Tarix: 02 İyul 2024 10:10 | Baxış sayı: 1361
DİASPOR MİRASIMIZ NİYƏ SATILIB?   - VİDEO

DİASPOR MİRASIMIZ NİYƏ SATILIB? - VİDEO

Diaspora.TV-də müəllifi olduğum sonuncu “Müzakirə vaxtı”nda “Diasporlaşma hərəkatı niyə ləng gedir?” mövzusu müzakirə olundu. Mövzuya hazırlaşan zaman Azərbaycanın ilk diaspor təşkilatlarını araşdırmaq qərarına gəldim. Bəlli oldu ki, Azərbaycan adında ilk təşkilatlar - 1947-ci ildə Ankarada Azərbaycan Kültür Cəmiyyəti və daha sonra 1957-ci ildə ABŞ-da yaradılan Amerika-Azərbaycan Cəmiyyəti olub. Hər iki təşkilat ətrafında araşdırmanı daha da genişləndirdim və sonrakı aqibətlərindən məyus oldum. Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin sonrakı fəaliyyəti ilə bağlı qismət olsa başqa bir zaman yazacağam. Diqqətimi daha çox cəlb edən Amerika-Azərbaycan Cəmiyyətinin 2019-cu ilədək olan aktiv fəaliyyəti və ondan sonrakı acınacaqlı taleyi oldu.

BÖYÜK KİŞİLƏRİN BÖYÜK ÜRƏYİ

Amerikada fəaliyyət göstərən ilk diaspor təşkilatımız Amerika-Azərbaycan Cəmiyyəti 1957-cı ildə (bəzi mənbələrə görə 1956-cı il) Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri olmuş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı tərəfindən təsis edilib, Azərbaycan icmasını bir araya məhz o böyük adam toplayıb. Bir az sonra - 1972-ci ildə Nyu-Cersi ştatında Cəmiyyət üçün geniş və böyük otaqlardan ibarət tarixi bir ev - malikanə satın alınır, köşkün həyətində məscid də inşa olunub.



Bu ev Amerikada yaşayan mühacir soydaşlarımızın topladığı ianələr hesabına 11000 ABŞ dollarına alınıb. Prosesdə ll Dünya müharibəsindən sonra əsir düşərgəsindən qayıdıb Amerikaya sığınanlar, 1920-ci ildə Cümhuriyyət dağılarkən Amerikada məskunlaşmağa qərar verən mühacirlər yaxından iştirak edib (Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-a gedib. Daha sonra İkinci Dünya Müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-a mühacirət edib. Onların təxmini sayı 250-300 nəfər olub. Həmin dövrlərdə azərbaycanlılar ən çox Nyu-York ştatında yaşayıblar). Köşkün alınmasına kimisi 10, kimisi 50, kimisi də 100-200 dollar ianə edib. Sonradan Amerika-Azərbaycan Cəmiyyətinin yerləşəcəyi evi bir nəfərin adına sənədləşdirilməsi lazım gəlib. Qərara alınıb ki, bu ideyanın müəllifi Saleh bəy Şeyxzamanlı olduğu üçün Cəmiyyətin yerləşdiyi ev də onun adına sənədləşdirilsin.



İllər keçir və biz Amerika-Azərbaycan Cəmiyyətinin sükanı arxasında Tomris Azəri adlı xanımı görürük. Kollec təhsilli, Azərbaycan sevdalısı olan Tomris Azəri bioloji və mənəvi babalarının mirasına sahib çıxaraq Amerika-Azərbaycan Cəmiyyətini yaşatmağa qərar verir.

Sovetlər dağılır, Azərbaycan müstəqil olur, yollar açılır və bir gün Tomris Azəri Bakıya - Dünya Azərbaycanlılarının ilk Qurultayına dəvət olunur, rəsmi və qeyri - rəsmi görüşlər keçirir, bir sözlə həm dövlət, həm qeyri-dövlət, həm də mediamızın sevimlisinə çevrilir. Tomris Azəri Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevlə hər görüşündə qayğı, diqqət görür, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunur.

“Mən onlardan hər zaman hörmət gördüm. Heydər Əliyev ilk dəfə Amerikaya gələndə hamı ilə görüşdü, onları Azərbaycana dəvət etdi. 2001-ci ildə Dünya Azərbaycanlılarının ilk Qurultayına dəvət aldım, çıxış etdim”, - müsahibələrinin birində deyir Tomris Azəri...

