Tarix: 03.04.2024 / 13:43
“Diaspor Komitəsi bu məsələni araşdırsın” - Ekspert çağırış etdi

“Diaspor Komitəsi bu məsələni araşdırsın”- Ekspert çağırış etdi

“Xarici ölkələrdə Azərbaycan dilli məktəblərin sayının artırılması məsələsi Diasporla iş üzrə Dövlət Komitəsinin işidir. Onlar əvvəlcə araşdırma aparıb müəyyənləşdirməlidir ki, hansı ölkədə, nə qədər sıx, kompakt yaşayan azərbaycanlılar var”.


Bu sözləri Diaspora.tv-yə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Ekspertin sözlərinə görə, digər ölkələrin vətəndaşları Azərbaycanda asanlıqla məktəblər aça biliblər.

“Məsələn, burada kompakt yaşayan və yaxud da pərakəndə yaşayan türk vətəndaşları var ki, onlar üçün burada türk dilində tədris keçən məktəblər, liseylər var, orada təhsillərini alırlar. Rusiyanın da həmçinin”,- deyə M.Məmmədli əlavə edib.

M.Məmmədli bildirib ki, Gürcüstanda kompakt yaşayan ingiloylar var və onlara da gürcü dilində tədris keçirilir:

“Lakin, xaricdə Azərbaycan dilində təhsil almaqla bağlı problemlər var. Bu problem qonşumuzda yerləşən Rusiyada belə həllini tapa bilməyib. Avropa ölkələrində, Amerikada kiçik məktəblər var. Bu kiçik məktəblər də öz büdcələri hesabına dərs vəsaitləri əldə edirlər. Öz hesablarına müəyyən qədər şərait qura bilirlər”.

Ekspert xüsusilə qeyd edib ki, Diaspor Komitəsi bu məsələni ələ almalı və müəyyənləşdirmə aparmalıdır.

“Azərbaycanlıların ən çox sıx yaşadığı yer Gürcüstandır. Artıq Gürcüstanda əksər məktəblər kütləvi şəkildə boşalmağa başlayıb. Bu, həm də Gürcüstan dövlətinin siyasətidir. Onlar işlərini elə qurub ki, azərbaycanlı müəllimlər getsinlər, şagirdlər Azərbaycan dilində təhsil almasınlar. Onların gürcü dilində təhsil almasını istəyirlər. Gürcüstan qanunlarına əsaslansaq, bu məsələdə onları qınamaq da olmaz. Bu məsələ ilə bağlı həm Elm və Təhsil Nazirliyi, həm də Diasporla İş üzrə Dövlət Komitəsi fəallıq göstərməlidir”,- deyə M.Məmmədli söyləyib.

Ekspert vurğulayıb ki, bu məsələlərlə bağlı statistika olmalıdır və hansı ölkədə nə qədər kompakt yaşayan azərbaycanlı varsa, dəqiq müəyyənləşdirilməlidir:

“Məsələn, Orta Asiya, Türkiyə, Qazaxıstanda yaşayan nə qədər azərbaycanlı var, heç biri də Azərbaycan dilində tədrisə cəlb olunmur. Demək olar ki, keçmiş Sovet respublikalarında rus dilinə üstünlük verirlər. Gürcüstanda olanlar üçün də daha çox gürcü dili önəm daşıyır. Bildiyimiz qədər Avropada da sıx yaşayan azərbaycanlılar var. Ayrıca məktəblər olmasa belə, ən azından soydaşlarımızın övladları üçün Azərbaycan dilinin tədrisi üçün “Bazar günü” məktəbləri açılmalıdır”, - deyə ekspert bildirib.


Xəyalə Zöhrab

Diaspora.tv


Şərhlər

Yaz...