Tarix: 04.04.2024 / 11:01
“Diaspor kitabxanası yaradılsın”  - Millət vəkili

“Diaspor kitabxanası yaradılsın” - Millət vəkili

“Xaricdə yaşayan Azərbaycan əsilli alimlərin əsərlərinin universitetlərimizdə tədris olunması müsbət haldır”.

Bu sözləri Diaspora.tv-yə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Deputat əlavə edib ki, əgər xaricdə yaşayan azərbaycanlı alimlərin əsərləri çap olunmağa layiqdirsə, universitetlərimizdə tədrisi oluna bilər:

“Məsələn, Lütfizadə, o cümlədən Rusiyada və başqa ölkələrdə fəaliyyət göstərən alimlərimiz haqqında Azərbaycan cəmiyyəti, gəncləri məlumat almalıdırlar”.

S.Rüstəmxanlı vurğulayıb ki, Türkiyədə, Rusiyada, ümumiyyətlə, xaricdə yaşayan yazıçılarımızın, şairlərimizin əsərləri Yazıçılar Birliyində dəfələrlə təqdim olunub:

“Onlarla dəfələrlə görüşlər keçirilib, yubileyləri qeyd olunub. Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlı yazıçıların müxtəlif dillərdə çap olunan, eləcə də xaricdə Azərbaycan haqqında yazılan kitablar və s. hamısının ümumi bir kitabxanaya toplanması çox yaxşı olardı. Çox istəyərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi yanında Diaspor kitabxanası yaradılsın və orada müxtəlif əsərlər bir yerə yığılsın”.

Millət vəkili əlavə edib ki, imkanlı diaspor təşkilatlarının səyi ilə qısametrajlı və tammetrajlı filmlər çəkilə bilər:

“Həmçinin bununla yanaşı sənədli filmlərin də çəkilməsi arzuolunandır. Bu, o sahədə mütəxəssislərin olmasına bağlıdır. Xaricdəki müəyyən televiziyalardan görünür ki, bu sahə üzrə peşəkarlar yetişir. Gələcəkdə belə filmlər çəkiləcək və çəkilməlidir”.

VHP sədri bildirib ki, diaspor rəhbərləri hər sahədə olduğu kimi film sahəsində də fəal olmalıdırlar:

“Biz “Cavadxan” filminin Amerikada, Macarıstanda, Moskvada, Türkiyədə və bir sıra ölkələrdə təqdimatını həyata keçirtdik. Yəni, diaspor təşkilatlarının rəhbərləri də bu kimi addımlar ataraq, aktiv fəaliyyət göstərməlidirlər. Dünyaya Azərbaycan filmlərini tanıtmaq üçün bu istiqamətdə ciddi addım atmalıdırlar”.

S.Rüstəmxanlı qeyd edib ki, xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin sayının artırılması üçün bir sıra addımlar atılmalıdır:

“Dövlət Diaspora Komitəsinin xətti ilə xaricdə Azərbaycan dilli məktəblər aça bilər. Xaricdə formalaşan diasporanın, ictimai fəalların bir yerə yığışıb Azərbaycan dilində məktəb açmaqları arzuolunandır. Yaxud da, ölkədən kənarda yaşayan iş adamları, zəngin insanlar bu işi öz öhdələrinə götürə bilərlər”.


Xəyalə Zöhrab
Diaspora.tv


Şərhlər

Yaz...