Tarix: 27.09.2024 / 13:27
Diaspor nümayəndələri Xankəndi və Şuşaya     səfər ediblər

Diaspor nümayəndələri Xankəndi və Şuşaya səfər ediblər

Xaricdə yaşayan və hazırda Vətəndə olan diaspor nümayəndələrinin Xankəndi və Şuşaya səfəri baş tutub.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində sayca 13-cü dəfə gerçəkləşən səfərdə dünyanın 16 ölkəsindən 50 diaspor nümayəndəsi iştirak edib.

Qonaqlar əvvəlcə Xankəndi şəhərində olublar. Xankəndində inzibati binanın qarşısında 27 Sentyabr – Anım Gününün 4-cü ildönümü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Vətən torpaqlarının azadlığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürlərini bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.

Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşən diaspor nümayəndələri Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Gəncə Qapısını, “Güllələnmiş heykəllər”in yerləşdiyi meydanı və digər görməli yerləri ziyarət ediblər. Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər. Kanadadan olan soydaşımız Səməd Purmusəvinin sazda canlı ifası böyük maraqla qarşılanıb və ziyarəçilərə duyğulu anlar yaşadıb.

Xankəndində, Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olan soydaşlarımız bu cür səfərlərin mütəmadi təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Şərhlər

Yaz...