Tarix: 27.09.2024 / 16:50
Diaspor fəalları 27 sentyabrı necə xatırlayır?    – RƏYLƏR

Diaspor fəalları 27 sentyabrı necə xatırlayır? – RƏYLƏR

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. Bu tarix Azərbaycanda olduğu kimi, azərbaycanlıların yaşadığı yaxın-uzaq xaricdə də anılır.

Diaspor fəalları Vətən savaşının başladığı günü Diaspora.TV-yə hər zaman qürurla xatırladıqlarını, şəhidlərimizi hörmət və rəhmətlə andıqlarını bildiriblər.



Dünya Azərbaycanlıları Beynəlxalq Fondu İdarə Heyətinin üzvü, Ukraynada yaşayan azərbaycanlı diaspor fəalı Arzum Məhərrəmov 27 sentyabrın heç bir azərbaycanlının unutmadığı tarix olduğunu bildirib:

"Bu gün yada düşəndə xatirələrdə neçə-neçə igid oğullarımızın qəhrəmanlığı, sarsılmaz xalqımızın birliyi, xaricdəki soydaşlarımızın bir-birinə dəstəyi, saxta informasiyalarla mübarizə, torpaqların işğaldan azad olması, göz yaşları, həyacan, sevinc-kədər birlikdə canlanır. Bu duyğunu yaşamağımızdan 4 il keçir… Bu gün Qarabağda həyat canlanırsa, hər bir azərbaycanlı qürurla Şuşaya gedirsə, Kəlbəcərin isti suyunu, Laçının dağlarını ziyarət edirsə, hamısının səbəbkarı şəhidlərimiz və hər daim Azərbaycan xalqının arxasında dayaq olan, dünyaya haqlı olduğumuzu sübut edən Ali Baş Komandan İlham Əliyevin sayəsindədir. Yaşasın qüdrətli Azərbaycan xalqı, yaşasın vətəninə sadiq olan qürbətdəki soydaşlarımız, yaşasın rəşadətli Ordumuz!"

A.Məhərrəmov qeyd edib ki, həmin günləri dünyanın hər yerində olduğu kimi Ukraynada yaşayan azərbaycanlılar da narahat halda yaşayıblar:

"Əlbəttə, müxtəlif mənbələrdən informasiyalar almağa çalışırdıq. Amma təbii ki, ən etibarlı mənbə Prezident İlham Əliyevin tvitləri, TV çıxışları idi. Hamı kimi Ukrayna azərbaycanlıları da o dəqiqələri gözləyirdi. Bununla yanaşı sakit dayanmır, Ukrayna ictimaiyyətini baş verənlərlə bağlı məlumatlandırırdıq".



Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti İdarə Heyətinin üzvü Yeganə Cəfərova:

“27 sentyabr! Səhər çox həyəcanlı, gərgin açıldı. Artıq qətiyyətli mübarizənin zamanı çatmışdı. Bu gün dünya tarixi - Azərbaycan tarixi salnaməsinə qızıl hərflərlə yazıldı. Vətənini canından, qanından, həyatından çox sevən igid vətən oğulları 30 il idi düşmən tapdağı altında qalan torpağın azadlığı uğrunda odun-alovun içərisinə atıldılar. Onların amalında bir şüar vardı "Öldü var, torpaqlarımız yağıdan təmizlənməyənədək geri döndü yoxdur" və elə də oldu. Rəşadət göstərdi igid oğullar, bir qarış torpağı belə xilas etmədən geri dönmədilər. Vətən torpağı yüzlərlə şəhidlərini kədərlə qoynuna aldı, amma düşmən tapdağından azad oldu. Şəhidlər ölmür. Onlar günlər, aylar, illər və əsirlər boyu insanların qəlbində əbədi olaraq yaşayır və yaşayacaqlar. Ruhunuz şad olsun, ölməz vətən oğulları. Sizin rəşadətiniz sayəsində vətənimizin dilbər guşəsi xilas oldu və öz çiçəklənmə dövrünü yaşayır.

Ruhunuz qarşısında hər birimiz baş əyirik”.



Dünya Azərbaycanlıları Beynəlxalq Fondu İdarə Heyətinin üzvü, Slovakiyada yaşayan azərbaycanlı fəal, keçmiş hərbçi Ruslan Abdullayev isə o günləri belə xatırlayır:

