Mədəni tədbirlər çərçivəsində atılan növbəti mühüm addım Azərbaycan mədəniyyət mərkəzlərinin birgə keçirdiyi birinci beynəlxalq qurultay oldu. Bu tədbir Türkiyənin İstanbul şəhərində 3-6 noyabr 1990-cı il tarixində keçirilmişdi. Qurultayda Berlindəki Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, mahir fırça ustası İbrahim Əhrari, İsveçrə radiosunda Azərbaycan dilində efirə gedən verilişin əməkdaşı Əlirza Ərdəbili, İngiltərənin Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, İsveçdəki (Stokholm) Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Heydər Qaraçal, İspaniyadakı “Azərbaycanın Dostları” cəmiyyətinin rəhbəri Cəlal Ərkin, Norveçdəki cəmiyyətin sədri Kamil Şüai, Fransadakı “Azərbaycanda demokratiya və insan hüquqları cəmiyyəti”nin sədri Haidə Bornak və başqaları Cənubi Azərbaycandakı vəziyyəti geniş şərh etmiş, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların əlaqələrini asanlaşdırmaq üçün vahid əlifbanın yaradılması ideyasını irəli sürmüşdülər. Növbəti belə tədbir İstanbul Kültür Ocağının 23 oktyabr 1994-cü ildə keçirilmiş Cənubi Azərbaycanda ana dili və fars şovinistlərinin zorakılıq siyasətinin müzakirəsinə həsr edilmiş qurultayı oldu.
Xatırladaq ki, Almaniyanın birləşməsi, Sovet imperiyasının dağılması, 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki milli-azadlıq hərəkatı, Azərbaycanın Cənubu ilə Şimalı arasındakı sərhədlərin yandırılması və nəhayət, Şimali Azərbaycanın yenidən müstəqillik qazanması adı yuxarıda çəkilən cəmiyyətlərin milli mübarizəni siyasi müstəviyə keçirməsinə rəvac verdi. Artıq Almaniyadakı “Azərbaycan kültür ocağı” beynəlxalq təşkilatlara göndərdiyi məktublarda, radio, televiziya verilişlərində və s. aksiyalarda siyasi məsələlər qoyurdu. Bu qurum 1991-ci ilin yanvarında BMT baş katibinə göndərdiyi məktubda millətlərin öz müqəddəratını təyinetmə haqqının Cənubi Azərbaycan xalqı üçün də icra olunmasını xahiş etmişdi. Həmin ilin may ayında eyni məzmunlu məktublar insan hüquqlarının müdafiəsi ilə İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi məşğul olan beynəlxalq qurumlara da ünvanlanmışdı. Məktublarda da beynəlxalq təşkilatların Cənubi Azərbaycanda insan haqlarının pozulmasına biganə münasibəti belə ifadə olunmuşdu:
“Güney Azərbaycanda 12 milyon azərbaycanlının öz fikrini azad bəyan etməsi bir yana qalsın, Tehran hakimiyyəti Azərbaycan məktəblərində və rəsmi dairələrdə Azərbaycan dilində yazıb, oxumaq və danışmağı da yasaq etmişdir. Təəssüf ki, bu günə qədər insan haqlarını qoruma təşkilatları tərəfindən bu məsələyə heç bir reaksiya göstərilməmişdir”.
Adı çəkilən təşkilatlar 1992-ci ilə qədər ana dilində məktəblərin açılmasını tələb edirdisə, 90-cı illərin əvvəllərindən bu tələblər daha geniş şəkildə qoyulmağa başlandı. Məsələn, “Ana dili” qəzetinin baş redaktoru Nurəddin Qərəvi “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində bildirirdi: “Bəli, Azərbaycan məsələsi təkcə bir-iki saat ana dilində oxumaq deyildir. Azərbaycan xalqının davası öz müqəddəratını təyin etmək davasıdır. Bu müqəddəratın içində fars dili ikinci bir dil olaraq qala bilər”.
