Tarix: 16.05.2024 / 08:58
Diaspor təşkilatının bir resursu mütləq olmalıdır-  Mətbuat Şurasının üzvü

Diaspor təşkilatının bir resursu mütləq olmalıdır- Mətbuat Şurasının üzvü

“Vaxtı ilə Azərbaycanda “Vətən” Cəmiyyətinin eyni adlı qəzeti fəaliyyət göstərirdi. Bu qəzet Xalq şairi Cabir Novruzun rəhbərliyi zamanında yaradılmışdı. Daha sonra bu təsisata Elçin Əfəndiyev rəhbərlik etdi”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, o dövrdə “Odlar yurdu” qəzeti də var idi və hələ sovetlər dövründə bir neçə dildə yayımlanırdı:

“Bu mətbuat orqanı müstəqilliyimizin ilk illərində dünya azərbaycanlılarının bir araya gətirilməsində, ən azından biri-birindən məlumatlı olmasında çox böyük töhfələr verirdi. Bu prosesin dalğasında, xüsusilə də MDB-nin əsasən böyük şəhərlərində mətbuat orqanları çap olunurdu, jurnallar var idi. Vaxtı ilə Sankt-Peterburq Cəmiyyətinin sədri olmuşam və bizim də belə bir qəzetimiz çap edilirdi. Digər diaspor qurumlarının da bir neçə ortaq nəşrləri var idi. Moskvada “Araz” dərgisi işıq üzü görürdü. Çox keyfiyyətli və peşəkar səviyyədə hazırlanan bir dərgi idi. Qənaətimə görə, indi də onları Azərbaycan mətbuatının ən yaxşı nümunələrindən biri kimi təqdim etmək olar. Onlar diaspor təşkilatlarının qəzetləri deyildilər”.

E.Mirzəbəyli vurğuladı ki, indi də ayrı-ayrı ölkələrdə belə nəşrlər var, amma mahiyyət etibarı ilə daha çox informativ xarakter daşıyır:

“Yəni, diaspor qurumlarının fəaliyyəti ilə bağlıdır. Ola bilsin ki, bunun əsas səbəblərindən biri diaspor təşkilatlarının daha çox sosial şəbəkələr üzərindən fəaliyyət göstərmələridir, öz məlumatlarını yaymalarıdır. Amma bütün hallarda diaspor təşkilatının ənənə olaraq bir resursu mütləq olmalıdır. Çünki istinad mənbəyi olaraq bu vacib faktorlardan biridir. Bəlli olduğu kimi diaspor təşkilatları haqqında da qeyri-obyektiv informasiyalar yayılır və onların dəqiqləşdirilməsi üçün zaman lazım gəlir. Amma təşkilatın özünün saytı və ya informasiya mənbəyi olarsa, konkret olaraq həmin mənbədən rəsmi məlumatı almaq daha asan olar. Bu aspektdən hesab edirəm ki, burada bir stimullaşdırıcı faktor da olmalıdır. Bir çağırış da edilə bilər. Çox yaxşı olardı ki, Dünya Azərbaycanlılarının növbəti qurultayında tövsiyə olaraq belə bir məsələ qaldırılsın və belə layihələrin həyata keçirilməsi, diaspor qurumlarının saytlarının açılması vacib amillərdən biri kimi təqdim olsun”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...