Tarix: 01.07.2024 / 16:05
Diaspor fəalları üçün motivasiya lazımdır   - Sədr

Diaspor fəalları üçün motivasiya lazımdır - Sədr

“İlk növbədə diaspor fəalları savadlı, ali təhsilli olmalıdırlar, ana dilindən başqa daha bir neçə dili, ən azı yaşadığı ölkənin dilini bilməlidirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclər Mərkəzinin sədri, “Qardaşlıq” adına Daşkənd Azərbaycan Milli Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Həzrət-Əli Sarı-Zadə deyib.

H.Sarı-Zadə qeyd edib ki, diaspora fəalları öz vətənlərini, tarixini və mədəniyyətini bilməlidirlər:

“Bunun üçün Azərbaycanda ixtisaslaşdırılmış təhsil və təlim proqramları təşkil etmək lazımdır. Hər il keçirilən bu cür tədbirlər fəallara lazımı bacarıqları inkişaf etdirməyə və onların səmərəliliyini artırmağa kömək edəcək. Bu, onların vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanın mövcud hadisələri və mədəni cəhətlərinin anlayışının yaxşılaşdırılmasına da kömək edəcək”.

H.Sarı-Zadə əlavə edib ki, fəalların təşəbbüslərini dəstəkləmək üçün Qrant proqramlarının təsisi vacib addım olacaq:

“Buna misal olaraq, diasporun inkişafına və vətənlə əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi, Azərbaycanda və ya digər ölkələrdə təhsil və təcrübə üçün təqaüdlər fəallara əlavə bilik və təcrübə əldə etməyə imkan verəcək. Eyni zamanda, diasporun inkişafına kömək edən mədəni, təhsil və sosial tədbirlərin keçirilməsi üçün maddi dəstək lazımdır”.

Soydaşımız vurğuladı ki, aktiv diaspor fəallarının fərqləndirilməsi istiqamətində ünsiyyət və təcrübə mübadiləsi üçün onlayn platformaların yaradılmasını uğurlu addım olacağını düşünür:

“Müxtəlif diaspor fəalları arasında səmərəli qarşılıqlı əlaqə və təcrübə mübadiləsi üçün onlayn platformaların yaradılması lazımdır. Aktual məsələlərin və problemlərin müzakirəsi üçün də forumlar, ekspertlərin və fikir liderlərinin iştirakı ilə vebinarlar keçirilməsinin uğurlu addım olacağını düşünürəm”.

H.Sarı-Zadə qeyd edib ki, diaspor fəallarının tanınması və motivasiyası üçün illik mükafatlandırma mərasimlərinin keçirilməsi vacibdir:

“Bu da fəalların nailiyyətlərini və töhfələrini qeyd etməyə imkan verəcək. Eyni zamanda, diasporun digər üzvlərini də fəal iştirak etməyə və öz fəaliyyət standartlarını artırmağa motivasiya etmək lazımdır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...