Xaricdəki cənublu milli-demokratik qüvvələr düşərgəsində iki böyük ideya cərəyanı var idi: radikal yönümlülər və federalistlər. Lakin bu fraksiyaların milli məsələnin həllinə münasibətinin araşdırılan zaman bölümündə həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycandakı ictimai-siyasi atmosfer və proseslərdən asılı olaraq tez-tez dəyişməsi müşahidə olunurdu. Azərbaycan dili məsələsinin qabardılması da mühacirətdəki cənublu milli-demokratların fəaliyyətində bəzən digər problemlərin fonunda aktual məsələ kimi dayanmır, arxa plana keçir, bəzən də bu məsələyə ən vacib bir mövzu kimi qayıdılırdı. Radikal xətt tərəfdarı olan “Ana dili” qəzeti və onun rəhbəri Nurəddin Qərəvi yuxarıda qeyd etdiyimiz kimi mübarizə hədəflərinə görə 90-cı illərin əvvəllərindən etibarən birinci ideya cərəyanına daxil edilməlidir: “Bizim ana davamız təkcə dil deyil, bizim davamız daha böyük, daha əsaslı davadır, o da müstəmləkədən qurtulmaqdır”.
Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, Azərbaycan Demokrat Firqəsinin sədri Ə.Lahrudi kimilər isə nisbətən mülayim xətt tərəfdarı olaraq ikinci qrupa aid edilə bilər. Qulamrza Səbri Təbrizi milli məsələnin həlli barədə qeyd edirdi: “Azərbaycan belə bir şəraitdə Cənubda özünün müstəqilliyini elan edə bilməz. Bu, bir günün işi deyil. Bunu mərhələ-mərhələ etmək, ən başlıcası isə xalqı bu tarixi hadisəyə hazırlamaq gərəkdir. İbtidai məktəblərdə ana dilinin tədrisinə nail ola bilmiriksə, ana dilində qəzet və dərgilər buraxmaq, kitab nəşr etmək yasaqdırsa, kəndlərimizin səksən faizi savadsızdırsa, müstəqillikdən danışmaq çətindir”.
XX əsrin 90-cı illərində Amerikanın müxtəlif şəhərlərində - Los-Anceles şəhərində “Azərbaycan”, “Əlifba”, “Beynəlxalq Azərbaycan”, Vaşinqton şəhərində “Reform”, “Dirilik”, “The turkish world”, Sietl şəhərində “Babilon Azerbaijan” və s. jurnallar nəşr olunurdu.
Kanadanın Montreal şəhərində “İldırım” dərgisi (1998), Torontoda “Qurtuluş” jurnalı (1996) nəşr olunurdu.
Avropada və digər ölkələrdə “Aydınlıq”, “Odlar ölkəsi” (İngiltərə), “Qürbət”, “Azərbaycan” (İsveç), “Səhənd” və “Çiçək” (Stohkolm), “Ana dili”, “Savalan”, “Qaynarca” (Almaniya), “Xəzər”, “Azərbaycan türkləri” (Türkiyə), “Dədə Qorqud” (İspaniya), “Yurd” (İraq) kimi jurnal və qəzetlər fəaliyyət göstərirdi ki, adları çəkilən dövri nəşrlər 1990-cı illərin sonlarından güclənməyə başlayan milli oyanış hərəkatı, bu hərəkata qarşı çıxan fars şovinizmi ilə qanlı toqquşmalar haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır, “Yaşasın xalqımızın azadlıq, birlik, müstəqillik, özçülük və bağlısızlıq savaşı”, “Yaşasın Azərbaycan xalqımız, torpağımız və ana İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi dilimiz” kimi şüarlar altında mübarizə aparırdılar.
Diaspor mətbuatında dərc edilən, milli dil və mədəniyyətin dirçəlişi üçün göstərilən səylərin təzahürü olan bir sıra məktub və müraciətnamələr cənublu mühacirlər arasında milli özünüdərk prosesinin genişlənməsinin əyani sübutudur. “Carçı” və “Azərbaycanın səsi” (Almaniya), “Xudafərin” (Polşa) kimi mətbu orqanlar bu yöndə mübarizə aparırdı. Altı xarici ölkədə - Polşa, Almaniya, Fransa, İngiltərə, Hollandiya, Belçikada yayımlanan ictimai-siyasi, ədəbi-bədii, elmi-kültüroloji dərgi olan “Xudafərin” hər hansı firqə, ictimai birlik mənafeyindən deyil, Vahid Azərbaycan ideyasından çıxış edirdi. 1995-ci ildən Almaniyanın Köln şəhərində nəşr olunan “Ulus” qəzetində milli qüvvələrin əsas məqsədinin Azərbaycan varlığının qoruyub düzgün tanıtdırmaq, türk Azərbaycan xalqının birliyinə, torpaq bütünlüyünə qarşı yönəlmiş düşüncələrə qarşı durmaq, müstəqillik uğrunda, işğalçı fars şovinizminə qarşı mübarizə aparmaqdan ibarət olduğu vurğulanmışdır.
Yeganə Hacıyeva
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent