“Diaspor qurumları arasında işin səmərəliliyinin artırılması istiqamətində zaman-zaman təkliflərimiz olub. Bu prosesin daha səmərəli təşkili üçün Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xarici İşlər Nazirliyində baş idarə kimi fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı”.
Bu sözləri Diaspora.TV-yə politoloq Taleh Əliyev deyib.
T.Əliyev bildirib ki, bu gün Azərbaycanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səfirlikləri ilə Diaspor Komitəsinin birgə fəaliyyəti qənaətbəxş hesab edilmir:
“Diaspor Komitəsi Xarici İşlər Nazirliyinin tebeliyində baş idarə statusunda olarsa, diasporla dövlətin daha tez inteqrasiyasına səbəb olar”.
Politoloq bu gün azərbaycanlıların dünyanın bütün qitələrində məskunlaşdığını önə çəkib:
“Uzun illərdir ki, xaricdə yaşayan Azərbaycan diasporları ilə iş aparan komitə mövcuddur. Müəyyən işlər görülür, böyük tədbirlər keçirilir. Xüsusi ilə Azərbaycan üçün tarixi baxımdan ələmətdar günlərin qeyd edilməsi və s. İkinci Qarabağ müharibəsinə kimi rayonların işğal günləri, Xocalı soyqırımı, 20 Yanvar günləri ilə bağlı demək olar dünyanın bir çox ölkələrində tədbirlər keçirilirdi. O cümlədən Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı və 28 may cümhuriyyətin elan olunması ilə bağlı komitə ilə birgə tədbirləri həyata keçirilir. Hesab edirəm ki, hər bir ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliklərindən diaspora ilə iş aparan məsul bir şəxs olarsa Azərbaycan həqiqətləri dünyanın əksər ölkələrinə yayılar”.
Jalə
Diaspora.TV