“Azərbaycan həqiqətlərinin yaşadığımız bölgələrdə tanıdılması üçün regional tədbirlərdə bunu diqqətə çatdırırıq”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyi Nəzarət-Təftiş Komissiyasının sədri Dr. Rza Məmmədov deyib. Onun sözlərinə görə, bundan başqa Azərbaycan tarixini, xüsusi ilə Cənubi Qafqaz və Türk dünyasında yeri və vacibliyi haqqında filmlər nümayiş etdirilir:
“Həmçinin azərbaycanlı və o cümlədən əcnəbi olub Azərbaycan haqqında tədqiqat aparan alimləri cəlb edərək konfranslar təşkil edirik. Qeyd edim ki, milli və mədəni dəyərlərimizə sahib çıxmaq adına afişalar, səhnələşdirilmiş tədbirlər təşkil olunur. Buna ən yaxşı nümunə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan Cümhuriyyəti Beynəlxalq Konqresini göstərmək olar”.
O, qeyd edib ki, diaspor fəaliyyətində ən böyük problem gənc nəslin birlik və bərabərlik istiqamətində müəyyən fəaliyyətlərə cəlb edilməməsidir...
“Bu problemi gənclərimizin böyük bir qisminin təhsil alan statusunda olması ilə əlaqələndirmək olar. Belə ki, gənclərin dərs yükü bəzən digər fəaliyyətlərlə məşğul omağa imkan vermir. Bundan başqa diaspor fəaliyyətinin həyata keçirilməsində qarşılaşdıqları bir problem də maliyyə çətinliklərinin olmasıdır”.
R.Məmmədov vurğuladı ki, ələlxüsus Azərbaycan həqiqətlərinin tanıdılması üçün diasporun media fəaliyyəti önəmlidir:
“Bunu nəzərə alaraq biz "Üç Çizgi" adında jurnal təsis etdik. Dünyanın istənilən ictimai-siyasi nüfuzu olan şəhərlərində diasporun media fəaliyyətlərini artırması daha vacib olduğunu düşünürəm. Buna misal kimi, radio kanallarında, yerli qəzetlərdə diaspor nümayəndələrinin çıxışları, yazıları və ya Eskişehir Azərbaycanlılar Dərnəyinin etdiyi kimi yerli kanalda həftəlik bir proqram ola bilər”.
Həsən Hüseynov
Diaspora.TV