Tarix: 15.08.2024 / 11:21

Çox yaxşı olardı ki, Azərbaycandan maddi də olmasa mənəvi dəstək alaq

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Kanada Azərbaycan-Türk Assosiasiyanın sədri, psixoterapevt Kəmalə Şiriyeva olub.

K.Şiriyeva müsahibəsində sədri olduğu cəmiyyətin prinsiplərindən, məqsədlərindən, NAC-ın (Kanada Azərbaycanlıları Şəbəkəsi) reallaşdırdığı layihələrdən və eyni zamanda da peşə fəaliyyətindən söhbət açıb.

Müsahibimiz bildirib ki, artıq 20 ildən çoxdur Kanadada yaşayır və fəaliyyət göstərir:

“Xaricə və əsasda Kanadaya gələn hər bir azərbaycanlı kimi, öz işim və şəxsi həyatımdan əlavə vətənimi düşündüm. İstədim ki, Azərbaycanı yaşadım, tanıdım, vətənim haqqında hər kəs məlumatlı olsun. Eyni zamanda da soydaşlarımızı bir araya toplamaq istədim. Bu səbədən də cəmiyyət qurdum. Cəmiyyətimiz uzun illər fəaliyyət göstərib. Bir sıra önəmli layihələrə imza atmışıq. Azərbaycanın əlamətdar və özəl günlərində bir araya toplanmışıq”.

Cəmiyyət sədrinin sözlərinə görə, Azərbaycan-Türk təşkilatı Kanada Azərbaycanlıları Şəbəkəsi yaranana kimi tək fəaliyyət göstərib, NAC yaranan gündən etibarən isə digər təşkilatlara birgə layihələr icra edib:

“44 günlük Zəfər savaşından sonra şəbəkəmiz yarandı və yarandığı ilk gündən etibarən icmalarımızı bir çətir altında birləşdirib. Bu proses çox çətin oldu. Düşünün ki, bir körpə uşağı böyütmək, saxlamaq necə çətin bir mərhələdir. Eyni ilə də yeni yaranan bu platforma özü-özünü maliyyələşdirir. Buna görə də Kanadada yaşayan yerli cəmiyyətin, vəzifəli şəxslərin və iş adamlarılnın diqqətini çəkmişik”.

K.Şiriyeva qeyd edib ki, ermənilər illərdir burada məskən salıblar:

“Öz sözlərini deyə, kanadalıları öz dırnağarası həqiqətlərinə inandıra bilirlər. Onları dinləyəndən sonra bir də bizi dinləyirlər. Reallıq nədirsə, ondan da xəbərdar olurlar. İcazə vermirik ki, Azərbaycan əleyhinə əks ifadələr səslənsin, vətənimiz və xalqımız haqqında yalan-yalnış informasiyalar yayılsın”.

K.Şiriyeva qeyd edib ki, psixoterapevt kimi də Kanada cəmiyyətində kifayət qədər tanınır:

“Bu barədə yaxşı olar ki, pasientlərim və ətrafımda olan şəxslər danışsın. Çox şadam ki, azərbaycanlıyam və vətəni üçün çalışan, Azərbaycanı layiqincə təmsil etməyi bacaran bir vətəndaşam. Bu istiqamətdə də layihələrimiz davam edəcək. Gücümüzü dünyaya göstərəcəyik. Çox yaxşı olardı ki, Azərbaycandan maddi də olmasa mənəvi dəstək alaq. Bizim üçün önəmli olan mənəvi dəstəkdir”.

Şərhlər

Yaz...