Tarix: 28.05.2024 / 09:07
Cümhuriyyət qurucuları Azərbaycandan kənarda  necə öyrənilir?

Cümhuriyyət qurucuları Azərbaycandan kənarda necə öyrənilir?

Qədim və güclü dövlətçilik ənənələrinə, azadlıq uğrunda mübarizə etmək qabiliyyətinə malik olan ulu millətimiz 1918-ci ildə “Azərbaycan cümhuriyyətinin İstiqlal Bəyannaməsi” ilə beynəlxalq aləmdə tanınan müstəqil dövlət qurdu. Beləliklə “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı ilə tariximizin cümhuriyyət dövrünün başlanığıcını müəyyən etdi.

Müasir Azərbaycan dövləti cümhuriyyət fikriyatına əsaslanaraq “Bayrağımız – dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” şüarı ilə dünyada ən qüdrətli müstəqil ölkələrdən biri kimi inkişaf etməkdədir. Müzəffər Azərbaycan ordusu isə Konstitutsiya və millətin iradəsinə əsaslanaraq 44 günlük Vətən müharibəmizdə “DƏMİR YUMRUQ” hərbi əməliyyatları nəticəsində düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Qeyd edim ki, səfirliyimiz, diaspora təşkilatımız, o cümlədən alimlərimiz bəhs olunan tarixi hadisəni Ukraynada yüksək səviyyədə keçirdilər.

AXC-nin qurulmasının 100-cü ildönümü münasibətilə 2018-ci ildə Kyiv Taras Şevçenko Milli Universitetinin Tarix fakultəsində Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu ilə birlikdə “Qafqazşünaslıq mühazirələri” mövzusunda, dünya şöhrətli alim və diplomat Yuriy Koçubeyin də iştirakı ilə konfrans təşkil olundu və kitabı nəşr edildi. Qeyd olunan ildönümü münasibətlə, həmən ildə Gəncə şəhərində də möhtəşəm bir beynəlxalq elmi konfrans keçirildi.

Yeri gəlmişkən qeyd edək ki, Ukrayna-Azərbaycan münasibətləri mövzusunda ilk elmi konfrans 2001-ci il iyunun 8-də bu ölkələrin müstəqilliyinin bərpa olunması və diplomatik əlaqələrin yenidən qurulmasının 10-cu ildönümü münasibətilə təşkil olundu və kitabı da yayınlandı.

Mövzu ilə əlaqədar məsələdən bəhs edərkən, onu da qeyd etmək lazımdır ki, Ukrayna, o cümlədən Avropanın başqa ölkələrinin universitelərində Azərbaycan tarixi, dili və mədəniyyətinin düzgün öyrənilməsi və tədrisi mühüm məsələlərdəndir.

İndiki zamanda Ukraynanın yuxarıda adı qeyd olunan universitetinin Türkologiya kafedrasında “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil verilməsi təqdirəlayiqdir, amma kifayət deyil.

Qədim və zəngin mədəniyyətimizin elmi nöqteyi-nəzərdən öyrənilməsinin təmin edilməsi üçün bir sıra metodoloji üsulların tətbiqinə ehtiyac var. Əvvəlcə, xarici ölkələrin qanunlarına uyğun olaraq ali məktəblərdə bəhs olunan dərslərin öyrənilməsi üçün müvafiq dərsliklərin, tədris proqramlarının hazırlanmasına və universitetlərdə müvafiq ixtisasların açılması vacib məsələlərdəndir.

Hazırda Ukrayna dilində “Azərbaycan tarixi” dərsliyinin yazılması üçün layihə hazırlayırıq. Əlbəttə ki, bu layihənin gerçəkləşdirilməsi üçün Azərbaycanın Tarix İnstitutu ilə əmkdaşlığımızı daha da gücləndirməliyik. Qeyd edim ki, “Azərbaycanşünaslıq” mövzusu ilə əlaqədar xarici ölkələrdə verilən təhsil və elmi tədqiqatlar “Türkologiya”nın əsas hissələrindən biri olaraq gerçəkləşdirilməlidir ki, mövzuların daha ətraflı araşdırılması və öyrənilməsi mümkün olsun. Bu elmi-pedaqoji işlərin görülməsi üçün, o cümlədən Bakı Dövlət Universitetində mütəxəssislərin hazırlanması da əsas şərtlərdəndir.

