Tarix: 14.08.2024 / 19:00
Diasporun ANA DİLİ uğrunda mübarizəsində  Nurəddin Qərəvi faktoru

Diasporun ANA DİLİ uğrunda mübarizəsində Nurəddin Qərəvi faktoru

Müasir Azərbaycan milli hərəkatının nüvəsi Cənubi Azərbaycanda yerləşsə də xaricdəki cənublu azərbaycanlıların bu milli mübarizə prosesindən kənarda qaldığını söyləmək düzgün olmazdı. Azərbaycanlılar mühacirət etdikləri Avropa və Amerika ölkələrində ana dilini, milli-mənəvi dəyərləri, mədəni irsin qorunması missiyasını şərəflə yerinə yetirmişlər. Xaricdə yaşayan cənublu azərbaycanlıların yaratdıqları mərkəz və cəmiyyətlər parçalanmış vətənin problemlərinin beynəlxalq arenaya çıxarılmasında, dünya ictimaiyyətində Azərbaycan türklərinin bölünmüş xalq olması haqda rəyin formalaşdırılmasında böyük rol oynayıb.

Avropadakı cənubi azərbaycanlıların böyük bir qismi Almaniyada yaşayır və diaspor fəaliyyəti digər Qərb ölkələrinə nisbətən bu ölkədə daha fəal görünür. Almaniyadakı cənublu mühacirlərin konkret olaraq ana dili uğurundakı mübarizəsi geniş və çoxaspektlidir. Əvvəla, onu qeyd etmək lazımdır ki, sözügedən ölkə cənubi azərbaycanlıların azərbaycandilli mühacir mətbuatının yaranması və fəaliyyəti sahəsində şəriksiz mərkəzidir. Təkcə bu faktı demək kifayətdir ki, Almaniyadakı cənublu mühacirlər 1984-1995-ci illər ərzində 20-dək müxtəlif qəzet-jurnal nəşr etmişlər. 1984-cü ildən bu günədək nəşr edilən “Ana dili” (Bonn), 1986-cı ildə Hamburqda işıq üzü görən “Azərbaycanın səsi”, 1988-ci ildə “Azərbaycan kültür ocağı”nın orqanı kimi fəaliyyət göstərən “Savalan” (Qərbi Berlin-Bonn), 1988-1991-ci illərdə Qərbi Berlində çap olunan “Qaynarca”, 1990-cı ildə “Azər”, həmin il bütün Avropa ölkələrində Almaniyadakı “Azərbaycan kültür ocağı”nın orqanı kimi yayılan “Ocaq-info”, cənublu milli qüvvələrin mühacirətdəki şovinist-paniranist dairələrlə ideoloji savaş aparmaq, Azərbaycan milli məsələsini iranlı mühacir kütləsi arasında bir daha qaldırmaq məqsədilə 1991-ci ildə Kölndə fars dilində nəşr edilən “Girdəmiz” (“Dəyirmi masa”), 1993-1994-cü illərdə “Bayquş” (latın qrafikası ilə), 1995-ci ildə “Ulus” və “Azərbaycan səsi”, 1993-cü ildə Bonnda “Atürpat”, 1994-cü ildə əsası Kassel şəhərində qoyulan “Azərbaycan” adlı mətbu orqanların fəaliyyətinin əsas qayəsi milli haqlar və ana dili uğrunda mübarizə idi. Bu nəşrlərin tematikasına nəzər salanda aydın görünür ki, orada radikal siyasi mübarizə elementləri, siyasi çağırış və tələblər yoxdur və ya varsa da qabarıq deyil, onların səhifələrində ana dili, elementar milli-mədəni haqlar məsələlərinə daha çox yer verilir. Avropada yaşayan cənubi azərbaycanlıların milli məsələnin həlli uğrunda fəaliyyətinin əsas istiqamətləri sırasında mətbuatla, beynəlxalq təşkilatlarla işini və ayrı-ayrı mədəni tədbirlərini xüsusi vurğulamaq olar.

Almaniyanın Bonn şəhərində yaşayan fəal milli-demokratlardan Nurəddin Qərəvinin də bu mübarizədəki rolu danılmazdır və xüsusi qeyd edilməlidir. O, 1984-cü ildə Bonnda fəaliyyətini hələ də davam etdirən “Ana dili” adlı qəzetin əsasını qoymuş, mühacirlərin milli şüurunun artması istiqamətində xeyli iş görmüşdü. Bu qəzet bütün Avropa ölkələrində, ABŞ, Kanada, Şimali Azərbaycan, Türkiyə, İran, İraq və digər ölkələrdə yayılırdı.



Avropadakı cənublu azərbaycanlıların milli haqlar, dil və mətbuat müstəvisindəki mübarizəsində “Ana dili” qəzeti əhəmiyyətli rol oynamışdır. Nəşr oldunduğu gündən müstəqil Azərbaycan idealını özünün əsas hədəfi seçmiş qəzet o taylı-bu taylı Azərbaycanda baş verən bütün vacib hadisələrə səhifələrində yer ayırır milli hüquqların, o cümlədən ana dilinin qorunması məsələsini daim diqqətdə saxlayır. “Ana dili”ndə tədris sisteminin fars dilində olmasının türk uşaqlarına mənfi psixoloji təsirlərindən söz açan onlarla məqalə işıq üzü görmüşdür. Həmin məqalələrin birindən qısa bir parçanı nəzərdən keçirək:

“İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi “7 yaşına qədər ana dilinə qarşı qazandığı hiss və sevgilərin çiçəkləndiyi bir anda məktəbə getdiyi ilk gündən özgə bir dildə öyrənməyə məcbur edilir və bu, uşağın ruhunda, mənliyində yeni izlər qoyur”.

Qəzet araşdırma apararaq belə nəticəyə gəlir ki, ailə və məktəbdə hakim olan fərqli şərait uşağın şüurunda doğma dili haqqında mənfi baxışın yaranmasına, yəni bu dilin pis (kobud) və az dəyərli olması haqqında təsəvvürün formalaşmasına səbəb olur. Əraq, Qəzvin və Həmədanda türk dilinə müəllimlərin qoyduğu qadağalar (valideynlərə deyilirdi ki, guya dövlət tərəfindən göstəriş verilmişdir ki, evlərdə farsca danışsınlar) qəzetin səhifələrində öz əksini tapmış və İran rejiminin atdığı bu addımlar kəskin tənqid olunmuşdur.



Almaniyadakı azərbaycanlıların keçirdiyi tədbirlər dil uğrunda mübarizənin tərkib hissəsi idi. Hər il 21 Azər hadisəsinin ildönümü münasibətilə keçirilən yığıncaqlarda ən çox səslənən şüarlar ana dili ilə bağlı idi. 1980-ci illərin sonlarına doğru müstəqil dövlət qurmaq ideyaları irəli sürülməyə başlandı. 12 dekabr 1987-ci ildə 21 Azər hadisəsinin ildönümü zamanı təşkil olunmuş tədbirlərdə əsas şüarlar bunlar idi:

“Özgürlük Azərbaycan xalqının vaz keçilməz hüququdur”, “Məhv olsun vətənimizə hakim olan irtica rejimi”, “Qurtulmaq üçün ayağa qalxmalıyıq və öz etirazlarımızı beynəlxalq dairələrə bildirməliyik”, “İranda demokratiyanın yaranması yalnız bütün İran xalqlarının öz milli hüquqlarına və özgürlüyünə yetişməklə mümkündür”.


Yeganə Hacıyeva

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər

Yaz...