“Əli və Nino” kitab şəbəkəsinin yeni filialında şairə və dramaturq, Azərbaycan Yazıçılar Birliyi, Britaniya Poeziya Cəmiyyətinin üzvü, yeddi kitab və müxtəlif dillərdə çoxsaylı nəşrlərin müəllifi, diaspor fəalı Leyla Bəyimin şeirlər kitabının təqdimatı olub.
Diaspora.TV xəbər verir ki, kitab, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Şahrun Süleymanovanın tərcüməsində “Bir anın 7 iqlimi” adı ilə nəşr edilib.
Tədbirin əvvəlində Leyla Bəyim “Qanun”, “Əli və Nino” kitab şəbəkəsinin təsisçilərinə Azərbaycan dilindəki ilk şeirlər toplusunun nəşrinə təşəbbüs və qayğıya görə təşəkkür edib.
Aparıcı Nərmin Əliyeva kitab müəllifinə, onun yaradıcılığı və Azərbaycanın mədəniyyətinin xaricdə təbliği ilə bağlı suallar ünvanlayıb.
Daha sonra Leyla və Şahrun şeirləri iki dildə - orijinal rus dilində və Azərbaycan dilinə tərcümədə səsləndiriblər.
Təqdimatda kitabın adındakı metaforik mənanı ən dəqiq cavablandırdığı üçün Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmira Almasovaya müəllifdən hədiyyə olaraq kitab təqdim edilib.
Gecənin final akkordu müəllifin “Vətənə” adlı şeir olub.
Qeyd edək ki, kitabın üz qabığını Əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, fəlsəfə doktoru Rəşad Mehdiyevin “Gecə” adlı əsəri bəzəyir.
Xəyalə Zöhrab
Diaspora.TV