2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal aldı. Azərbaycanın əleyhinə hibrid təhdidlərdən istifadə edildi.
Hibrid təhdidlər dövlətlərin və “maraqlı” qüvvələrin müharibə elan etmədən öz (strateji) məqsədlərinə çatmaq üçün hədəf ölkəyə və ya instituta qarşı dezinformasiya kampaniyalarından, kiberhücumlardan, iqtisadi və diplomatik təzyiq alətlərindən, gizli siyasi manevrlərdən və digər zərərli vasitələrdən istifadə etməsini nəzərdə tutur.
Bir sıra dövlətlərin hibrid təhdidlərə üstünlük verməsinin əsas səbəbi də məhz budur ‒ beynəlxalq məsuliyyətdən yayınmaq. Onlar öz məkrli niyyətlərini hibrid təhdid oyunçuları vasitəsilə həyata keçirir və bu oyunlarına digərlərini də şərik və alət edə bilirlər. Doğrudur, hər bir məsələdə istisna olduğu kimi, burada da beynəlxalq hüquq normalarını və prinsiplərini tapdalayan Ermənistan Respublikası sayaq dövlətlərə rast gəlmək mümkündür.
Ölkəmizə qarşı istifadə edilən əsas hibrid təhdid növü dezinformasiya və onunla əlaqədar aparılan qarayaxma kampaniyaları idi. COP tədbiri günlərində saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirilirdi. Təbii ki, onların bu fəaliyyətinin qarşısı qətiyyətlə alınırdı.
İkinci geniş istifadə olunan növ isə “Lawfare”, yəni hüquq və müharibə terminlərinin kombinasiyasından meydana gələn, hüquqi vasitələrdən və qanuni institutlardan digərlərinə qarşı “silah” kimi istifadəni özündə ehtiva edən hibrid təhdid növüdür.
Təkcə 2024-cü ilin oktyabr ayında AŞPA-nın, Avropa Parlamentinin, ABŞ, Niderland, Fransa və İsveçrə kimi ölkələrin parlamentlərinin əməkdaşlıq ruhuna zidd və səlahiyyətlərini aşan hərəkətlərini, habelə daxili işlərimizə müdaxilə cəhdlərini qeyd etmək olar.
ABŞ Konqresində anti-Azərbaycan çıxışlarının və qətnamə layihələrinin beşiyi başında duran şəxslərdən biri də məhz Bob Menendes idi.
Onun həyat yoldaşının erməni əsilli Nadin Arslanyan olması isə Azərbaycana qarşı nifrətini daha da artırırdı. 2024-cü il oktyabrın 1-də Avropa Şurasının Parlament Assambleyasında “Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin, qanunun aliliyinin və demokratiyanın pisləşməsi” adı altında keçirilən müzakirələr göstərdi ki, ənənəvi olaraq Azərbaycan əleyhinə danışan şəxsləri bu dəfə eyni tezislər, fikirlər və səsləndirdikləri ittihamlar birləşdirirdi – COP29, Ermənistanla münasibətlər, insan hüquqları, media azadlığı və sair. Bu şəxslərin kimliyini ayrı-ayrılıqda araşdıranda bir çoxunun Ermənistan və erməni lobbisi ilə sıx əlaqələrinin olduğu təsdiqini tapdı.
2024-cü il oktyabrın 3-də ABŞ Konqresinin 60 üzvü həmin ölkənin dövlət katibinə müraciət edərək Azərbaycana təzyiq göstərilməsini tələb etdilər. Onlar arasında bir çox konqresmeni, o cümlədən Nyu-Cersidən Nümayəndələr Palatasının üzvü seçilmiş oğul Robert Menendes də var idi. Həmin müraciətdə konqresmenlər “Human Rights Watch” və “Freedom House” kimi təşkilatlara, erməni müəlliflərə və ya Ermənistanda fəaliyyət göstərən media resurslarına istinad edərək Azərbaycanı bir sıra məsələlərdə günahlandırırdılar. AŞPA-dakı müzakirələrdə də, nə qədər qəribə görünməsə də, “Freedom House”a istinad edilərək ölkəmizə qarşı ittiham səsləndirilirdi.
2024-cü il oktyabrın 10-da Niderland Parlamenti Nümayəndələr Palatasının üzvləri İsa Kahraman və Don Sederin müəllifi olduqları iki anti-Azərbaycan qətnaməsi qəbul edildi. Qətnamələrdə yenə oxşar tezislər var idi: Ermənistan, erməni mirası, müharibə cinayətləri törədənlərin azadlığa buraxılması və sair.
Diqqət çəkən məqam hər iki şəxsin Niderlanddakı erməni lobbisi və Ermənistan Səfirliyi ilə yaxın əlaqələrə malik olmasıdır. Digər maraqlı məqam isə ondan ibarətdir ki, bu qətnamələr qəbul olunduğu gün Ermənistan Səfirliyi tərəfindən Haaqa şəhərində müstəqillik gününün 33-cü ildönümü ilə bağlı ziyafət təşkil olunub. Belə çıxır ki, Niderland Parlamenti Ermənistan Respublikasını özünəməxsus şəkildə təbrik edib.
