Tarix: 31.08.2024 / 09:13
Cənubi azərbaycanlıların Ana dili uğrunda mübarizəsi  – I YAZI

Cənubi azərbaycanlıların Ana dili uğrunda mübarizəsi – I YAZI

İran İslam inqilabından sonra Avropadakı cənublu milli ziyalıların fərdi maarifçilik və elmi fəaliyyəti də ana dili və milli haqlar uğrunda mübarizənin vacib ünsürləri kimi nəzərdən keçirilməlidir. Bu baxımdan ən diqqətəlayiq təşəbbüs “Ana dili” qəzetinin naşiri Nurəddin Qərəvi tərəfindən göstərilmişdi. O, cənublu mühacirlərin ana dilində yazıb-oxumaq bacarığının çox aşağı səviyyədə olmasını böyük problem sayaraq bunu aradan qaldırmaq üçün 1986-cı ildə “Ana dilimizi öyrənək” adlı bir dərslik yazıb onu 1987-ci ildə “Ana dili kultur yayınları” qrifi ilə nəşr etmişdi. Bu kitabça sonradan bütün Avropadakı azərbaycanlılar arasında təmənnasız olaraq yayılmışdı.

1989-cu ildən Böyük Britaniyanın Edinburq Universitetinin “İslam və Orta Şərq araşdırmaları” bölümündə çalışan H.Nitqinin Azərbaycan türkcəsinin inkişaf məsələlərinə həsr edilmiş elmi məqaləsində İranda Azərbaycan türklərinə, onların dil və mədəniyyətlərinə olan təzyiqlərdən bəhs olunur. Hələ ötən əsrlərdə fars dilinin türk hökmdarlarının saraylarında işlənməsini göstərərək əlavə edirdi ki, türk şair və ədibləri türk hökmdarları ilə birgə özlərini klassik farscanın tərəqqisinə və təkmilləşməsinə elə geniş ölçüdə həsr etdilər ki, az qala öz dil və mədəniyyətlərini unutdular. Müəllif yalnız xalq şeirini Cənubi Azərbaycanda milli-mənəvi dirçəlişin bədii daşıyıcısı kimi qiymətləndirirdi.

Avropadakı milli təşəbbüslərin və dil uğrunda mübarizənin ön sıralarında olmuş digər cənublu ziyalı Almaniyanın Köln şəhərində yaşayan folklorşünas və yazıçı Behruz Həqqidir. Onun milli maarifçilik fəaliyyəti daha geniş miqyasa malik idi və özünün akademik səviyyəsi ilə seçilirdi. Bu da onun 1983-cü ildən 1986- cı ilədək Bakıda yaşaması və burada Elmlər Akademiyasında elmi işçi kimi çalışması ilə bağlı idi. B.Həqqi Azərbaycan dili, tarixi, folkloru, milli mədəniyyətilə bağlı bir neçə əsərin müəllifi kimi Cənubi Azərbaycan diasporu nümayəndələri arasında tanınan ziyalıdır. Onun 1988-ci ildə Köln şəhərində çapdan çıxan “Atalar sözlərinin kökləri”, “Türk ədəbiyyatı” və “Koroğlu dastanı”, 1990-cı ildə Kölndə çap edilən “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı elmi araşdırmaları Avropadakı cənublu mühacirlər arasında çox populyar idi.

Dil uğrunda mübarizədə Hamburqdakı (Almaniya) “Araz” cəmiyyətinin də xüsusi rolu vardı. Bu cəmiyyət sırf mədəniyyət təşkilatı kimi yaranmışdı. Amma orada birləşən cənublu milli-demokratlar Hamburqda kifayət qədər sıx və kompakt yaşayan, yetərincə fəal olan paniranist qüvvələrlə tez-tez polemikaya girir, onların Azərbaycanın milli varlığına qarşı yönələn mürtəce fəaliyyətinə qarşı çıxırdılar. Bu təşkilat bütün fəaliyyəti boyunca Ana dili və Milli mədəniyyətin xaricdəki azərbaycanlılar arasında qorunub saxlanması və təbliğ olunması üçün çalışmışdı. “Araz” cəmiyyətinin Azərbaycan dili ilə bağlı gördüyü ən parlaq işlərdən biri 1990-cı ildə onun Hamburq Universitetinin elmi kitabxanasında saxlanılan və Azərbaycan dilinə, mədəniyyətinə, incəsənətinə, tarix və ədəbiyyatına aid olan kitabların siyahısını çıxarıb ayrıca kataloq kimi çap etməsi və onu azərbaycanlılar arasında təmənnasız yayması idi. Məqsəd qürbətdəki cənublu mühacirlərin maariflənməsinə az da olsa töhfə vermək idi.

Daha bir analoji addım Hamburq Universitetinin əməkdaşı Nemət Rəhmatinin adı ilə bağlıdır. O, 1990-cı ildə universitetin türkologiya bölümündə Azərbaycan dili və ədəbiyyatının tədrisinə başlamağa nail olmuşdu. N.Rəhmati universitetin türk əsilli alimi İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi Qorqud Buğdayla birgə “Azərbaycan dilinin qrammatikası” adlı vəsait də hazırlamışdı.

Berlin Universitetinin əməkdaşı, sosioloq, Berlindəki AlmanAzərbaycan Akademiklər Cəmiyyətinin yaradıcısı Əhməd Yəzdani də dil uğrunda fəal mübarizlərdən biri kimi qeyd olunmalıdır. O, cənublu mühacirləri bir yerə toplamaq üçün 1990-cı ildə Berlində “Azərbaycan klubu” adlı bir mərkəzin açılmasının təşəbbüskarı kimi çıxış etmişdi. 1993-cü ilə qədər fəaliyyət göstərən klub Azərbaycan dili, mədəniyyəti, milli haqlar uğrunda mübarizə aparan qüvvələrin tez-tez toplaşdığı və bu mövzularda çıxışların edildiyi, müzakirələrin aparıldığı bir yer idi. Ə.Yəzdani, Berlində yaşayan cənublu ədib, tənqidçi və tədqiqatçı Məmmədəli Hüseyni və digər cənublu milli-demokratlar həmin dövrdə azərbaycanlılar arasında milli-maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli rol oynamışdılar. Cənublu mühacirlər Azərbaycan dilinin funksionallığının artırılması, bu dilin paniranist çevrələrin iddia etdiyi kimi, “məişət və ya danışıq dili” yox, daha çox inkişaf etmiş elmi, ədəbi-mədəni və mətbu dili olmasının sübuta yetirilməsi yönündə də ciddi fəaliyyət göstərirdilər. Yaşadıqları ölkələrin demokratik mühiti də onlara bu işdə çox yardımçı olurdu. 1989-1990-cı illərdən etibarən cənubi azərbaycanlılar Avropanın əksər iri şəhərlərində (Berlin, Hamburq, Münhen, Amsterdam, Strasburq, Paris, Vyana, Cenevrə, Stokholm, Malmö, Oslo və s.) yerli televiziya məkanlarının verdiyi imkanlardan istifadə edərək “Açıq kanal”da (“Offener kanal”) radio və televiziya verilişləri hazırlamağa başlamışdılar. Bu verilişlərin hamısı Azərbaycan türkcəsində idi. Orada Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi və milli varlığı məsələlərindən bəhs olunurdu.

Yeganə Hacıyeva

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent


Şərhlər

Yaz...