“Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Diaspor təşkilatları ilə koordinasiya Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Təəssüflər olsun ki, bu sahədə problemlər qalmaqdadır”.
Bu sözləri Diaspora.TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, müxtəlif ölkələrdə diaspor təşkilatları arasında koordinasiyanın olmaması, bir çox hallarda lazımi səviyyədə Azərbaycana qarşı çıxışların qarşısının alınmaması bu sahədə ciddi boşluqların və problemlərin olduğundan xəbər verir:
“Biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı hücumlar zamanı istər ABŞ, istərsə də Fransada və digər bizə dost olmayan təşkilatların aktlarının şahidi olduq. Düşmən tərəfinin idarə etdiyi həmin təşkilatlar Azərbaycanın haqq səsinə qarşı mövqe nümayiş etdirdilər. Bu prosesdə həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın zəifliyinə şahid olduq”.
Arzuxan Əlizadə bildirib ki, qarşıda bununla bağlı qanun layihəsinin qəbulu gözlənilir:
“Məlumdur ki, yanvar ayında Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu tərəfindən hökumətə və Milli Məclisə 33 bəndən ibarət təkliflər paketi təqdim olunub. İstənilən halda qəbul ediləcək qanun ayrı-ayrı ölkələrdə diaspor təşkilatlarının gücləndirilməsinə, onlar arasında koordinasiyanın bir qədər də möhkəmlənməsinə xidmət edəcəksə, mütləq mənada irəli sürülən təkliflərin layiqincə qiymətləndirilməsi vacibdir. Müxtəlif təkliflər, münasibətlər araşdırılmalı və yetkin bir sənəd ortaya qoyulmalıdır ki, gələcəkdə diaspor təşkilatları ilə bağlı boşluqlar aradan qalxsın”.
Jalə
Diaspora.TV