Qeyd etmək lazımdır ki, mühacirətdə yaşayan cümhuriyyətçi dövlət və elm xadimlərinin həyatı və yaradıclığı ilə əlaqədar mövzuların araşdırılması da milli maraq kəsb edən işlərdəndir. Bu mövzu ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyəti hökümətində hüquq, asayişin mühafizəsi, təhsilin təşkil olunmasında fəaliyyət göstərən, mühacirət həyatını Türkiyədə, Fransada, sonra isə Ukraynada yaşayaraq Lviv universitetində Şərqşünaslıq məktəbinin qurucularında biri olan Məhəmməd Sadığ Ağabəyzadənin həyatı haqqında müəyyən tədqiqatlara əməl edərək, Ukraynanın Müasir Ensiklopediyasında, “Şərq Dünyası” dərgisində və sairə elmi nəşriyyatlarında əsərlər dərc edilib. 2005-ci ildə Lviv İvan Franko Milli Universitetində mərhumun anadan olmasının 140 illiyi münasibətilə “Ukrayna-Azərbaycan münasibətləri: tarix və mədəniyyət” mövzusunda ilk dəfə elmi konfrans təşkil olunub.

Tiflisdə, Moskvada, İstanbulda, Səmərqəndə mühacir və sürgün həyatı yaşayan gəncəli, indiki Tovuz elinin Eyyublu kəndində anadan olan Qara İsmail Ağa Oğlu Qarabəylinin (1873–1953) həyatı və siyasi fəaliyyəti də diqqəti cəlb edən amillərdəndir. O, “İttihad” (Birlik) fırkasının qurucusu və AXC-nin Parlamentində 11 millət vəkilindən ibarət bölümün rəhbəri idi. Bu siyasi qüvvə öz Bəyənnaməsində hakimiyyətin millətə məxsus olduğu fikriyatı və Azərbaycanda bütün xalqların sülh və əminamanlıq şəraitində yaşamalarının təmin olunması tələbi, eyni zamanda mövcud hökumətdə müxalif mövqe nümayiş etdirmələri və s. araşdırılması vacib mövzulardandır. Onun bacısı Pəri xanımın nəticəsi məşhur memar Nazim Mirzə Oğlu Binətli hazırda Qərbi Ukraynada yaşayır.

Bir mühüm fikri də diqqətinizə ərz etmək istəyirəm. Söylənilən məsələlərin həllində, o cümlədən ölkələr arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi üçün bilavasitə diaspora təşkilatlarımızın, xaricdə yaşayan azərbaycanlı alimlərin elmi-pedaqoji fəliyyətlərinin nəzərə alınmasının xüsusi əhəmiyyəti var. Ona görə ki, xaricdə təhsil alan və uzun müddət elmi fəaliyyət göstərən vətənpərvər soydaşlarımız yaşadıqları ölkələrdə müəyyən nüfuza malik olub, Azərbaycanı ləyaqətlə təmsil etməyi bacaran insanlardır.

Yekunda qeyd edim ki, milli düşüncəmizin, məfkurəmizin və cümhuriyyətimizin beşiyi olan Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının abidə və məzarlarından ibarət xiyabanın inşa edilməsi, bu tarixi hadisənin ən parlaq təzahürü, o dahi şəxsiyyətlərin adlarının doğma torpaqlarında əbədiləşdirilməsi olardı.

Fərhad Turanlı

“Kyivo-Mohılyanska Akademiysı” Milli Universiteti Humanitar elmlər fakültəsi Ümumi və Slavyan dilləri kafedrasının professoru, Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri,
Tarix elmlər doktoru, professor

28.05.2024
Kyiv/Ukrayna


Şərhlər

Yaz...