“Uzun müddət əsas məqsədimiz erməni yalanları və təbliğat maşınına qarşı əks təbliğat mexanizmi yaradaraq hər bir təbəqədə bu yalanların qarşısını almaq olub”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Moskvadakı Azərbaycan icmasının sədri Şamil Tağıyev deyib.
Onun sözlərinə görə, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı günü” və Qarabağ həqiqətləri mövzusunda bir çox tədbirlər keçiriblər:
“Yaşadığımız ölkədə erməni lobbisinin bizdən qat-qat güclü olmasına baxmayaraq, həm 44-günlük ikinci Qarabağ savaşı zamanı, həm də postmüharibə dövründə rəqiblərimiz üzərində üstünlük əldə edə bilmişik”.
Sədr vurğulayıb ki, diaspor fəaliyyətində qarşılaşdıqları ən böyük problem insanların diaspor anlamının həqiqətlə üst-üstə düşməməsidir:
“Diaspor təşkilatı insanların düşüncəsində limitsiz bir maliyyə mənbəyidir. Ömrü boyu diasporla maraqlanmayan bir vətəndaş çətinliyə düşəndə elə fikirləşir ki, onu bu çətinlikdən çıxartmaq diaspor təşkilatının borcudur. Belə misallar çox gətirmək olar, amma qısa olaraq onu deyə bilərəm ki, diaspor təşkilatı ilə millət arasında böyük anlaşılmazlıq var, bu anlaşılmazlıq isə əsasən millət tərəfindəndir”.
Həsən Hüseynov
Diaspora.TV