Tarix: 08.09.2024 / 14:49
 Cənublu mühacirlərin birləşmə ideyası…    - Niyə reallaşmır?

Cənublu mühacirlərin birləşmə ideyası… - Niyə reallaşmır?

Avropa və Amerikadakı Azərbaycan cəmiyyətlərinin fəalları arasında keçirilən görüşlərdə ortaq əməkdaşlıq yolları müzakirə edilirdi. İlk öncə Azərbaycan Kültür Ocağının orqanı olan “Savalan” dərgisinin ortaq şəkildə çıxarılmasına qərar verilmişdi. 1997-ci ilin əvvəlində Almaniyadakı təşkilatlar konfederasiya yaratmışdılar. Qurumun Vaşinqton toplantısına göndərdiyi məktubda bütün dünyadakı Azərbaycan cəmiyyətlərinin vahid konfederasiya halında birləşməsi arzu olunurdu. Belə bir birliyə Almaniyada fəaliyyət göstərən qurumların can atması qeyd olunan İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi ölkənin ictimai-siyasi və tarixi həyatında baş verən əsaslı hadisələrin özünəməxsusluğundan irəli gələn səbəblərlə bağlı idi.

Birləşmə ideyası cənublu mühacirlər arasında 1995-ci ildən etibarən geniş şəkildə yayılmağa başladı. Onların fəaliyyətində məhz Vahid Azərbaycan ideyası aparıcı yer tuturdu.

Hollandiyadakı Azərbaycan mühacir təşkilatları öz mövqelərini bildirərək qeyd edirdilər ki, onlar qəlblərində yanan bir məşəl gəzdirirlər: güneyli, quzeyli vahid Azərbaycana müqəddəs sevgi məşəlini 27-29 iyul 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Cənubi Azərbaycan diasporu ilk dəfə olaraq bir araya gəldi və birlik nümayiş etdirərək rəsmən bəyan etdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlıların problemlərini beynəlxalq təşkilatların, ABŞ hökuməti və Konqresinin qarşısında qaldırıb həllinə çalışacaqlar. Bu toplantıda əsası qoyulmuş DAK öz sıralarında milli məsələnin həllinə ən müxtəlif yanaşma və baxışları olan azərbaycanlıları birləşdirirdi. Burada gələcəkdə çoxluğun hakimiyyəti ələ alması ilə İranı bir türk dövlətinə çevirmək ideyası, İranın sərhədləri daxilində Azərbaycana muxtariyyət verilməsi və nəhayət, Azərbaycanın müstəqil olması və Şimali Azərbaycanla birləşməsi ideyasının tərəfdarları da var idi. Hətta qurultay zamanı (II qurultayda da təkrarlandı) Azərbaycan, yoxsa İran bayrağının baş üzərindən asılması mübahisə doğurdu. Bəzi tədqiqatçılar bunu cənublularda irançılıq mövqeyinin daha güclü olması kimi qiymətləndirsələr də, fikrimizcə, bu türk, türk kimliyi ilə bağların zəifliyi kimi başa düşülməməlidir. Əslində bu, normal siyasi polemikadır. Əgər 40 milyonluq bir xalq öz birliyini dərk edib bir araya gəlirsə və hamı üçün ümumi olan problem müzakirə predmetinə çevrilirsə, orada mütləq fikir plüralizminə üstünlük verilməlidir. Bu mənada qurultaya toplaşanların bir qismi Vahid Azərbaycan şüarını irəli sürməyən azərbaycanlılar idi. Onlar azərbaycanlıların pozulan hüquqlarını və xüsusilə ana dilinin qorunması məsələsinə hörmətlə yanaşılmasını istəyirdilər. Qeyd olunurdu ki, bu tədbir bəzilərinin iddia etdiyi kimi, heç də İran dövlətinin parçalanmasına yönəlməyib. DAK-ın təsis edilməsi Amerikada yaşayan azərbaycanlıların təşkilatlanmasına doğru addım və milli oyanışın əlaməti kimi qəbul edilirdi.

