Tarix: 05.06.2024 / 10:56
Diaspor fəaliyyətimizdə hər hansı problem görmürəm   - Sədr

Diaspor fəaliyyətimizdə hər hansı problem görmürəm - Sədr

“Diaspor fəaliyyətimizdə hər hansı bir problem görmürəm. Təbii ki, bəzi məsələlər var, onları da həll edirik. Bu gün hamımız böyük bir ümidlə Praqada Azərbaycan Evinin açılmasını gözləyirik. Avropanın mədəniyyət paytaxtında Azərbaycan Evinin olması bizə kitabları daha fəal şəkildə yaymağa, peşəkar mütaliələr, film təqdimatları, mətbuat konfransları və daha böyük layihələri keçirməyə imkan verəcək. Eyni zamanda Azərbaycan Evində “Azərbaycan dili” dərslərini də təşkil etməyə imkanımız olacaq. Diplomatik korpusumuzun və Diasporla İş üzrə Dövlət Komitəsinin Çexiyada fəaliyyəti Azərbaycan diasporunun üzvlərinə böyük faydası var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Çexiyada fəaliyyət göstərən “Natəvan” Cəmiyyətinin sədri, şairə Leyla Cəfərova deyib. Onun sözlərinə görə, bir yazıçı, dramaturq kimi sözün, sənətin gücündən istifadə edərək Azərbaycan həqiqətlərini çatdırmağa çalışır:

“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı ən təsirli üsul sənətdir. Ədəbiyyat, kino, teatr sənəti insanların qəlbinə nüfuz edərək şüurlara təsir etmək gücündədir. “Bu illər ərzində torpaqlarımızın işğalından, azadlıq müharibəsindən, Xocalı faciəsindən bəhs edən bir çox bədii əsərlər yaratmışam. Bu əsərlər müxtəlif dillərdə yeni kitab cildləri altında çap olunub. Bundan başqa, bu əsərlər teatr tamaşaları, kliplər, mahnılar şəklində də səhnədə canlandırılıb. Bunların sırasında “Qarabağnamə”, “Yarımçıq qalmış”, “Qara qar çiçəkləri”, “Qarabağ şikəstəsi”, “Fəryad” “CRY”, “Haqla yalan arasında” əsərlər, “Mənim ürəyim Şuşa” mahnısı, “Remember” mahnısı ilə çəkilmiş klip və digərləri var”.

L.Cəfərova qeyd edib ki, onlar təkcə Çexiyada yox, həm də dünyanın digər ölkələrində - İsrail, ABŞ, Macarıstan, İngiltərə, İsveç, Almaniya, Ukrayna və Rusiyada nəşr olunaraq təqdim edilib:

“Çexiyada bir sıra konsertlər təşkil etmişik. Bunlardan ən möhtəşəmi isə Zəfər gününə həsr olunmuş “Seven beaties towards Glory” konsertini deyə bilərəm”.

L.Cəfərova Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycanın Çexiya, Macarıstan, İngiltərə, ABŞ və İsraildəki səfirliklərinə, yaradıcılığına dəstək verən və bu təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib:

“Təbii ki, bütün bu layihələri onlarsız həyata keçirə bilməzdik”.

Sədr əlavə edib ki, indi Fransada “At gedişi” tamaşasının tərcüməsini və sonrakı istehsalını planlaşdırır:

“Bu əsər Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvanın taleyindəndir. Eyni zamanda, burada yaratdığım cəmiyyət də Natəvanın adını daşıyır. “Natəvan” cəmiyyəti mədəniyyət layihələrinin təşəbbüskarı və həyata keçirilməsi, mədəniyyətimizin təbliği və diyarımızın tarixi ilə bağlı reallıqların çatdırılması məqsədi ilə yaradılıb”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...