NAZİM İBRAHİMOVUN DAĞIDICI DİASPOR SİYASƏTİ

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov Bakı səfərlərinin birində Tomris Azəriyə guya Prezidentin ona ev hədiyyə etdiyini bildirir. Tomris xanım “Azərbaycan mənim evimdir” deyib etiraz edir, N.İbrahimov isə israrla “Prezident verib, almalısınız” deyir. Lakin aradan 7-8 il keçir, verilən ev ortada olmur. Bu hadisədən sonra Tomris Azəri evə görə deyil, aldadıldığı üçün məyus olur, N.İbrahimovun ona evlə bağlı verdiyi kağız parçasını geri - onun özünə qaytarır.

Oliqarx məmur təfəkkürü ilə dövlətin böyük bir qurumunu idarə edən N.İbrahimov Tomris Azərinin hər hansı bir addım atacağından ehtiyat edərək münasibətləri daha da gərginləşdirir. Özünü təmizə çıxarmaq istəyən N.İbrahimov yandaş mediasının əli ilə Tomris Azəri haqqında yalan informasiyalar dövriyyəyə buraxır, onu Azərbaycana qarşı düşmən kimi göstərir.



Təəssüf və təəccüb içində olan Tomris Azəri özünə qarşı olan bu hücumlardan sonra deyir:

“Mən buna layiq deyildim. Mənim haqqımda yalan xəbərlər, yalan raporlar yazaraq, insanları birləşdirmək yerinə böldülər və yalanları ilə gerçək dəstəkçilərini də itirirdilər. Bu bəziləri tərəfindən hazırlanan “Böhtan planı” idi. Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimov mən də daxil olmaqla, onlarla bir yerdə olmayanları, istədiklərini, söylədiklərini yerinə yetirməyənləri düşmən elan etdi. Nə yazıq ki, mən də bu şəkildə onların “düşmən siyahısı”na düşdüm. Nə yazıq ki, ən böyük düşmənlərim öz xalqımın içindən çıxdı və bundan çox üzgünəm”.

Bəli, nə yazıq ki... Eyni ssenari bu gün də davam edir, həm ölkədə, həm də ölkədən kənarda Diasporla İş üzrə Dövlət Komitəsi ilə bir yerdə olmayanlar müxtəlif təzyiqlərə məruz qalırlar.

CƏMİYYƏTİN YERLƏŞDİYİ EV NİYƏ SATILDI?!

N.İbrahimovdan sonra komitəyə rəhbərlik edən Fuad Muradov Tomris Azəriyə zəng vuraraq əlaqələri bərpa edir. Hətta bir sıra tədbirlərin və layihələrin maliyyələşdirilməsi üçün Komitə tərəfindən Amerika-Azərbaycan Cəmiyyətinə vəsait də ayrılır. İlk vaxtlar hər şey yolunda getsə də sonralar münasibətlərdə soyuqluq yarandığı iddia olunur.

İddiayaya görə, Diasporla İş üzrə Dövlət Komitəsinin hazırkı rəhbərliyinin Tomris Azəri ilə münasibətlərinin pozulması 2017-2018-ci illərdə yaranması gündəmdə olan koordinasiya şurası səbəb olur. Məlum olduğu kimi F.Muradov komitə sədri təyin olunandan az sonra müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını koordinasiya qurumları adı altında birləşdirməyə başlamışdı. Amerikada da eyni ssenarinin hazırlandığını eşidən T.Azəri F.Muradovun yeni yaranan koordinasiya şurasına başqasını rəhbər təyin edəcəyi fikri ilə razılaşmayıb. Amma buna baxmayaraq 20 noyabr, 2018-ci ildə Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağı keçirilib. Tədbirdə Tomris Azəri də iştirak edib. Koordinasiya Şurasına Nyu Cersi ştatı üzrə əlaqələndirici isə Azərbaycan Amerika Qadın Assosiasiyasının sədri Minəvvər Vahabova təyin olunur.



