Tarix: 24.10.2024 / 14:05
Diaspor Komitəsi o xəbəri saytından niyə çıxardı?     - Təfərrüat

Diaspor Komitəsi o xəbəri saytından niyə çıxardı? - Təfərrüat

Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi veb səhifəsində Aygün Səmədova adlı soydaşımıza məxsus zərgərlik məhsullarının Fransada nümayişi barədə xəbərə rast gəldik. Xəbərdə zərgər-dizayner olan həmyerlimizin keçirdiyi tədbir barədə ətraflı yazılsa da, boy-boy fotolar verilsə də, 1 saatdan sonra material saytda və komitənin sosial şəbəkə səhifələrində silindi. Səbəb barədə isə qurumdan heç bir açıqlama verilmədi. Əslində, Diaspora.TV olaraq təəssüf ki, birtəfəli əməkdaşlıq etdiyimiz komitənin saytından davamlı materiallar götürüb yaydığımız üçün bu xəbərin silinməsi marağımıza səbəb oldu. Diasporlar və xaricdə yaşayan hər bir azərbaycanlı ilə işləməkdə iddialı internet TV olaraq diqqətimizi çəkən bu məsələni araşdıran zaman maraqlı nüanslarla qarşılaşdıq…

Belə ki, sərgisi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi veb səhifəsində tirajlanan və təbliğ olunan sənətçi Aygün Səmədova sən demə, karikaturaçı Gündüz Ağayevin xanımı imiş. Rəsmi və qeyri-rəsmi media vasitələrində Gündüz Ağayevin anti - Azərbaycan fəaliyyəti barədə xeyli materiallara rast gəlmək olur. İddialara görə, həmin Gündüz Ağayev Qarabağda separatçılara qarşı anti-terror əməliyyatı keçirilərkən, suverenliyimiz tam bərpa edilərkən, erməni təbliğat maşınına yağ tökən karikaturalar çəkib tirajlayırmış. Ermənilərin Azərbaycan əleyhinə dezinformasiya xoruna qoşulan Gündüz Ağayev Fransada yaşadığı illər ərzində Azərbaycanın torpaqlarının işğalı, Xocalı soyqırımı barədə heç yerdə danışmayıb, heç bir media orqanında material dərc etdirməyib. Bir sözlə, xeyrimizə heç bir fəaliyyətinə rast gəlinmir. Komitə isə onun xanımının zərgərlik məhsullarının reklam olunduğu sərgidən material tirajlayır. Əcəba, niyə? Çox güman ki, materialın silinməsinin səbəbi də komitənin həmin xanımın kimliyi barədə gec də olsa, xəbər tutması və yaxud da...



Komitənin xəbərini tirajladığı xanımın kimliyindən bixəbər olması inandırıcı görünmür. Nədən ki, komitə rəhbərliyində təmsil olunanlardan biri və kifayət qədər söz sahibi olan şəxs bir müddət (2012-2016-cı illərdə) Fransada çalışıb və diasporla da çox isti münasibətləri olub. Yəni bu cənabın Fransada yaşayan azərbaycanlılarla bağlı detallı məlumatı olmalıdır. Ümid edirik ki, var da... Yaxşı, belə olan halda bu “qoy-çıxart” nəyə lazım idi?

Deyilə bilər ki, xanım ərinin əməllərinə görə, məsuliyyət daşımır. Elə isə həm də ictimai fəal olan Aygün xanım ərinin Azərbaycan əleyhinə olan fikirlərinə etiraz etməli, ölkəmizin və xalqımızın xeyrinə hansısa bir əmələ imza atmalı idi. Lakin bunun heç birini görmədik.

Komitənin materialı silməsi ziyanın yarısından qayıtmaq kimi də qiymətləndirilə bilər. Lakin o boyda dövlət qurumunun informasiya işinə bu cür məsuliyyətsiz yanaşması və barmaqarası münasibəti təəccüb və təəssüf doğrur. İnformasiya veb-səhifəyə qoyulmazdan və sosial şəbəkələrdə minlərlə insanın izləməsindən əvvəl araşdırılmalı idi. Necə olur ki, Komitənin Fransa üzrə işlərə məsul şəxsləri belə məsələləri araşdırmır, yaxud bixəbər olurlar?



Diaspor kimi strateji sahəyə məsul olan bir qurum belə biabırıçı səhvlərə yol verməməlidir! Bunun adı yumşaq desək, məsuliyyətsizlikdir!

Güman edirik ki, Dövlət Komitəsi bu suallara aydınlıq gətirəcək.

Diaspora.TV

Şərhlər

Yaz...