Tarix: 29.04.2024 / 09:00
Diaspor informasiya müharibəsinin  ön cəbhəsində...

Diaspor informasiya müharibəsinin ön cəbhəsində...

Müasir dünya nəhəng informasiya axınının girdabında yaşayır. Heç bir bioloji, sosial, siyasi varlıq bu fenomenin təsirindən kənarda mövcud deyil. Son zamanlar “sənaye cəmiyyəti”ndən “informasiya cəmiyyəti"nə keçidin aktuallığından çox danışılır. Artıq qlobal siyasi prosesləri düzgün təhlil edərək qavrayan təsisatlar, o cülmədən dövlətlərin idarəçilik arsenalında informasiya siyasəti ilə bağlı ayrıca konsepsiyalar, yaxud müddəalar var. Hələ XIX əsrin əvvəllərindən səslənən “informasiyaya sahib olan şəxs dünyaya da sahibdir” aforizmi indi heç vaxt olmadığı qədər aktualdır. İnformasiyanın odlu silahlardan da güclü və dağıdıcı təsir vasitəsi olduğu artıq isbata ehtiyacı olmayan aksioma, ağıllı və strateji düşüncəyə sahib insanların və icmaların həyati əhəmiyyət verdiyi doqmadır. İnformasiya nəinki dövlətin və cəmiyyətin həyatının bütün sahələrinə böyük təsir göstərən ən mühüm strateji idarəetmə resursudur, hətta dövlətlərin və iddialı şəxslərin qlobal məkanda yerlərini müəyyənləşdirən əvəzolunmaz vasitədir.

Qeyd olunanlara mühüm bir əlavəni də edək ki, müasir dünyada əsl müharibə məhz informasiya vasitəsilə aparılır. İnfomasiya savaşı ən güclü psixotexnologiyalara əsaslanan çox qəddar, ağrılı, təsiri uzun müddət hiss olunan bir müharibədir. İnformasiya savaşının nəticələrinin aradan qaldırılması da çox çətin olur və bunun üçün uzun bir zamana ehtiyac duyulur.

Diqqətlə izləsək, müasir dünyada bütün beynəlxalq hüquq subyektlərinin bu savaşdan təsirləndiyini görərik. Hətta bütün bəşəriyyətin sözügedən müharibədə bu və ya digər dərəcədə iştirakını görürük.

“İnformasiya müharibəsi” yeni termin deyil. Hələ antik fəlsəfəçilər siyasətçilərin təlqini, yaxud göstərişi ilə rəqib tərəfin, düşmən dövlətin daxili sabitliyini pozmaq, potensialını sarsıtmaq üçün onun qüvvələrinin ruhdan salınması üçün yazır, dezinformasiyalar hazırlayırdılar. Min ildən çox tarixi olan bu savaşlarda hərb sənətində olduğu kimi, taktiki və strateji nöqteyi-nəzərdən xeyli zənginləşmələr və təkmilləşmələr olub. Hazırda “informasiya müharibəsi” termini geniş mənada informasiya sferasında və müxtəlif siyasi məqsədlərə nail olmaq üçün mediada aparılan mübarizəyə istinad etmək üçün istifadə olunur. Yeni informasiya texnologiyalarının və qlobal informasiya cəmiyyətinin inkişafı da sözügedən müharibələrin aparılması şərtlərini və qaydalarını dəyişib.


İnformasiya texnologiyaları, informasiya-psixoloji mübarizə, media üzərindən təbliğata əsaslanan şüur və ideyaların qarşıdurmasının, xüsusən də mədəni dəyərlərin və siyasi-iqtisadi maraqların çarpışmasının bu müharibədə diqqət veriləsi komponentlərdən olduğunu vurğulamaqda fayda var.

İnformasiya müharibələri həm hərbi, həm də qeyri-hərbi xarakter daşıya bilər. İnformasiya müharibəsinin “qeyri-hərbi” formasına gəldikdə, o, bir ölkənin informasiya texnologiyalarının digər dövlətin, yaxud dövlətlərin informasiya, güc və idarəetmə sistemlərinə, habelə şüuruna məqsədyönlü təsirini əks etdirir.

Onu da qeyd edək ki, istənilən real odlu müharibələr kimi informasiya savaşlarını da geosiyasət diktə edir. Geosiyasi informasiya müharibəsi dövlətlər arasında mübarizənin yeni formalarından biri olmaqla yanaşı, bir dövlətin digər dövlətin informasiya təhlükəsizliyini pozmaq, eyni zamanda qarşı tərəfi də oxşar hərəkətlərdən qorumaq məqsədi ilə həyata keçirdiyi tədbirlər sistemidir. Bu qarşıdurmanın məqsədi başqa dövlətin informasiya təhlükəsizliyinin, bəzi hallarda isə digər ölkələrin mülki və hərbi nəzarət sisteminin pozulması, onların rəhbərliyinə, siyasi elitasına, ictimai rəyi formalaşdıran institutlarına effektiv informasiya təsirinin göstərilməsidir.

