Tarix: 01.07.2024 / 08:44
Dəstək hansı istiqamətdə və necə həyata keçirilməlidir?   - Sosioloq

Dəstək hansı istiqamətdə və necə həyata keçirilməlidir? - Sosioloq

“Əslində xarici ölkələrdə yaşayanlarla bağlı, yəni onları Azərbaycan dövləti və cəmiyyəti ilə əlaqələndirmək daha çox Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən məsuliyyətdir. Bu istiqamətdə onların da bu və ya digər formada müəyyən fəaliyyəti var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında sosioloq Nail Cəililov xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin həm Azərbaycanda, həm də dövlətin dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələrdə iştiraklarına dəstəyin mexanizmlərindən danışarkən deyib. Onun fikirincə, söhbət təhsildən, yaxud da müxtəlif mədəni, sosial, iqtisadi-siyasi layihələrdən gedirsə, ilk növbədə bu prosesdə xaricdə yaşayanların özləri maraqlı olmalıdır:

“İlk öncə aydınlaşdırılmalıdır ki, dəstək hansı istiqamətdə və necə həyata keçirilməlidir? Biz müxtəlif ideya və təkliflər deyə bilərik, ancaq bunlar nə dərəcədə obyektiv qarşılanacaq bunu deyə bilmirik. Əsas məsələ edilən təkliflərin icrasındadır. Yəni istənilən qərar və ideya vaxtında tətbiq olunmalıdır. Bizə görə dəstək həm dövlət, həm qeyri-hökümət təşkilatları, həm də sahibkarlıq istiqamətində olmalıdır. Mütəxəssislər ilk öncə öz dəyərlərini hiss etməlidir və Azərbaycana lazım olduqlarını başa düşməlidirlər”.

N.Cəlilov hesab edir ki, əsas məsələlərdən biri həmin mütəxəssisləri Azərbaycan üçün lazımlı və faydalı olduqlarına inandırmaqdır:

“Biz nə qədər desək də Avropada həm təhsil, həm də yaşayış keyfiyyəti ilə bağlı üstünlüklər, imtiyazlar daha çoxdur. Hətta bir çox məsələlərdə bizdən irəlidədirlər. Azərbaycanlıların da təhsil keyfiyyəti baxımından potensialı və gücü heç də zəif deyil. Əgər bizlər Azərbaycan cəmiyyətində onların faydasını görmək istəyiriksə, onlarda milli həvəs oyatmalı, dövlət və cəmiyyət üçün şərait yaratmalıyıq”.

N.Cəlilovun sözlərinə görə, hər bir halda kadr siyasəti Azərbaycan xalqının milli maraqları üzərində qurulmalıdır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...