Tarix: 11.12.2024 / 09:58

Dağılan Suriya deyil, İrandır...

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

- Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi bütün dünyada şok yaradıb. Eyni vaxtda həm Ağ Evdən, həm də Kremldən gələn bəyanatlar belə etməyə əsas verir.

Ümumiləşdirici faktorları Qətərin əmiri Abdulla ben Təmim əl-Tani də ortalığa qoydu:

1. Qəzza müharibəsi

2. Xalqı ilə dil tapa bilməyib, müxalifətlə dialoqa getməyib.

Suriyada baş verənlər İranın İslam inqilabı dövründə qurduğu “müqavimət oxu”nu heçə endirdi. Hər şey 2023-cü il 7 oktyabr tarixdə HƏMAS-ın İsrailə hücumu ilə başladı. O vaxt yerli mətbuat İranın Qəzza sektorunda tikdiyi tunelləri böyük həvəslə nümayiş etdirirdi. Ondan əvvəl HƏMAS-ın lideri İsmail Haniya və bir neçə İdarə Heyətinin üzvü ilə şiə qaydasında şükranlıq namazı qıldı və sevincək Tehrana uçdu. O zaman prezident İbrahim Rəisi və İranın ali dini lideri qəbul etdi.

Bu gün heç birisi yoxdur. Qəzza müharibəsində İranın tam idarəçiliyi ilə Qəzzada HƏMAS-ın İsrailə hücumu və bunun nəticəsində 200-ə yaxın İsrail vətəndaşını girov götürməsi İsrailin ağıla gəlməyən, balansa uyğun olmayan hücumlarına səbəb oldu. Nəticədə, HƏMAS yoxdur, Qəzza dağıntı vəziyyətindədir. HƏMAS indi əlində olan təxminən 100-dən bir az çox İsrail mənşəli girovlarla xarakterizə olunur. Hizbullah 50% zəifləyib.

İran şüurlu olaraq “müqavimət oxu”nu dağıda bilər. Əvvəldən belə fikir var idi ki, ABŞ İrandan “müqavimət oxu”nu dağıtmaq, bunun əvəzində də İranın üzərindən sanksiyaları götürmək və müəyyən qədər İranla iqtisadi əməkdaşlıq etməklə bağlı danışıqlar aparır. İranın da razılıq verdiyi hiss olunurdu.

İndi də artıq İ.Haniya yoxdur. İ.Haniyadan sonra HƏMAS-ın yeni liderləri də öldürüldü. Onların öldürülməsinin hamısında İrandan hansısa hərbçinin, generalın iştirakı barədə fikirlər səsləndirilir. Xüsusilə Hizbullahın liderinin ölümündə İrandan gedən general yeraltı bunkerdə olarkən məhz Nəsrullahın olduğu yerə ağır dağıdıcı bomba atılıb.

Ehtimal ki, həmin dövrdə Livanda İsraillə müharibəni dayandırmaq istəyirdi. HƏMAS da Livan hökumətinin çağırışına müsbət cavab vermişdi. Livan hökuməti Azərbaycana müraciət etdi, Azərbaycan İsraillə danışıq apardı. Sonradan İran Hizbullaha göstəriş verdi və hücum artdırıldı. Təxminən həmin ərəfələrdə İ.Haniyanın da ölümündə Azərbaycanın Yaxın Şərq proseslərdə vasitəçi qismində iştirakı mövzusunu üstünə çəkmək olar.

Qəzzada başlayan müharibə təxminən 14 aydan artıq “müqavimət oxu”nun dağılmasına gətirib çıxartdı.

Ən böyük sualı İran ortalığa qoyub. Suriya prezidenti B.Əsəd yardım üçün İrana müraciət edib, yoxsa etməyib mövzusu barədə İranın rəhbərliyində iki fikir var. İranın bir qrup rəsmi saytı ali dini liderlə B.Əsədin may ayında olan görüşü barədə müsahibə yaydılar. Bəlli oldu ki, B.Əsəd yardım istəyib, ali dini lider verməyib. Səbəb B.Əsədin Ərəb və Qərb ölkələrinin sözünə qulaq asmasıdır. Səhəri İranın Xİ naziri rəsmi məlumat yaydı ki, B.Əsəd İrandan yardım istəməyib və özünü güclü bilirmiş. A.Əraqçının bildirdiyinə görə ordusunun sürətlı geri çəkilməsi, terrorçu qruplaşmalara müqavimət göstərə bilməməsi onu şok vəziyyətinə salıb.

İranın etirafına görə 6 ay əvvəldən terrorçuların B.Əsədə hücuma keçəcəyi ilə bağlı kəşfiyyat məlumatlarına malik imiş və bu məlumatları da B.Əsəd hökumətinə verib. Türkiyədən də verilən açıqlamalara görə Türkiyənin də kəşfiyyat məlumatları da bunu göstərirmiş. Onlar da B.Əsədə bu məlumatları veriblər. Terrorçu qruplaşmaları hazırlaşdıran qüvvənin ABŞ və İsrail olduğunu bildiyi halda İran günahı Türkiyənin üstünə qoydu. Türkiyə B.Əsəd hökumətinə qarşı çıxış edir.

İran birdən-birə Zəngəzur koridoru mövzusunu kəskinləşdirdi. Azərbaycanın xüsusi təyinatlıları SEPAH-la birgə hərbi təlimlər keçirdikdən sonra Azərbaycanda İsrailin hərbi bazası mövzusu yaddan çıxdı və Zəngəzur koridoru mövzusu yeni mahiyyət əldə etdi. Kimlərsə Zəngəzur koridorunu ələ keçirməklə İranın Ermənistan üzərindən qurduğu əlaqələri dayandırmaq istəyir. Ermənistan hazırda ABŞ-ın forpostudur və ABŞ hətta Ermənistanın Müdafiə Nazirliyində öz adamlarını oturdub, Ermənistan hərbçilərinə də öz hərbçilərinin paltarını geyindirib. İran ehtimal edir ki, Suriya tərəfindən onun İsrail və ABŞ-la əlaqələri kəsiləcək, Türkiyə ilə də təxmini hərbi vəziyyət yaradıb. Yeganə Zəngəzur koridoru ilə ABŞ-la danışıqlar aparmalıdır. İranın Zəngəzur koridoru ilə bağlı fikri İranın “müqavimət oxu”nu dağıtmasından qat-qat böyük səhvidir. İranın Zəngəzur koridoru ilə bağlı mövqeyi İranın ərazi itkisinə gətirib çıxaracaq. N.Paşinyanın Rusiyanın “Şərqi Ermənistanı” işğal etməsinə ABŞ-ı inandırması məhz Urmiya daxil İran ərazisini özünə qatmaq anlamındadır. D.Trampla telefon danışığından dərhal sonra Vatikana səfər etdi, məhz bu mövzunu razılaşdırdı. Parisdə də D.Trampla ayaqüstü görüşdə nə müzakirə etdiyi barədə hələlki heç bir açıqlama yoxdur.

Biz özümüzü İranın parçalanmasının, dağılmasının fəsadlarından qorumalıyıq.


Şərhlər

Yaz...