Bizim mövcud durumumuzda xalqımız və ayrıca ölkə rəhbəriyinə qarşı çoxqatlı və çoxistiqamətli savaş aparılır. Bir tərəfdən Ermənistan, erməni diasporu, onlara dəstək verən beynəlxalq güclər və transmilli korporasiyalar Azərbaycana qarşı eyni cəbhədə yer alaraq müxtəlif istiqamətlərdən hücum edirlər, digər tərəfdən həmin qüvvələr və çevrələr mədəni-tarixi dəyərlərimizin saxtalaşdırılması və mənimsənilməsinə cəhd edir, beynəlxalq media platformalarında və hüquq institutlarında, siyasi və ictimai mərkəzlərdə böhtan və qarayaxma kampaniyaları aparırlar.

Diplomatiyamız qədər, diaspor qurumlarımız da bu hücumların qarşısında dayanmaq, hətta əks-hücumla cavab vermək əzmindədirlər. Hətta verilir də. Lakin diplomatiyamızın genişmiqyaslı və intensive fəaliyyətini diaspor qurumlarımızın kiçik işləri ilə müqayisə etmək istəməzdik. Xarici İşlər Nazirliyinin malik olduğu resurslar və arsenala görə bu cür müqayisənin aparılması düzgün olmazdı. Lakin nə qədər güclü resurslara malik olursa olsun, diplomatiyamızı ön cəbhədə tək buraxmaq olmaz. Bu işdə diplomatik orqanlara davamlı dəstək verilməsi diaspor təşkilatlarımızın əsas vəzifələrindən biri olmalıdır. Əslində bu sahədə dəstək qarşılıqlı olmalı, fəaliyyət düzgün koordinasiya edilməldir.

Eyni zamanda, disporumuzun özü də aidiyyəti dövlət qurulmarı tərəfindən düzgün koordinasiya edlməli, ədalətli yanaşma sərgilənməlidir.


İnformasiya müharibəsində düzgün mövqe və hücum taktikasının seçilməsi eynən hərb meydanında olduğu kimi, dövlətin təhlükəsizliyinə bağlı məsələdir. Hər bir dövlət dayanmadan sözügedən sahədə müdafiə qabiliyyətini gücləndirməlidir.

Hərb sənətində olduğu kimi burada da strategiya, müxtəlif taktikalar, ön və arxa cəbhə, hücum və müdafiə tərəfləri, müxtəlif çaplı silahlar, döyüş meydanı, ordular, generallar və əsgərlər var.

Hərbdə olduğu kimi, informasiya müharibəsində də daha çox arsenala – iqtisadi potensiala, silaha – daha çox məlumata, çevik diplomatiyaya, çeşidli PR texnologiyalarına malik olan tərəf zəfər çalır. Lakin bu müharibədə də döyüşçülərin zəkası və qeyrəti, cəsarəti və səbri qələbə üçün həlledici rol oynayır.

Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən savaşın ön cəbhəsində aparıcı rola malik qüvvələrdən biri diaspordur.

Diasporlar həm müharibə, həm də dinc dövrdə daim informasiya savaşının ön cəbhəsində, bir çox hallarda dövlətlə yanaşı, birbaşa hədəfdə olur. Ona görə də diaspor təşkilatları mənsub olduğu xalqın maraqlarını müdafiə etməklə yanaşı, həm də özü gözlənilən və gözlənilməz hücumlardan qorunmaq məcburiyyətindədir. Diplomatiya ilə paralel cəbhələrdə döyüşməyə mükəlləf olan diasporun “yumşaq güc” adlandırılması təsadüfi deyil.

Bəs bizim diasporumuz bu savaşda üzərinə düşən vəzifələri hansı səviyyədə icra edir?

Onun informasiya müharibəsində fəaliyyəti qənaətbəxşdirmi?

Bu suala birmənalı olaraq qəti cavab vermək düzgün olmazdı. Həmçinin, “mənfi”, yaxud “müsbət” qiymətləndirməyi də məqbul hesab etmirik. Ümumilikdə, diasporumuzun informasiya müharibəsinin subyekti kimi gördüyü işlər zəif qiymətləndirilə bilər, lakin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən mühacir təşkilat və icmalarımızın gördüyü işləri qənaətbəxş hesab etmək olar.

