“Azərbaycan Cümhuriyyətində yaşayan insanların sayı 11 milyona yaxınlaşmaqdadır. Amma Azərbaycandan kənarda yaşayan yurddaşlarımızın sayı 80 milyona yaxındır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Turan Hərəkatı başqanı Cahandar Bayoğlu deyib. O bildirib ki, onların 50 milyonu İran adlanan Azərbaycanda məskunlaşıb:
“Yurddaşlarımızın çoxu Rusiya Federasiyasında, əski sovetlər birliyinin ayrı-ayrı ölkələrində yaşayırlar. Onların sayı 5 milyona yaxındır. O cümlədən, Amerika, Avropa və dünyanın müxtəlif ölkələrində məskunlaşıblar. Biz azərbaycanlı çöğrafiyasını türkmən ellərinə də ayrıd edə bilərik. Bu gün Bağdad civarında 3 milyona yaxın azərbaycanlı var. Suriya və digər bölgələrdə də milyonlarla azərbaycanlı yaşayır. Bunları da saysaq, rəqəmlər daha böyük olur”.
C.Bayoğlu bildirib ki, Azərbaycanda türk anlayışına da diqqət etməliyik:
“Bu gün İran adlanan Azərbaycandan çoxsaylı farslar da xaricə üz tutub. Ərəblər, digər millətlərdən olanlar da Avropada məskunlaşıblar. Təbii ki, bunlar azərbaycanlıdırlar. Onlar bizə yurddaşdırlar, amma türk deyillər. Bu gün azərbaycanlı dedikdə Azərbaycanın Quzeyindən və İran adlanan Azərbaycandan olan yurddaşlarımız nəzərdə tutulmalıdır. Düşünürəm ki, diasporanın birləşməsi istiqamətində addım atdıqda Azərbaycan türkləri anlayışı ilə daha çox uğur qazana bilərik”.
Turan Hərəkatı başqanı qeyd edib ki, bu gün dünya azərbaycanlıları dedikdə Amerika, Avropada yaşayan, amma türk olmayan çoxsaylı insanlar da nəzərdə tutulur:
“Biz onlara deyə bilmərik ki, sən azərbaycanlı deyilsən. Onlar dünya azərbaycanlıları anlayışını 11 milyonluq Quzey azərbaycanlı anlayışı kimi qəbul edirlər. Onun İran adlanan Azərbaycan, Kərkük, Süleymaniyə, Ərbil dərdi yoxdur. Bəlkə də, bu anlayışlara qarşıdırlar. Bu baxımdan onlar bir diaspor nümayəndəsi kimi Azərbaycan diasporunun fəaliyyətində öndədirlərsə, onlar artıq dünya Azərbaycan türklərinin bütünləşməsində maraqlı olmayacaqlar. Bu baxımdan da azərbaycanlı və Azərbaycan türkü anlayışını ayırmaq zamanıdır”.
Jalə
Diaspora.TV
Mahmoud mohajeri
Zəncan
24.10.2024 / 12:51