Cənublu mühacirlərin Los-Anceles forumu, məsələyə hətta minimal effekt baxımından yanaşdıqda belə uğurlu, faydalı sayılmalıdır. Onun təşkilinin stimulu olan yeni meyllər isə Azərbaycan diasporunun daha mütərəqqi, yurdsevər təbəqəsinin fəaliyyətinin daha geniş tutumlu ictimai-siyasi fəallıq müstəvisi üzərinə keçməkdə olduğunu açıq göstərirdi. Burada məsələnin müsbət tərəflərindən biri də ondadır ki, konqresin işində çeşidli təbəqələri təmsil edən, fərqli görüşlərin daşıyıcısı olan azərbaycanlılar üçün əslində eyni dərəcədə aktual məsələlər barədə fikir mübadiləsi aparıldı. Eləcə də Azərbaycan və azərbaycanlıların hüquqları, köklü milli maraqları uğrunda irimiqyaslı ictimai-siyasi, o sıradan da lobbiçilik fəaliyyətinin gücləndirilməsinin zəruriliyi fikri konqresdə ilk dəfə olaraq açıq, birmənalı vurğulandı. Müsbətə doğru belə kəskin dönüş mühacirətdəki azərbaycanlıların milli şüur səviyyəsinin yüksəlişinin göstəricisi idi.

1997-ci ildə İsveçdə türk və fars dillərində hazırlanan “Tribun” dərgisi 90-cı illərdə xarici ölkələrdə azərbaycanlılar tərəfindən nəşr edilən mətbu orqanları arasında həm elmi, məzmun və ideya baxımından, həm də tərtibat cəhətdən fərqlənirdi. Dərgidə əsasən ictimai-siyasi, sosial, mədəni mövzularda yazılar çap edilirdi. Burada nəşr edilən “Milli kimlik və ortaq dil”, “Azərbaycana qarşı milli zülm”, “Dil və dinə əsaslanan etnik millətçilik”, “Milli məsələyə yeni bir baxış”, “Türk dili və ədəbiyyatının yüksək yeri”, “İranda 20 milyon azərbaycanlı azlıqlar” və s. kimi məqalələrdə İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi Azərbaycan dilinin assimilyasiyası məsələsi hərtərəfli işıqlandırılırdı. Məqalələrin birində qeyd edilirdi:

“...Hər azərbaycanlı bilməlidir ki, onun min illərdən bəri qorunub, saxlanılıb və inkişaf etmiş ana dili bu gün bizi sevməyən qüvvələrin bizi mənəvi məhv etmək üçün cızdıqları qara planda birinci yeri tutur” “Onların 70-ci ildən bəri davam edən siyasi planları bizi mənəvi qətliam etməkdir. Mənəvi qətliam qaz otaqlarında, ya da dar ağacından asmaqla olmur, bu qara hədəf ana dilimizin məhv olması ilə icra olunur”.

1997-ci ilin aprel-may aylarında Kanadanın Vankuver şəhərindən yayınlanmağa başlayan “Azərbaycan radiosu” cənubi azərbaycanlılarda milli özünüdərkin güclənməsi, mənəvi cəhətdən daha sıx birləşməsi və problemlərinin dünya ictimaiyyətinə çatdırlması yönündə fəaliyyət göstərirdi.

30-31 may 1998-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda DAK-ın II qurultayı keçirildi. Bu dönəmdən etibarən DAK-a Kaliforniyada yaşayan Əli Nəzmi başçılıq edirdi. Vaşinqton qurultayında İranda insan hüquqlarının pozulmasını və orada yaşayan 30 milyonluq Azərbaycan türkünün haqqının tapdalanmasını ifadə edən etiraz bəyanatı qəbul olunmuşdu. Cənubi Azərbaycan haqqında qəbul edilən qətnamədə ana dilinin qorunması ilə bağlı müddəalar da əks olunurdu:

“İran dövlətindən istənilir ki, Cənubi Azərbaycanın tarixi torpaqlarında yaşayan 30 milyonluq Azərbaycan türklərinə ilk məktəbdən başlayaraq universiteti qurtarana qədər ana dilində təhsil alma imkanı yaradılsın...”, “Cənubi Azərbaycanda ana dilində və ədəbi formada radio və televiziya proqramları hazırlanıb verilsin, ana dilində mətbuat azadlığı təmin edilsin...”.

Burada qaldırılan məsələlər I Qurultayda qaldırılan məsələlərdən fərqlənməsə də daha konkret və aydın qoyulmuşdu. Cənubi azərbaycanlıların diasporunun intellektual müstəvidəki fəaliyyətinin davamı olaraq 20-21 noyabr 1998-ci ildə Berlində (Almaniya) “Əsrin astanasında Güney Azərbaycan” mövzusunda keçirilmiş elmi seminarda professor M.Zehtabi (Təbriz), doktor Ziya Sədrul Əşrəfi (Paris), Həsən Şəriətmədari (Hamburq), Stokholmda çıxan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, yazıcı Behruz Həqqi (Köln) və Mayntsda (Almaniya) nəşr edilən “Azərbaycanın səsi” dərgisinin baş redaktoru Sirus Mədədinin Cənubi Azərbaycanla bağlı məruzələri dinlənmiş və müxtəlif siyasi baxışlara malik olan mühacirlər həmin tədbirdə Cənubi Azərbaycanın tarixi, bu günü və gələcəyi barədə elmi fikir mübadiləsi aparmışdılar.

