Tarix: 29.06.2024 / 13:25
Diaspor fəaliyətində qarşılaşdığımız əsas problem...   - Səxavət Dadaşov

Diaspor fəaliyətində qarşılaşdığımız əsas problem... - Səxavət Dadaşov

“Eskişehir Teknik Universitetində doktorantura təhsili alıram, 6 ildir Eskişehirde (Türkiyə) yaşayıram. Fəaliyyətimizi Eskişehir Azərbaycanlılar Dərnəyi nəzdində davam etdiririk. Dərnəkdə fərqli rollarım olub. 2019-cu ildə layihə komandasının rəhbəri idim. O, zaman Azərbaycan həqiqətlərini Eskişehir və Türkiyə xalqına çatdırmaq üçün müxtəlif layihələr həyata keçirmişik. Bu səbəblə 2019-cu ildə Diaspora gənclərinin Şamaxıdakı Yay Düşərgəsinə dəvət edildim. İndi isə dərnəkdəki vəzifələrimi gənc davamçı dostlarıma ötürmüşəm, ancaq aktiv olaraq fəaliyyətlərə qatılıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Türkiyədə yaşayan, uzman kimya mühəndisi Səxavət Dadaşov deyib.

Onun sözlərinə görə, Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq yerli icra orqanları ilə sıx əlaqələri var:

“Bu səbəblə demək olar ki, bütün tarixi, milli və mədəni tədbirlərimizi yüksək səviyyədə təşkil edirik və həqiqətlərimizi yerli xalqa çatdırırıq. Fəaliyyətlərimizi dərnəyimizin sosial media hesablarında izləyə bilərsiniz. Türkiyədəki ən aktiv dərnək olaraq eyni zamanda digər bölgələrdəki dərnəklərimizə də maddi, texniki dəstək verərək öz təcrübələrimizi onlarla da bölüşürük, birlikdə koordinasiya yaradırıq. Bundan əlavə, gənclərə yönəlik sosial təqaüd proqramlarımızla onların təhsilinə də dəstək verərək gələcəyə də yatırım etmiş oluruq”.

S.Dadaşov vurğulayıb ki, fəaliyyətlərimiz zamanı ən çox əziyyət çəkdiyimiz iki məqam var:

“Birincisi səfirlik və konsulluqlarla yerli icmalar, eləcə də soydaşlar arasında əlaqələrin nisbətən ləng qurulması, proseslərin uzanmasıdır. Düşünürəm ki, təkcə İstanbul və Ankarada deyil, digər regionlarda da rəsmi təmsilçilərin olması bu problemi aradan qaldıra bilər. İkincisi, 2010-cu ildən rəsmi olaraq fəaliyyət göstərən dərnəyimizin sabit bir evinin olmamasıdır. Belə ki, xüsusi bir məkanımız olmadığı üçün daimi fəaliyyət göstərən muzeyimiz, mədəniyyət evimiz, sərgi salonlarımız yoxdur. Bu məsələ həll olunarsa, düşünürəm ki, heç bir problem qalmaz”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...