Tarix: 24.07.2024 / 18:40
“Crocus” terror hücumu işində müttəhim sübutları   məhv etməyə çalışıb

“Crocus” terror hücumu işində müttəhim sübutları məhv etməyə çalışıb

"Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə müttəhim, terrora kömək etməkdə ittiham olunan Yakubconi Yusufzoda təşkilatçıların göstərişi ilə həbs olunmazdan əvvəl dəlilləri məhv etməyə çalışıb.

Diaspora.TV xəbər verir ki, bu barədə RİA Novosti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

“(Yusufzoda) cinayətin təşkilatçılarının göstərişi ilə cinayətin törədilməsi vasitələrinin və cinayət fəaliyyətini göstərən digər sübutların məhv edilməsi üçün tədbirlər görüb”, - məhkəmə qərarında deyilir.

İstintaqın məlumatına görə, terror aktından bir neçə gün əvvəl təqsirləndirilən şəxs “terrorçuların yerləşməsini təmin etmək üçün” bank kartı vasitəsilə pul vəsaitlərini şərikinə köçürüb.

"Crocus City Hall"da terror aktı martın 22-də Piknik qrupunun konsertindən əvvəl baş verib. Silahlı şəxslər binaya girərək atəş açmağa başlayıblar, sonra isə konsert zalını yandırıblar. Bu terror aktı müasir Rusiya tarixində qurbanların sayına görə ikinci ən böyük terror aktı olub. Nəticədə 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti “İslam Dövləti” (İD) terror təşkilatının Əfqanıstan qolu olan “Vilayət Xorasan* qruplaşması öz üzərinə götürüb.

Terror aktı ilə əlaqədar 18 nəfər, o cümlədən avtomobillə qaçmağa cəhd edən, lakin Bryansk vilayətində saxlanılan 4 nəfərin Tacikistan vətəndaşı olduğu məlum olub. İş üzrə 1,7 mindən çox insan zərərçəkmiş kimi tanınıb.

Rusiya FTX qeyd edib ki, "Crocus"a hücum edənlərin hazırlanması, maliyyələşdirilməsi, hücumu və geri çəkilməsi həqiqətən "Vilayət Xorasan" qrupunun üzvləri tərəfindən "koordinasiya edilib", lakin Ukrayna hərbi kəşfiyyatının da hücumla "birbaşa əlaqəsi" var. Rəsmi Kiyev isə bu cür ittihamları dəfələrlə rədd edib.

Şərhlər

Yaz...