Tarix: 06.08.2024 / 07:48
Diaspor fəaliyyətini uğurlu hesab etmək olmaz  - Siyasi şərhçi

Diaspor fəaliyyətini uğurlu hesab etmək olmaz - Siyasi şərhçi

“Bu sahədə şəffaflıq və ictimai iştirakçılığın artırılmasına ciddi ehtiyac var”.

Bu sözləri Diaspora. TV-yə siyasi şərhçi Həsrət Rüstəmov aktiv diaspor fəallarının fərqləndirilməsi istiqamətində hansı yeni mexanizmlərə ehtiyac olduğunu şərh edərkən deyib:

“Hər halda ölkədə nazirlik səviyyəsində müvafiq komitə var, onlar daha yaxşı bilirlər ki, hansı mexanizmlər və prinsiplərlə işləyirlər. Ancaq bir şeyi qeyd edə bilərəm ki, indiyədək aparılan diaspor fəaliyyətini uğurlu hesab etmək olmaz”.

Həsrət Rüstəmov təklif edib ki, xaricdə təhsil alan istedadlı gənclərimizin potensialından istifadə olunmalıdır:

“Onların təhsil və yaşamla bağlı bəzi problemlərini dövlət öz üzərinə götürməklə həm gələcək lobbi fəaliyyətinə investisiya qoymuş olar, həm də ölkə üçün layiqli mütəxəssis yetişməsinə tövhə vermiş olardı. Bundan başqa diaspor fəaliyyətinə maraq oyatmaq üçün təbii ki, fəalları fərqləndirmək, onları bu və ya digər dərəcədə mükafatlandırmaq və təbliğ etmək də faydalı ola bilər. Ümumiyyətlə idarəetmənin iki “silahı” var: mükafatlandırmaq və cəza vermək. Diaspor fəaliyyəti əsasən ödənişsiz fəaliyyət olduğu üçün burada daha çox mükafatlandırmadan istifadə olunmalıdır. Təbii ki, mükafat adi plaketlə təltifdən tutmuş böyük maddi vəsaitlərə qədər dəyişkən ola bilər”.

Siyasi şərhçinin sözlərinə görə, burada əsas məsələ bu prosesin şəffaf, obyektiv və müəyyən edilmiş ümumi prinsiplər əsasında aparılmasıdır:

“Qanımıza işləmiş qohumbazlıq, yerliçilik və digər yaramazlıqlardan qaçmaqla bu prosesi aparsaq nəticələr özünü mütləq göstərəcək”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...