“Mən hərbçi olmuşam, seçimin hər zaman müharibədən yana olub. Amma bu qərarı dövlət və onun prezidenti verir. Tovuz hadisələrindən sonra müharibə qaçılmaz idi. Biz müharibəni gözləyirdik, lakin ötən 30 ildə torpaqların azad olunması istiqamətində dövlətimiz həm sülh, həm də hərb yolunu nəzərdə keçirirdi. Amma Ermənistan və onun havadarları yola gəlmirdi. Belə olan təqdirdə Azərbaycanın başqa yolu qalmadı və o tarixi gün yetişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, o “nəyi, nə zaman edəcəyini çox gözəl bilir”. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir. Vətən müharibəsinin başlanma tarixi və Qələbəyə aparan yol nə qədər ağrılı, itkili, çətin olsa da bir o qədər də şərəflidir. Azərbaycan 44 günə tarix yazan qüdrətli ölkədir. İllər sonra Qarabağa, doğma yurda qayıtmaq arzusu ilə alışıb-yanana bir millət və üzümüzə yaxılan ləkəni təmizləməyə çalışan rəşadətli Azərbaycan ordusu... Çox keçmədi, hərbi əməliyyatlar başladı. Xalq bir oldu, nəyinki Azərbaycanda yaşayan, hətta vətəndən uzaqda olan milyonlarla azərbaycanlı bir-birinin səsinə səs verdi. “Dəmir yumruq” altında birləşib Qarabağı yağı düşməndən xilas etdi. Bunun üçün Ali Baş Komandan İlham Əliyevə, qüdrətli Azərbaycan ordusuna, qətiyyətli və əzmkar Azərbaycan xalqına, canını vətən uğrunda fəda edən şəhidlərimizin ruhuna və qazi qəhramanlarımıza minnətdarıq!”.

R.Abdullayev qeyd edib ki, döyüşlərin ilk günündən sonuncu 44-cü günə qədər Azərbaycan əsgəri qəhrəmanlıq nümayiş etdirdi:

“O günlər dünyada yaşayan azərbaycanlıların ürəyi Vətənlə döyünürdü. Hər şəhid xəbəri bizləri kədərləndirdiyi kimi, hər işğaldan azad olan kəndlərimiz də sevincimizə səbəb olurdu. Bir sözlə, kədərlə sevinc 44 gün bizimlə yoldaşlıq etdi”.



Danimarka Azərbaycan Vətən Cəmiyyətinin İdarə heyətinin üzvü Leyla Qasımova:

“27.09.2020. Başlanğıcın sonu, sonun başlanğıcı...Üçrəngli bayrağı and yeri bilən hər kəs sanki eyni röya ilə oyandı o sabah. Hər kəsin gözünə günəşin ən parlaq şəfəqi eyni anda düşürdü. İlahi, payız günəşi bu qədər parlaqlığı, nuru haradan alıb ətrafına saçırdı?! Olmaya, gözqamaşdıran günəş yeni ümidlərdən söhbət açırdı?! Nigaran qəlblərin narahatlığı, anaların kövrək ürək döyüntüləri, qəhrəman gənclərin qaynayan qanları bir müjdədən xəbər verirdi, lakin heç kim cürət edib hiss etdiklərini sözlə ifadə etmirdi. Gərçi sözə tökərlərsə sehri itər, bu yaranmış coşğu itər deyə hər kəs ehtiyat edirdi...Və budur, uzun illər gözlənilən o an… Zəfərin ilk addım səsləri eşidildi... Bu dəfə lap yaxından… 30 il yol gəlmiş, yenilməmiş və nəhayət yerinə, yurduna yetişmişdir. Gəlişinə qurban deyən, gəlişinə qurban gedən bir xalqın alnına yazılmağa gəlmişdi Zəfər!!!

Bu günə ömrü vəfa edən hər kəs xoşbəxtdir. O kəslər ki, Vətən, Torpaq arzusunu 30 il ərzində bir an belə qəlbindən uzaq tutmamışdır. O gənclər ki, laylası Azərbaycan himni, xəyali qəhrəmanları xiyabanda uyuyan Şəhidlər, yazdıqları ilk inşa “Qarabağ” olmuşdur. Məhz bu günü hər gün xəyal edən Qəhrəman Azərbaycan xalqı nəhayət ki, qanı, canı bahasına 44 günə böyük bir tarixi salnamə yazmağa hazır bir xalq olduğunu bəyan etdi. Hamı yekdillik nümayiş etdirərək bir əmrə tabe oldu. Qalibiyyət xəbərlərini yalnız güvəndiyi xilaskarın dilindən, onun səsindən eşitmək arzusu tüğyan edirdi qəlblərdə.

Beləliklə, 27.09.2020 tarixində Azərbaycan Respublikasının öz ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi başlamışdır. Artıq 27.09.2020 tarixindən etibarən 44 gün ərzində “Qarabağ Azərbaycandır!!!” şüarı nəinki ölkə gündəmi, hətta dünyanın gündəmini də zəbt etməyə nail olmuşdur. Nəyi, nə zaman və harada edəcəyini çox gözəl bilən qüdrətli ölkə, onun müzəffər ordusu və yenilməz Sərkərdəsi tərəfindən məhz 27.09.2020 tarixində Azərbaycanın ən yeni şanlı tarixinə qızıl hərflərlə birgə imza atılmışdır. Zəfərin memarı qəhrəman şəhidlərimizi sonsuz minnət hissi ilə yad edirik!!! Unutmadıq! Unutmayacayıq! Şəhidlər ölməz, Vətən bölünməz!”



Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyətinin sədr müavini, “Xan qızı Natəvan” Dünya Azərbaycan Qadınları Birliyinin rəhbəri Könül Abbasova:

“Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik”.

Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...