Tarix: 18.07.2024 / 10:09
Çox sayda təşkilat var, amma ortada heç nə yoxdur   - Diaspora fəalı

Çox sayda təşkilat var, amma ortada heç nə yoxdur - Diaspora fəalı

“Hazırda Rusiya Federasiyasının Novosibirsk şəhərində diaspor işi çox zəifdir, birtərəflidir. Diaspor üzvləri ancaq özlərinə sərfəli olan tədbirlər təşkil edir, ora yalnız maliyyəsi olanları dəvət edirlər. İşi səmərəli koordinasiya edən gənclər isə ortada yoxdur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Novosibirskdə yaşayan gənc diaspor fəalı, poliqlot, məktəb qurucusu Nigar Cəbrayılova deyib.

N.Cəbrayılovanın sözlərinə görə, diaspora sahəsində koordinasiya məsələlərində keyfiyyəti artırmaq üçün idarəetmə orqanı yaradılmalıdır:

“Müxtəlif diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və onların maraqlarını dövlət qurumları qarşısında təmsil edəcək ixtisaslaşmış orqanın yaradılması vacibdir. Hazırda çox sayda təşkilat var, amma ortada heç nə yoxdur”.

Gənc diaspor fəalı əlavə edib ki, bu işdə aydın məqsəd və strategiyanın müəyyən edilməsi də mühüm məsələlərdəndir:

“Birliyin möhkəmləndirilməsinə, ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi üçün ümumi məqsəd və strategiya işlənib hazırlanmalıdır. Diaspor təşkilatlarının əsas səhvi ən azı bir il üçün dəqiq planlarının olmamasıdır. Yəni hər şey plansız baş verir”.

“Diaspor icmalarının liderləri üçün idarəetmə və koordinasiya bacarıqlarını artırmaqdan ötrü təlim proqramları həyata keçirilməlidir. Rusiyanın digər şəhərlərindəki Azərbaycan diasporları Novosibirskdəki təşkilatlardan xeyli geri qalır. Gənclərə çox az diqqət yetirilir, yaşlı nəsil gənclərlə rəqabət aparır. Bu mübarizənin niyə aparıldığı isə bəlli deyil”, - deyə o bildirib.

N.Cəbrayılova qeyd edib ki, diasporlar arasında daimi ünsiyyət və məlumat mübadiləsində fayda var:

“Çox istərdim ki, məlumat mübadiləsi, cari problemləri müzakirəsi həyata keçirilsin, ümumi həll yollarının tapılması üçün müntəzəm görüşlər, konfranslar, forumlar təşkil edilsin. Dəfələrlə şəhərimizdə diasporamız tərəfindən forumların təşkili ilə bağlı ideyalar səslənib, ancaq bunu etməyə maliyyə olmayıb. Hamı idarəçi olmaq istəyir, amma heç kim iş görmək istəmir”.

N.Cəbrayılovanın fikrincə, diaspor fəaliyyətinin inkişafına və koordinasiyanın gücləndirilməsinə yönəlmiş layihələrə maliyyə dəstəyi lazımdır:

“Bizim şəhərdə maliyyə dəstəyi yalnız idman və kiçik tədbirlərə yönəlib. Yerli diaspor təhsilə, müəllim olmaq istəyənlərə, yaradıcı insanlara dəstək verməyə hazır deyil, digər işlərin isə ancaq adı var, keyfiyyəti yoxdur. Mən demirəm ki, hər şey pisdir, amma diasporumuz mehriban, fəal olsaydı, maliyyə düzgün strukturlara yönəlsəydi, yaşlı nəsil gəncləri dəstəkləsəydi, hər şey daha yaxşı olardı. Ümid edirəm ki, yaxın gələcəkdə hər şey yaxşılığa doğru dəyişəcək”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...