Tarix: 08.08.2024 / 10:33
Diaspor nümayəndəsi həm də bir diplomat olmalıdır   - Hikmət Babaoğlu

Diaspor nümayəndəsi həm də bir diplomat olmalıdır - Hikmət Babaoğlu

“Hazırda qloballaşan dünyada inteqrasiya prosesləri o qədər dərinləşir ki, milli maraqları təmin etmək üçün yeni-yeni vasitələrə ehtiyac yaranır. Bəzən klassik diplomatiyanın nüfuz edə bilmədiyi sahələrdə digər vasitələrin, alət və mexanizmlərin tətbiqi zərurəti yaranır. Bu mənada diaspora həm dövlətlərarası münasibətlərdə, həm də bir dövlətin maraqlarının qorunması və yaxud da həyata keçirilməsi kontekstində mühüm mexanizmlərdən biri olub”.

Bu sözləri Diaspora.TV-yə millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu hesab edir ki, diaspora bir ölkə vətəndaşlarının digər ölkədə yaşaması, məskunlaşması, onun ictimai-siyasi həyatda müəyyən rol oynaması hadisəsidir:

“Əgər bu gün Azərbaycan diasporu dünyanın çoxsaylı ölkələrində mövcuddursa, onlar həm Azərbaycan mədəniyyətini təmsil edir, həm də Azərbaycanla vətəndaşı, yaxud da məskunlaşdığı ölkələr arasında etibarlıq körpüsü rolunu oynaya bilirlər. Ona görə də hər bir diaspora nümayəndəsi həm də bir diplomat olmalıdır. Özünü yaşadığı ölkədə Azərbaycanın qeyri-rəsmi səfiri kimi aparmalı və Azərbaycanın maraqlarını qorumalıdır”.

Hikmət Babaoğlu bildirib ki, bunun üçün dövlət tərəfindən diasporların təşkilatlanması çox vacibdir:

“Azərbaycan bunu edir. Diaspora nümayəndələrinin xüsusi hazırlığı olmalıdır. Onlarla xüsusi iş aparılmalıdır ki, bu da Azərbaycanda həyata keçirilir. Amma bununla bərabər başqa bir Azərbaycanın yaratdığı ənənə var. Vaxtaşırı dünya azərbaycanlılarının qurultayları keçirilir. Orada birbaşa Azərbaycan Prezidenti xaricdə yaşayan azərbaycanlılarla ünsiyyətdə olur, bir növ dövlətimizin həyata keçirdiyi siyasətlə bağlı onları məlumatlandırır. Əldə etdiyimiz nailiyyətlərin hesabatını onlara da təqdim edir. Nəticə etibarı ilə onlar da Azərbaycan xalqının nümayəndələridir. Belə görüşlərin birində Azərbaycan Prezidentinin çağırışı da olmuşdu: “Hər bir diaspora nümayəndəsi öz ailəsi ilə birlikdə ildə bir dəfə Azərbaycan gəlməlidir”. Yəni vətəndən kənarda dünyaya gələn yeni nəslin azərbaycanlılarını övladlarının da vətənə bağlılığı mədəniyyətimizlə birbaşa ünsiyyəti də zəruri hadisədir. Azərbaycan Prezidentinin çağırışının kökündə bu dayanır”.

H.Babaoğlu hər bir diaspor nümayəndəsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...