Tarix: 05.06.2024 / 09:19

Diaspor Qərbi Azərbaycana qayıdışı necə təbliğ etsin: Nə yol xəritəsi var, nə də vəsait?!

Diaspora.TV-nin gündəmində Qərbi Azərbaycana qayıdışın təbliğində diasporun rolu müzakirə olunub. Verilişin qonağı isə tanınmış hüquqşünas, Dərələyəz icmasının üzvü Səməd Vəkilov olub.

S.Vəkilov Qərbi Azərbaycana qayıdış, Dərələyəz icmasının bu istiqamətdə fəaliyyəti, eyni zamanda xaricdə yaşayan Qərbi azərbaycanlıları bu prosesə cəlb etmək istiqamətində fikirlərini bölüşüb.

Qonaq qeyd edib ki, Dərələyəz icması bütövlükdə Qərbi azərbaycanlıların hərəkatının tərkib hissəsidir:

“Proses başlayan zaman ən birinci təşkilatlanan icmalardan biri də Dərələyəz icması oldu. Dərələyəzin əhalisi Azərbaycanın bir çox rayonunda məskunlaşıb. Xaricdə də kifayət qədər əslən dərələyəzli soydaşlarımız var”.

S.Vəkilov bildirib ki, bu prosesdə təkcə Qərbi azərbaycanlılar deyil, bütövlükdə Azərbaycan xalqı fəal iştirak etməlidir:

“Həm də təkcə xaricdə yaşayan Qərbi azərbaycanlılar deyil, bütövlükdə Azərbaycan diasporu bu istiqamətdə tədbirlər keçirməli və bu prosesi sürətləndirmək üçün çalışmalıdırlar”.

S.Vəkilov əlavə edib ki, Azərbaycan diasporu unutmamalıdır ki, qarşılarında güclü maliyyə dəstəyi olan erməni diasporu var:

“Bu səbəbdən Azərbaycan diasporu daha dəqiq və güclü arqumentlərlə çıxış etməlidir. Diasporamız koordinasiya halında əməkdaşlıq etməlidirlər. Birgə fəaliyyət nəticəsində uğurlu yol xəritəsi də çizmək olar”.

İcma üzvü həmçinin bu istiqamətdə aidiyyatı qurumların diasporun yol xəritəsini hazırlamalarını, Qərbi Azərbaycandan deportasiyanı özündə ehtiva edən kitabların müxtəlif dillərə tərcümə edilib bir sıra ölkələrin kitabxanalarına göndərmələrinin zəruriliyini qeyd edib.

Şərhlər

Nasir Qurbanlı

Niyaz müəllim verilişləriniz Əladı davamı gəlsin Biz sizi izləyirik New-york şəhərindən əladı

05.06.2024 / 12:25

Yaz...