Tarix: 16.07.2024 / 12:23
“Qızıl Visa”ya layiq görülən  ilk  azərbaycanlı həkim

“Qızıl Visa”ya layiq görülən ilk azərbaycanlı həkim

“2016-cı ildən etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayıram və burada çalışıram”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru, ağız, çənə və üz cərrahiyəsi üzrə mütəxəssis, Azərbaycan Könüllüləri Assosiasiyasının Xarici işlər üzrə koordinatoru Sabrin Əli Əzim deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycan və BƏƏ universitetləri arasında müqavilə bağlanılmasına nail olub:

“Nəticədə BƏƏ-dəki tələbələrimlə Azərbaycanda səfərdə olduq. Xüsusilə tələbələrim ağız və çənə cərrahiyyəsi üzrə treninqlərdə iştirak etsinlər deyə belə bir addım atdıq. Biz hətta elmi işimizi Azərbaycan Tibb Universitetində xarici tələbələrlə birgə həyata keçirdik. Onlar Azərbaycana gələndə milli-mənəvi dəyərlərimizi, tariximizi tanıtmışıq”.

Sabrin Əli Əzim qeyd edib ki, Azərbaycanı müxtəlif platformalarda keçirilən beynəlxalq konfranslarda da tanıdır:

“Harada yaşamağımdan asılı olmayaraq Azərbaycanı tanıtmağı və təbliğ etməyi özümə borc bilirəm. Azərbaycanlı xanımlardan ibarət qrup yaratdım, görüşlər keçirdik. Həm uşaqlarımız dilimizi bilsinlər, həm də bir-birimizə dəstək, kömək edib tanıyaq deyə belə bir addım atdım. Eyni zamanda da müharibə ərəfəsində və Zəfər günündə bir azərbaycanlı kimi burada yaşayan xaricilərə məlumatlar çatdırdıq. Qarabağda yaralanan əsgərlərin müalicəsilə əlaqədar mən və Tibb Universitetindən olan Biokimya həkimi ilə birgə elmi iş aparmışdıq. Bu işimiz Türkiyədə, Qazaxıstanda və müxtəlif ölkələrdə böyük konfranslarda təqdim olundu. Həmin təqdimatımız da məhz Qarabağ haqqında təqdimatla başlamışdı”.

Soydaşımız qeyd edir ki, 2017-ci ildə Azərbaycan həkimləri lisenziyadan çıxarılıbmış:

“Bunu geri qaytarmaq üçün çox çalışdım. Həmin ərəfədə Nadir Zeynalov mənə çox dəstək oldu. Nəticədə Azərbaycan hazırda bu siyahıda var. Bundan sonra Pakistanda yerləşən Rifai Universiteti və Azərbaycan Tibb Universiteti arasında müqavilə bağlanılmasına nail olmuşdum. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibb Universitetinə səfərlər etdim. Nəticədə də bu il “Medical Education”la bağlı konfrans keçirildi. Müxtəlif ölkələrdən professorlar Azərbaycana gəldilər”, - deyə Sabrin Əli Əzim bildirib.

O, qeyd edib ki, diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızı tanıtmaq, gördüyü işləri işıqlandırmaq lazımdır:

“Bir həkim, elmi işçi olaraq düşünürəm ki, Azərbaycan diaspor işini təkcə bayramları təqdim etmək, yaxud da səfərlər edərək Azərbaycanı tanıtmaq kifayət etmir. Mən istəyərdim ki, elmi işə daha ciddi baxsınlar, qrantlar ayrılsın. Vətənimiz üçün bu qədər işlər görən insanlar Azərbaycanda tanıdılmalıdır. Elə soydaşlarımız var ki, həm xaricdə öz ixtisası üzrə çalışır, həm də vətənini unutmur, Azərbaycanı təbliğ edir. Məsələn, mən hər fürsətdə, hər tətildə mütləq Azərbaycana səfərlər edirəm və Azərbaycan Tibb Universitetində müxtəlif tədbirlərdə iştirak edirəm, təmənnasız kurslar yaratmışam. Qarabağ şəhidlərinin ailələrinə könüllü yardım etmişik. Nə etmişəmsə, öz hesabıma etmişəm. Maraqlanan, yaxud da soruşan olmayıb. Özüm öz yolumla Azərbaycanı tanıtmağa çalışıram. Burada ilk azərbaycanlıyam ki, “Qızıl Visa”ya layiq görülmüşəm. Həmin viza nadir bir ixtisası onlara verilir. Qısa zamanda xeyli işlər gördüyümü düşünürəm. Çox istəyərdim ki, gələcəkdə bizimlə maraqlansınlar. Məsələn, Azərbaycanda “COP29” keçiriləcək. Niyə xaricdə fəaliyyət göstərən elm adamları, həkimlərimiz orada iştirak etməsinlər?!”, - deyə Sabrin Əli Əzim qeyd edib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...