ hansı ölkəyə getməkdədir. Türkiyədə zəlzələnin, Ukraynada müharibənin olması və s. bu kimi ehtiyac olan ölkələr getmək lazım olarsa, ora üz tutmaqda fayda var. Həkimlərimiz gedib Amerikada və yaxud da Avropa ölkələrinin birində diasporları müayinə etməyindənsə bizə ehtiyac olan yerlərə üz tutmaq daha faydalı olar”.



TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova da məsələ ilə bağlı Diaspora.TV-yə açıqlama verib.

Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların tibbi təminatı hər zaman TƏBİB-in diqqətində olub, onların keyfiyyətli tibbi xidmət almasına maraqlıdırlar:


“Lakin bildiyiniz kimi, hər bir ölkənin özünəməxsus tibbi protokolları və səhiyyə qaydaları var ki, bu çərçivədə azərbaycanlı vətəndaşların da tibbi xidmət alması həmin ölkələrin özlərinin təşəbbüsü ilə həyata keçirilən məsələdir. Buna baxmayaraq, hər hansı bir tədbir çərçivəsində həm Azərbaycanda fəaliyyət göstərən, eyni zamanda elə tədbir keçirilən ölkədə məskunlaşan azərbaycanlı həkimlər tərəfindən hər hansı səyyar tibbi yardım aksiyası keçirilə bilər. Yəni bu istiqamətdə hər hansı bir addım atıla bilər. İstənilən halda hesab edirik ki, həm Avropanın, həm də digər əlkələrin səhiyyə sistemində islahatlar aparılır, onların tibbi xidmət vermə qabiliyyətləri kifayət qədər yüksəkdir. Azərbaycanlıların tibbi xidmətə əlçatanlılığını təmin etmək istiqamətində hər hansı bir məsələ və ya layihə olarsa, biz TƏBİB olaraq dəstək göstərməyə hazırıq”.



Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...