“Fikrimcə, dünyada diaspor rəhbərlərinin bir yumruq altında birləşməsinin tam zamanıdır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Kanadada fəaliyyət göstərən Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyətinin sədri, psixoterapevt Kəmalə Şiriyeva deyib.
K.Şiriyevanın sözlərinə görə, koordinasiyada keyfiyyət dəyişikliyi görmək istəyiriksə, bu proses diasporların birləşməsindən asılıdır:
“Çünki 44 günlük müharibə dövründə ön və arxa cəbhələrdə birləşməyimiz və qələbəmiz bunun bariz nümunəsidir. Vahid və böyük Azərbaycan naminə biz azərbaycanlılar birləşəriksə, yaxın gələcəkdə dünyada ən güclü diaspor koordinasiyamız olar”.
Diaspor sədri əlavə edib ki, Kanada Azərbaycanlıları Şəbəkəsi bu istiqamətdə inkişaf edir:
“Xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı olarsa, onun idarəetmə məsələləri planlı şəkildə ictimai və siyasi mövqedə şaxələnərək böyük müvəffəqiyyətlər əldə edilə bilər. Nəyinki yaşadığımız ölkənin ictimai-siyasi işlərində Azərbaycan naminə müvəffəqiyyətlər əldə etmiş olarıq, həm də məmləkətimizin inkişafında bilavasitə iştirak edə bilərik”.
“Xaricdə yaşayan hər bir azərbaycanlının müstəsna potensialını (təhsil, turizm, tədqiqat, biznes sahələrində) düzgün istiqamətləndirərək “Yurduma dəstək” şüarı altında fərdi və birgə işlərə yönəltməliyik. Xarici iş adamlarının Azərbaycan iş adamları ilə birgə çalışması üçün sərmayələr qoyulmalıdır. Təhsil üzrə mübadilə proqramı ilə bağlı müxtəlif qrantların ayrılması vacibdir. Azərbaycan şəhərləri ilə yaşadığımız ölkələrin şəhərləri arasında rəsmi dostluq münasibətlərini genişləndirməli, turizm sahəsində geniş və əlverişli planlar üzərində işləməliyik. Azərbaycan məktəblərində təhsil alan soydaşlarımızı Kanadada yay düşərgələrinə göndərmək də fayda verər”,- deyə cəmiyyət rəhbəri bildirib.
Xəyalə Zöhrab
Diaspora.TV
Nermin Axundova
Vetenperver ziyalimiz kemale xanima bu işde ugur arzu edirem
26 İyul 2024 11:59