Tarix: 20.06.2024 / 16:13
Diaspor fəaliyyətində qarşılaşdığımız əsas problemlər...   - Qoşqar Bəylərov

Diaspor fəaliyyətində qarşılaşdığımız əsas problemlər... - Qoşqar Bəylərov

“Konyada magistratura təhsili aldığım müddətdə “Konya Azərbaycanlı Tələbələr” birliyini quraraq ölkə həqiqətlərinin tanıdılması istiqamətində bir sıra fəaliyyətlər həyata keçirmişik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ankara Universitetinin doktorantı Qoşqar Bəylərov deyib.

Müsahibimizin sözlərinə görə, bu fəaliyyətlərə Azərbaycan tarixini, mədəniyyətini və milli bayramlarını tanıdılması da daxildir:

“Novruz bayramı, 28 May Respublika günü kimi milli bayramlarımızı qeyd edərək, yerli və xarici tələbələri Azərbaycan mədəniyyəti ilə tanış etmişik. Bundan başqa, Azərbaycanın tarixi və Qarabağ münaqişəsi haqqında məlumatları geniş auditoriyaya çatdırmaq üçün konfranslar və seminarlar təşkil etmişik. Sosial media platformalarında Azərbaycan həqiqətləri ilə bağlı müntəzəm paylaşımlar edib, geniş auditoriyaya çatdırmaq üçün vizual və mətnli materiallar hazırlamışıq. Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə mədəniyyət gecələri və sərgilər təşkil etmişik, milli musiqilərimiz, rəqslərimiz, xalça sənətimiz və digər mədəniyyət nümunələrimizi nümayiş etdirmişik”.

“Ankarada doktorantura təhsili aldığım müddətdə isə Azərbaycanlı tələbə dostlarımla birlikdə müxtəlif tədbirlərin təşkilatçısı olmuşam. Bu tədbirlərdə əsas məqsədimiz Azərbaycan həqiqətlərini tanıtmaq və yerli icmanı məlumatlandırmaq olub. Təşkil etdiyimiz tədbirlər arasında elmi seminarlar, mədəniyyət gecələri, vətənpərvərlik mövzusunda diskussiyalar və milli bayramlarımızın qeyd olunması yer alıb”, - deyə Q.Bəylərov bildirib.

Q.Bəylərov əlavə edib ki, diaspor fəaliyyətində qarşılaşdığımız əsas problemlər arasında maliyyə çatışmazlığı, təşkilati maneələr, iştirakçı çatışmazlığı və media ilə əlaqələrin zəifliyi yer alır:

“Tədbirlərin təşkilində maliyyə resurslarının məhdud olması problemi ilə qarşılaşırıq. Bu problemi həll etmək üçün sponsorlarla əməkdaşlıq etmək, qrant və hibe proqramlarına müraciət etmək və bəzi tədbirləri ödənişli etmək kimi yolları nəzərdən keçirmişik və bəzi vaxtlarda müsbət nəticə almışıq. Bəzən tədbirlərin təşkilində bürokratik maneələr və icazələr alınmasında çətinliklər olur. Bu problemi həll etmək üçün yerli idarəetmə qurumları ilə əməkdaşlığı gücləndirmək və qanunvericiliyi yaxından izləmək lazımdır. Bəzi tədbirlərdə tələbələrin və yerli icmanın maraq göstərməməsi də çətinlik yaradır. Bunun qarşısını almaq üçün tədbirləri daha cazibədar etmək, maraqlı və interaktiv formatlarda təqdim etmək və daha çox təbliğat aparmaq vacibdir”.

Q.Bəylərov qeyd edib ki, Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq üçün media ilə əlaqələrin gücləndirilməsi və mətbuat nümayəndələri ilə əməkdaşlığın artırılması da vacibdir:

“Yerli və beynəlxalq media qurumları ilə aktiv əlaqə saxlamaq və tədbirlər barədə məlumatları onlara çatdırmaq, mətbuat konfransları təşkil etmək, yazılı və elektron mətbuata məqalələr göndərmək kimi addımlar atmaq lazımdır. Bu problemlərin həlli üçün həm yerli, həm də beynəlxalq səviyyədə əlaqələri gücləndirmək, daha effektiv kommunikasiya strategiyaları tətbiq etmək və diaspor təşkilatları arasında koordinasiyanı artırmaq vacibdir”, - deyə müsahibimiz bildirib.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...