Yuxarıda informasiya savaşının da geopolitik şərtlərdən diktə edildiyini vurğulamışdıq və bu kontekstdə ölkəmizin hansı mürəkkəb bir situasiyada təsəvvür etmək çətin olmaz. Regional oyunçulardan hərtərəfli dəstək alan Ermənistanın torpaqlarımızı işğal faktı və 30 il davam edən mənzərənin dəyişmə fenomenimiz olmasaydı belə, ölkəmizin yerləşdiyi mühüm geostrateji mövqe, malik olduğumuz sərvətlərimiz bizi cəlbedici edir. Geostrateji mövqeyimizdən və zəngin sərvətlərimizdən faydalanmaq istəyən supergüclərə boyun əyməməyimiz, müstəqil dövlət kimi qürurumuzun qorunması uğrunda müqavimətimiz və mübarizəmiz istər-istəməz bizi sözügedən ədalətsiz informasiya müharibəsinin mərkəzinə çəkir.


Bir məqamla bağlı kiçik bir haşiyə çıxaraq qeyd edək ki, 44 günlük müharibə zamanı xaricdə yaşayan soydaşlarımızın inanılmaz fəallığı nəzərə çarpırdı. Lakin təəssüf hissi ilə qeyd edək ki, müharibə zəfərlə yekunlaşandan sonra sanki, mühacir soydaşlarımızda bir arxayınlaşma yarandı. Halbuki, hərb meydanında biabırçı və acı məğlubiyyətdən azğınlaşan erməni-daşnak şovinistləri informasiya müharibəsindəki mənfur hücumlarını daha da intensivləşdirib, cəbhə zolağını bir az da genişləndiriblər. Minlərlə qurbanlar hesabına qazanılmış Zəfəri qorumaq üçün indi daha artıq səfərbərliyə və zəhmətə ehtiyac var. Buradakı psixoloji məqamları da başa düşürük. Ölkə torpaqlarının mənfur yağı tapdağından təmizlənməsi üçün aparılan müharibənin müqəddəsliyini dərk edən hər bir azərbaycanlı bu qutsal savaşda bacardığını etmək istəyirdi. Lakin o da bilinməlidir ki, informasiya cəbhəsində alınan hər bir zərbə, itirilən hər kiçik mövqe dövləti zəif salır. Dövlətin qüdrətinin zəifləməsi isə əldə olunmuş nailiyyətlərin itirilməsinə qədər mənfi nəticələr doğura bilər. Ona görə də əvvəlki əzmkarlıqla Vahid Vətən uğrunda düşmənə qarşı mübarizəni davam etdirmək hər bir azərbaycanlının müqəddəs vəzifəsi olmalıdır.

O da dərk olunmalıdır ki, erməni-şovinist çevrələr bu haqsız müharibədə Azərbaycanı talamaqda və diz çökdürməkdə maraqlı olan imperialist dövlətlər və transmilli korporasiyalardan dəstək alırlar. Bu müharibədə ermənilərlə bir cəbhədə dayanan qeyd olunan qurumlarla yanaşı, anti-Azərbaycan donor təşkilatlardan maliyyələşən Vətən xainləri də var. Bu savaş mənzərəsi necə bir haqsız və amansız bir müharibəyə girdiyimizin, hansı namərd düşmənlərlə qarşı-qarşıya gəldiyimizin əyani təzahürüdür. Bütün qüvvə və vasitələrini səfərbər edərək bizə qarşı hücuma keçən düşmənlər informasiya döyüşlərində heç bir qayda və əxlaq tanımır. Diaspor təşkilatlarımız və mühacir icmalarımız qara PR texnologiyalarını tətbiq edərək dövlətimizə və Prezidentimizə qarşı aparılan qarayaxma və gözdənsalma kampaniyalarına qarşı yalnız müdafiə mövqeyində dayanmalı deyil, hücum taktikasını seçməlidir. Bu savaşda isə dəstək alacaqları yer təbii ki, Vahid Vətəndir.

Vətənin bu sahəyə məsul qurum və məmurları bu savaşın ön cəbhəsindəki gücə güc qatmaq üçün nələr edib və edir?

Diasporumuza dəstək üçün yaradılan fonddan informasiya müharibəsinin ön cəbhəsinə dəstək üçün nə qədər vəsait xərclənib və xərclənir, məlumatımız varmı? Bizim məlumatımız olmadığı üçün konkret danışa bilmirik. Yalnız xaricdəki bir çox diaspor fəallarının dediklərinə əsaslanaraq vəziyyətin qənaətbəxş olmadığını deyə bilərik.

Diaspor hərəkatında gedən prosesləri yaxından izləyib analiz edən bir qrup olaraq onu qeyd edə bilərik ki, zəif “döyüş arsenalına və hazırlığına” malik diaspor təşkilatlarımızın bu məhdud imkanlarla ciddi döyüş aparacağını gözləməyə dəyməz.

Diaspora.TV-nin
Analitik Qrupu



Şərhlər

Yaz...