Tarix: 10.06.2024 / 09:08
Diaspor fəaliyyətinə dəstək verməyə çalışıram   - Professor

Diaspor fəaliyyətinə dəstək verməyə çalışıram - Professor

“2003-cü ildən Türkiyənin İzmir şəhərində yaşayıram. Əvvəlcə, “Ege Universiteti Fen Fakültəsi”, 2007-ci ildən isə “Dokuz Eylül Universitetinin Fen Fakültəsi”nin dəvətilə professor kimi çalışdım. 2010-cu ildə bu fakültənin nəzdində Türkiyədə ilk olaraq Kompüter Elmləri adlı bölümü qurdum və uzun illər ora rəhbərlik etdim. Hazırda bu bölümdə professor kimi fəaliyyətimi davam etdirirəm. Azərbaycanlı alim kimi Türkiyədə ilk və yüksək rəğbət görən belə bir bölümü qurmuş olmağım, Azərbaycan elmi və azərbaycanlı alimlərin potensialının tanınmasına yüksək bir töhfə olduğunu düşünürəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Dokuz Eylül Universiteti Fen Fakültəsi”nin professoru Əfəndi Nəsibov deyib.

Ə.Nəsibov qeyd edib ki, azərbaycanlı alimlərin qurduğu müxtəlif dərnəklərdə yer alaraq vətənimizin tanıdılmasına və diaspora fəaliyətinə dəstək verməyə çalışır:

“Bu yaxınlarda “Azərbaycan Alimləri Dərnəyi”nin (ABİD) qurulmasında yaxından iştirak etdim və qurucu üzv oldum. Eyni zamanda “Dünya Azərbaycanlı Alimlər Dərnəyi”nin (DAAD) də üzvüyəm. Bu dərnəklər tərəfindən müxtəlif forumlar və toplantılar keçirilir, mütəmadi olaraq sosial media üzərindən Azərbaycanın uğurları və problemləri paylaşılaraq diskussiyalar təşkil edilir. Həmçinin, Azərbaycanın milli bayramlarında da toplanır, Azərbaycandan gələn siyasətçilərin və alimlərin toplantılarına dəstək veririk”.

Ə.Nəsibov xaricdə fəaliyyət göstərən Azərbaycan əsilli alimlərin əsərlərinin milli universitetlərimizdə tədrisinə müsbət baxdığını bildirib:

“Bunun Azərbaycan elmi və təhsilinin daha da inkişaf etməsi, beynəlxalq səviyyəyə yüksəlməsi üçün çox vacib olduğunu düşünürəm. Əslində mənim azərbaycanlı alimlərlə əlaqələrim həmişə olub. Hazırda Azərbaycan Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitunda professor kimi elmi mövzu rəhbəriyəm və doktorluq Müdafiə Şurasının üzvüyəm. Eyni zamanda, Azərbaycanda nəşr edilən müxtəlif elmi jurnalların redaksiya heyətlərində yer alıram. Həmçinin, Azərbaycanlı alim dostlarımızla hər il müxtəlif beynəlxalq elmi konfranslar təşkil edirik”.

Professor əlavə edib ki, Azərbaycanın uğurlu siyasəti və ordumuzun qəhrəmanlığı nəticəsində qazanılan Qarabağ zəfəri, bütün dünyada Azərbaycanın imicinin yüksəlməsinə, soydaşlarımızın həyəcanının artmasına səbəb olub:

“Uzun illər düşmən tapdağında qalan torpaqların yaralarının sağalmasında istər diaspor fəaliyyətlərimiz, istərsə də alim kimi dəstək verməyə hər zaman hazırıq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...