Tarix: 10.07.2024 / 11:28
Cavad Heyətin mənəvi varisi  İran prezidentinə müraciət etdi

Cavad Heyətin mənəvi varisi İran prezidentinə müraciət etdi

Dünyaca məhşur azərbaycanlı Dr. Cavad Heyətin mənəvi varisi, "Varlıq" jurnalının sahibi və baş redaktoru, Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri, Ankara Universitetinin müəllimi Məmmədrza Heyət İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyana müraciət edib.

Diaspora.TV-yə daxil olan müraciətdə deyilir:

- Hörmətli Prezident Məsud Pezeşkiyan,

Sizi prezidentlik vəzifəsinə seçilməniz münasibətilə ürəkdən təbrik edir və bu çətin, riskli yolda uğurlar arzulayıram.

Siz elə bir ölkənin prezidenti oldunuz ki, əhalisinin 60%-dən çoxu, yəni çoxluğu məhz fars olmadığı üçün əzilməkdə, hər cür assimilyasiyaya və ayrı-seçkilərə məruz qalmaqda və etiraz etdikdə ən ağır ittihamlarla işgəncə, həbs və bəzən də edam və ya şübhəli ölümlərə uğramaqdadır.

Siz elə bir ölkənin prezidenti oldunuz ki, tarix boyu bu ölkənin qurucuları - Qəznəvi, Səlcuqlu, Səfəvi, Afşar və Qacar dövlətlərinin sahibləri, Məşrutiyyət İnqilabının qəhrəmanları və onların nəslindən olan bizlər, dövlətin rəsmi dərs kitablarında, radio və televiziyada vəhşi və barbar adlandırılaraq daima yalanlar və təhqirlərlə üz-üzə qalmaqdayıq. Ana dilində təhsil almaq cinayət hesab edilir və bu haqqı tələb etmək pantürkizm kimi göstərilərək ağır cəzalar verilməkdədir.

Siz elə bir ölkədə prezident oldunuz ki, (Cənubi) Azərbaycanın bütün yeraltı və yerüstü zənginlikləri soyulub mərkəzi bölgələrə köçürülməkdədir. Sərmayə yatırımlarına icazə verilmir, işsizlik sürətlə artmaqdadır və insanlar daha yaxşı bir həyat üçün evlərini tərk edib başqa bölgələrə getmək məcburiyyətində qalırlar. Bir zamanlar dünya ticarətinin mərkəzi olan (Cənubi) Azərbaycan, indi ölkə daxilində də son pillələrdə yer alır və açıq-aşkar qarət edilir.

Siz elə bir ölkədə prezident oldunuz ki, xarici işğalçılara qarşı mübarizədə dünyada nümunə göstərilən milyonlarla Qaşqay türkünün ostan olma tələbi daima rədd edilir, amma Azərbaycan əyaləti kiçik ostanlara bölünərək adı dəyişdirilir, silinir.

Siz elə bir ölkədə prezident oldunuz ki, daxili siyasətdə olduğu kimi xarici siyasətdə də Türk düşmənliyi üzündən qardaş Azərbaycan və Türkiyə Cümhuriyyəti ilə ümumilikdə Türk Dünyası ilə münasibətlər arzulanan səviyyəyə çatmır. Hətta İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı sərhəd bölgəsinə düşməncə hərbi bölmələr göndərilmiş, bölgənin inkişafında böyük potensialı olan Zəngəzur dəhlizinin açılmasına boş bahanələrlə mane olunmağa çalışılmışdır.

Və Siz elə bir Prezidentsiniz ki, saydıqlarımın hamısını bilir və bir Türk kimi bu ədalətsizlikləri şəxsən yaşamış biri kimi yaxından şahidi olmuşsunuz. Elə bu xüsusiyyətlərinizdən dolayıdır ki, türklər başda olmaqla zülüm altında yaşayan və özünü ikinci sinif vətəndaş kimi görənlər sizi özlərinə prezident seçmişlər.

Bu gün sizə tarixi bir fürsət verilmişdir. Milli zülmə son vermək, türklərə yönəlik haqsızlıqları və ayrı-seçkiləri ortadan qaldırmaq və adınızı tarixə və xalqın ürəyinə yazdırmaq üçün misilsiz bir fürsətiniz var. Əmin olun ki, millət üçün və millətlə birlikdə çalışdığınız və nə üçün seçildiyinizi unutmadığınız müddətcə Azərbaycan xalqı və türk milləti həmişə sizi dəstəkləyəcəkdir.

Türklər vəfalıdır və vəfalıları sevər.

Hörmətlərimlə.

Şərhlər

Yaz...