2024-cü il oktyabrın 24-də Avropa Parlamenti növbəti dəfə anti-Azərbaycan qətnamə qəbul etdi. “Azərbaycanda vəziyyət, insan hüquqları və beynəlxalq hüququn pozulması, habelə Ermənistanla münasibətlər” adlı qətnamədə digər parlamentlərdə səslənən eyni tezislərin şahidi olduq. Burada da “Freedom House”-a istinada rast gəlmək olur. Eyni zamanda bu qətnaməyə səs verən parlament üzvlərinin fəaliyyətini araşdırdıqda yenə də ermənilərlə əlaqələrə rast gəlmək olur.
Bütün bu faktlar və sübutlar onu bir daha göstərir ki, həmin parlamentlərin hər birində erməni lobbisi ilə sıx bağlı olan şəxslərdən istifadə edilməklə Azərbaycana qarşı əlaqələndirilmiş şəkildə hibrid hücumlar həyata keçirilir.
Araşdırmalar zamanı COP29 ərəfəsində bir sıra QHT-lərin koalisiyalar və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdikləri və təşəbbüslər irəli sürdükləri, qərəzli və birtərəfli hesabatlar hazırladıqları müəyyən edilib.
Belə təşkilatlardan biri də “Human Rights Watch”dur. Mənzil-qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən bu təşkilat maliyyə mənbələrini gizli saxlayır. Onun saytında 2023-cü ilin oktyabr ayından bu günədək Azərbaycan əleyhinə 65 yazı dərc olunub. Təşkilatın İdarə Heyətinin həmsədri Emi Raonun erməni əsilli Ruben Vardanyanın Avroradakı şirkəti ilə əlaqəsi var.
“Amnesty International” - mənzil-qərargahı Londonda yerləşən bu təşkilat Azərbaycana qarşı fəaliyyətdə yaxından iştirak edir. Son bir ildə ölkəmiz əleyhinə yazılan 32 məqalədən 10-u sırf COP29-la bağlıdır. 2023-cü ildə təşkilatın gəlirləri 370 milyon dollar təşkil edib. Vəsaitin konkret hansı donorlardan alınması və hara xərclənməsi barədə məlumat açıqlanmır. Yalnız ümumi məlumatlar təqdim edilir.
Ermənistan hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyada bir sıra lobbi şirkətlərindən istifadə olunur. Onlardan biri də NATO-nun sabiq Baş katibi Adres Foq Rasmussenin "Rasmussen Global" şirkəti və onun rəhbərliyi ilə fəaliyyət göstərən "Ermənistanın dostları şəbəkəsi"dir ki, həm də COP29-la bağlı Azərbaycana qarşı kampaniyada aktiv iştirak edirdilər. 2023-cü ilin martından “Rasmussen Global” Aİ-dən bir sıra sabiq vəzifəliləri "Ermənistanın dostları şəbəkəsi"nə cəlb edərək Ermənistan hökumətinə lobbiçilik xidməti göstərir.
COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri də zəngin iş adamları tərəfindən PR və mənfi imic formalaşdırmaq sahəsində təcrübəsi olan şirkətlərin bu işə cəlb edilməsi olub. Araşdırma nəticəsində bəlli olub ki, David Vardanyan (Ruben Vardanyanın oğlu) və Nubar Afeyan kimi zəngin iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil ediblər.
Vardanyan və Afeyan cütlüyünün antiAzərbaycan kampaniyasındakı taktikası tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurulub.
Onlar insanların etibarından sui-istifadə edərək, Avrora Humanitar Təşəbbüs Fondu və təsis etdikləri “Avrora” mükafatı vasitəsilə xeyriyyə tədbirləri adı altında öz məkrli fəaliyyətini həyata keçiribrlər. Onlar Klintonlar ailəsinin üzvü olan Çelsi Klintonu “Avrora” mükafatının Seçim komitəsinə üzv qəbul ediblər. Həmçinin Seçim komitəsinin bir sıra üzvləri COP29 və Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olublar.
Eyni zamanda, Vardanyanlar ailəsi bu işlərinə adı bir sıra qalmaqallarda çəkilən “Edelman” PR şirkətini və “Perseus Strategies” hüquq firmasını cəlb edibdir. “Edelman” şirkəti #FreeRubenVardanyan və #FreeArmenianPrisoners həştəqləri yaradaraq sosial media kampaniyası aparır.
Onların məqsədi dünya miqyasında dəstək əldə etməklə, petisiyalar və məktublar formasında təzyiq göstərməklə, müxtəlif rəsmiləri, özəl təşkilatları və media qurumlarını cəlb etməklə Azərbaycana qarşı kütləvi hücumlar təşkil etməkdir. Yaratdıqları www.freearmenianprisoners.com saytında inandırıcı görünməsi üçün Azərbaycan da daxil olmaqla, guya 109 ölkədən Ruben Vardanyan kampaniyasına dəstək verildiyi görüntüsünü yaradırlar. Sadəcə, ölkələrin adlarını və uydurma insan adlarını yazmaqla kütləvilik olduğunu göstərmək istəyirlər.
Göründüyü kimi, araşdırmalar və əldə edilən materiallar bir daha göstərir ki, anti-Azərbaycan kapaniyasının arxasında erməni lobbisinə bağlı adamlar və təşkilatlar dayanır.
Şahanə Rəhimli
Musavat.com