Bu hadisələrdən sonra Amerika-Azərbaycan Cəmiyyətinin saxlanılması üçün Tomris Azərinin Bakıdan vəsait tələbi təmin olunmayıb, onun Diasporla İş üzrə Dövlət Komitəsinə davamlı müraciətinə cavab verilməyib.

“Heç bir cavab verilmədi, cəmiyyətin yerləşdiyi evin 43 min dollar borcu yarandı, borca görə binanı əlimizdən almaq istəyirdilər. İki həftəyə həmin pulu toplayıb borcu bağladıq”, - deyə T.Azəri mediaya müsahibəsində bildirib.

Və ev 2019-cu ildən etibarən Amerika-Azərbaycan Cəmiyyəti deyil, başqa bir təşkilatın adı altında satışa çıxarılır və sözügedən ərazidə nəhəng bir binanın inşa ediləcəyi qeyd olunur.

Tomris Azəri hələ 2019-cu ildə mediaya müsahibəsində cəmiyyətə məxsus evi satdığını və həmin vəsaiti dərnəyə (cəmiyyətə) aid bir bank hesabında saxladığını da təsdiqləmişdi:

“Cəmiyyətin yerləşdiyi evi 250 min dollara satdıq. Bu pula heç kəs toxuna bilməz. İstədik ki, daha yaxşı bir yerdən ev alaq. Ancaq o məbləğə almaq mümkün olmadı. Biz da düşündük ki, işğaldan azad olunmuş ərazilərdə məktəb açaq”.


Diaspora.TV olaraq Tomris Azəri ilə əlaqı saxladıq (yazışdıq). Tomris xanım müsahibə vermək istəmədi:

“Sağ olun, mən belə şeyləri sevmirəm və istəmirəm. Fəaliyyətimiz bir neçə cümləyə sığmaz”.

Ədalət naminə qeyd edək ki, sonrakı proseslər Fuad Muradovun T.Azəriyə qarşı heç də qərəzli olmadığını göstərir. Belə ki, 2022-ci ilin iyun ayında ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Türk Evində (?!) 28 May - Müstəqillik Günü və Azərbaycan-Amerika Cəmiyyətinin 65 illiyi münasibətilə tədbir keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 65 illik yubileyi münasibətilə Azərbaycan-Amerika Cəmiyyətini təbrik edib. Təşkilatın rəhbəri Tomris Azəri isə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

2022-ci ilin sentyabr ayında isə Fuad Muradov Tomris Azərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb, ona “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını təqdim edib.



KİMDİR GÜNAHKAR?

Bəli, kimdir günahkar: Azərbaycanlıların ianəsi hesabına alınan mülkü satan Tomris Azəri, yoxsa o mülkün saxlanılması, təmiri üçün xərcləri ödəyə bilməyən Diasporla İş üzrə Dövlət Komitəsi?!

Yuxarıda qeyd etdiyimiz kimi, Amerika - Azərbaycan Cəmiyyətinə məxsus mülk satılmazdan əvvəl Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət olunub, sədr Fuad Muradovdan yeni bina almaq üçün daha çox vəsait istənilib. Komitə də haqlı olaraq o böyük vəsaiti ödəməkdən imtina edib. Axı niyə də ödəsin, ən yaxşı halda mövcud olanı təmir etmək olardı. Binanın həqiqətən də restavrasiyaya ehtiyacı olub, təəssüf ki, komitə rəhbərliyi vaxtında “daşın altına əlini qoymayıb”. Və Tomris xanım da çıxış yolunu köşkü satmaqda görüb.

Maraqlıdır, hazırda çox sürətlə və dövlət vəsaiti hesabına açılan Azərbaycan evlərinə böyük pullar xərcləyən Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-dakı o qədim tarixi evə - mirasa niyə sahib çıxmayıb? Ən azı satılmasına mane ola bilərdilər. Axı o ev təkcə bir cəmiyyətin yerləşdiyi köşk deyildi, həm də Azərbaycan adına dünyada yaradılan ilk təşkilata şahidlik edən tarixi bina idi. Mühacir soydaşlarımızın 10, 20, 100 dollar ianələri hesabına alınan o evə sahib çıxıb Azərbaycanın mülkiyyəti kimi saxlamaq olmazdımı?

Olardı, hər şey olardı... Bu dünyada nələr olmur ki?!

N.Niftiyev
Diaspora.TV


Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs