Tarix: 11.08.2024 / 09:00
Diaspor quruculuğunda təşkilatlanma:  Güneylilərin fəallığı

Diaspor quruculuğunda təşkilatlanma: Güneylilərin fəallığı

Ötən sərin 90-cı illərində daxildəki milli hərəkatın təsiri ilə ölkədən kənarda fəaliyyət göstərən çoxsaylı ictimai-siyasi, milli-mədəni qurumların təşkilatlanması davam edir, yeni birliklər yaranırdı. Belə qurumlardan ikisi İsveçdə yarandı - Azərbaycan Türk Dərnəkləri Birliyi və Azərbaycan Federasiyası İsveç (AFİ).

Birinci qurumun əsas məqsədi öz əksini onun Nizamnaməsində tapmışdı:

“El gücü, sel gücü” anlayışı İsveçdə yaşayan Azərbaycan türkləri içərisində artıq öz yerini almışdı. İsveçdə yaşayan Azərbaycan türkləri öz səslərini dünyaya daha düzgün, daha güclü çatdırmaq üçün 1 fevral, 1998-ci ildə birlik yaratdılar. İkinci qurum - AFİ İsveçdə fəaliyyət göstərən milli təşkilatlar tərəfindən 1998-ci ildə təsis edilib.

AFİ ölkə üzrə milli təşkilatların əksəriyyətini (“Durna”, “Ulduz”, “Azlink”, “Günəş”, “Ərk”, “Savalan”, “Azərbaycan Dostluq”, “Yanan”, “21 Azər”, “Təbriz”, “Akademik Linşopinq”, “Azər” və başqa təşkilatları) özündə birləşdirə bilib.

Təşkilatın məqsədi Azərbaycan mədəniyyətini, tarixini, dilini, adət-ənənələrini yaşatmaq, Qarabağ və digər bölgələrin işğalını, Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların problemlərini ölkə ictimaiyyətinə, eləcə də İsveçdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və dövlət strukturlarına çatdırmaq idi. Bu qurum siyasi, ideoloji və dini bağlılığı olmayan, açıqlıq prinsipləri və İsveç qanunları çərçivəsində çalışan demokratik bir təşkilat idi.

1999-cu ildə Avropadakı demokratik ruhlu azərbaycanlılar onların arasında həmrəylik və işbirliyini inkişaf etdirmək məqsədilə yaşadıqları ölkələrin hüquq sisteminə uyğun olaraq yeni bir koordinasiya təşkilatı yaratdılar. Əvvəlcə 1999-cu il, iyulun 26-da Bakıda Almaniyadakı federasiyaya üzv olan cəmiyyətlərlə yanaşı üzv olmayan cəmiyyət və şəxslərin iştirakı ilə yığıncaq keçirilmişdi. Bu yığıncaqda bundan öncə Bonnda keçirilmiş toplantıda (22 may, 1999-cu il) hazırlanmış və qəbul edilmiş konfederasiyanın ilkin Əsasnamə layihəsi çərçivəsində hansı mövzulara üstünlük verilməsi və 1999-cu il, avqustun 21-22-nə təyin edilmiş qurultay haqqında danışıqlar aparılmışdı. Təyin olunduğu vaxt keçirilən qurultayı Almaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətləri Federasiyası İdarə Heyətinin üzvləri doktor Həsən Ciddifər, mühəndis Firidun Pərvizniya və doktor Nurəddin Qərəvi açmışdılar. Burada konfederasiyanın Əsasnamə layihəsi toplantının müzakirəsinə verilmiş və Avropadakı Azərbaycan Cəmiyyətləri Konfederasiyası yaradılmışdı. Bu qurum mütəşəkkil şəkildə fəaliyyət göstərmək, İran daxilində gedən mübarizəyə dayaq durub xalqın problem və dərdlərini, istəklərini dünya ictimaiyyətinə açıqlamaq, daxildəki mübarizəyə hər cür maddi-mənəvi yardım göstərmək və Azərbaycan xalqının tarixində yaranmış bu yeni mərhələ üçün günün vacib vəzifəsini icra etmək məqsədilə təsis edilmişdi.

Qeyd etdiyimiz iri birliklərlə yanaşı yeni təşkilatlar da yaranırdı. 2001-ci ildən fəaliyyətə başlamış “21 Azər” təşkilatı 2004-cü ildə öz proqramını qəbul etmişdi. Proqrama görə, təşkilatın son məqsədi Azərbaycan Milli Hökumətini bərpa etməkdən ibarət idi. Bunun üçün İranın “bərabərhüquqlu millətlər birliyi”nə, yəni milli dövlətlər birliyinə çevrilməsi, ölkənin milli ərazi vahidlərinə bölünməsi - İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi zəruri hesab olunurdu. Bu təşkilat qarşısına qısamüddətli (taktiki) və uzunmüddətli (strateji) məqsədlər qoymuşdu.

Yuxarıda qeyd olunan strateji hədəf bir qədər də dəqiqləşdirilir və proqramda göstərilirdi ki, İranda bəlli ərazidə yaşayan və çoxluq təşkil edən millətin milli dövləti bəlli ərazidə mövcud olsa da azlıqda qalan millətlərə mədəni muxtariyyət haqqı rəsmən tanınmalıdır. Taktiki hədəf assimilyasiya siyasətinə son qoyulmasını, Ana dilində təhsilin təmin edilməsini əsas vəzifə kimi müəyyən edirdi. Təşkilatın əsas orqanı “21 Azər” dərgisi bir müddət nəşr olunmuşdu.

2002-ci ildən etibarən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH, Güney Azərbaycanda yaranıb) xaricdə nümayəndəlikləri və təmsilçilikləri açılmışdı və 24 bürosu fəaliyyət göstərirdi. Artıq GAMOH beynəlxalq təşkilat kimi tanınırdı: BMT, Avropa Birliyi, Avropa Parlamenti onu tanıyırdı.

Xaricdə fəaliyyət göstərən digər təşkilat Azərbaycan Demokratik Firqəsi idi. Qurumun proqramında İranın ərazi bütövlüyü və müstəqilliyini müdafiə etdiyi Azərbaycana geniş muxtariyyət verilməsi tələbi əks olunmuşdur. Həmçinin sonuncu tələb dəqiqləşdirilmiş və Azərbaycan Milli Məclisi, müxtəlif səviyyəli əncümənlər təşkil edilməsi, Azərbaycan dilinin Azərbaycanda dövlət ili elan edilməsi, fars dilinin millətlərarası dil kimi işlənməsi zəruri tədbirlər hesab edilmişdir.

2003-cü il, martın 21-də İsveçdə Əli Rza Avşar və Mir Musa Haşimi tərəfindən Azərbaycan Milli Cəbhəsi yaradıldı. Təşkilatın proqramı 12 maddədən ibarət müraciətdə əks olunmuşdur. Burada:

1. tarixi torpaqlarda milli quruluşun (siyasi sistemin, parlamentin, icra hakimiyyətinin, məhkəmənin) yaradılmasının;

2. müstəqil millətin öz dilini, tarixini, mədəniyyətiniqoruyub saxlamasının vacibliyi qeyd olunur.

Həmin sənədlə yanaşı yerləşdirilmiş Azərbaycan Milli Cəbhəsinin Fərmanının A bəndində göstərilir ki, “məqsəd Azərbaycanı assimilyasiya durumundan qurtarmaqdır, bunun üçün milli hüquqlar qorunmalı, hamının seçim haqqı tanınmalı, milli quruluşlar bərpa edilməlidir”.

Siyasi proqram adlandırılan B bəndində “vətənpərvərlik, azadlıq, tərəqqixahlıq, ədalətpərvərlik” ideyaları əks olunmuşdur. Fərmanın B bəndinin 1-ci paraqrafında Güney Azərbaycanın tarixi sərhədlər daxilində ərazi bütövlüyünün tanınması, milli dövlətin qurulması və varlığının müdafiə olunmasının zəruriliyi vurğulanır. 2-ci paraqrafda isə azərbaycanlıların öz talelərini özlərinin seçməsi məsələsində azad olduqları bəyan edilir. 3-cü paraqrafda azərbaycanlıların öz müqəddəratını yalnız öz iradələri ilə təyin etmələrinin vacibliyi qeyd olunur. 6-cı paraqrafda Azərbaycan türk dilinin milli və rəsmi dil olması tələbi irəli sürülür. Beləliklə, əgər Avropa və ABŞ-ın yerli şəraiti və mühitinin özünəməxsusluqlarından irəli gələn cüzi fərqlər nəzərə alınmazsa, burada yaranan təşkilatlar və iri birliklər arasında elə bir prinsipial fərq yox idi. Onların məqsədləri eyni idi və bu planlar vahid bir xətt üzərində cənubi azərbaycanlıların məsələlərini dünyaya tanıtdırmaq istiqamətində qurulurdu. Əvvəllər dağınıq fəaliyyət göstərən ayrı-ayrı mütərəqqi milli qurumların, qüvvələrin bütün təşəbbüslərinin konkret təşkilat, mərkəzlərin hüdudları ilə məhdudlaşdırılması ənənələri daha qabaqcıl iş üsulları ilə - həmrəylik və əməkdaşlıq prinsipləri ilə əvəz olundu, eləcə də konkret əməli fəaliyyət proqramının işlənib hazırlanması istiqamətində mühüm irəliləyişlər oldu.

Mədəni sferadan siyasi sferaya keçid baş verdi.

Yeganə Hacıyeva

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər

Yaz...