DAK-ın III Qurultayı 3-5 oktyabr 1999-cu ildə 300-dən çox nümayəndənin iştirakı ilə Köln şəhərində keçirilmiş və əsasən 4 məsələ ətrafında (Güney Azərbaycanda milli-azadlıq hərəkatı, Şimali Azərbaycanın işğal olunmuş əraziləri və Qarabağ məsələsi, Azərbaycanda demokratiya və insan haqları, dünyada fəaliyyət göstərən Azərbaycan cəmiyyət, dərnək və təşkilatları ilə sıx əlaqələrinqurulması) müzakirə keçirərək Cənubi Azərbaycanda insan haqlarının pozulmasını əks etdirən, Şeyx Məhəmməd Xiyabaninin “Müstəqil olmayan bir millətin hörmət və izzəti olmaz. Ey ölməz Azərbaycan, başını qaldır və əbədi yaşa” sözləri ilə başlayan bəyanat qəbul etmişdi. Bu sənəd BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına göndərilmişdi.

DAK-ın IV Qurultayı ABŞ, Kanada, Fransa, Almaniya, Belçika, İsveç və İsveçrədən 100-dən çox nümayəndənin iştirakı ilə 21- 22 oktyabr 2000-ci ildə Fransanın Strasburq şəhərində keçirilmişdi. Qurultayda əsas mövzular İran rejiminin Güney Azərbaycandakı müstəmləkəçilik siyasəti, Güney Azərbaycanda gedən milliazadlıq hərəkatının vəziyyəti və onun qarşısında duran vəzifələr, işğal olunmuş ərazilər və Qarabağ problemi, Azərbaycanda demokratiya və insan haqları idi. Qurultayda Cənubi Azərbaycanda ana dili və hakim rejim məsələləri, azərbaycanlıların diaspora fəaliyyəti, lobbiçiliklə bağlı problemlərdən İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi daha geniş bəhs olunmuş və vahid informasiya məkanının yaradılması məsələsi qaldırılmış, “Dünya azərbaycanlıları” dərgisinin təsis edilməsi qərara alınmışdı.

Bu təşəbbüslər DAK-ın V Qurultayında da (10-12 avqust 2001-ci il, Malmo) irəli sürülmüşdü. Bununla yanaşı, fars şovinizminin qurbanı olan şəxslərin, təşkilatların, mətbuat orqanlarının qarşılaşdığı problemlərin beynəlxalq təşkilatlara çatdırılması, onların haqlarının müdafiə edilməsi, bölünmüş millət məsələsinin BMT səviyyəsinə qaldırılması müzakirə mövzusu olmuşdu.

Qurultaylarda Cənubi Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bəyanat və müraciətlər qəbul edilərək BMTnin baş katibinə və BMT-nin Təhlükəsizlik Şurasına göndərilmişdi. Bütün bunlar bizə onu deməyə əsas verir ki, ana dili məsələsi əvvəllərdə olduğu kimi yalnız Cənubi Azərbaycanın elementar milli-mədəni hüquqları problemi səviyyəsində deyil, artıq qlobal, əsaslı milli-siyasi maraqlar problemi kimi önə çəkilirdi. 80-ci illərin sonundan müzakirə mövzusu olan vətən-diaspor əlaqələri, diasporun intellektual və iqtisadi potensialının milli maraqlar istiqamətində hərəkətə gətirilməsi məsələsi nəhayət 8-9 noyabr 2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının I qurultayında dövlət əhəmiyyətli məsələ kimi qoyuldu və azərbaycançılıq əsas milli-ideoloji doktrina elan edildi. Konkret olaraq qurultaya Cənubi Azərbaycandan qonaq dəvət olunmamasına, mühacir cənubi azərbaycanlıların İranda ana dilindən istifadə hüquqlarının təmin edilməsi uğrunda mübarizəsinə dövlət dəstəyi müşahidə edilməməsinə baxmayaraq, cənublu mühacirlərin bu qurultaya qatılmasını İran hökuməti etirazla qarşılamış, Tehrandan yayımlanan radio və televiziyalarda qeyd olunan tədbir çox kəskin tənqid olunaraq “İranın daxili işinə müdaxilə” kimi qiymətləndirilmişdi.

Yeganə Hacıyeva

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent


Şərhlər

Yaz...