Tarix: 24.09.2024 / 08:37
Bu nəhəng qüvvə niyə birləşə bilmir?    - AMİP rəsmisi səbəbləri açıqladı

Bu nəhəng qüvvə niyə birləşə bilmir? - AMİP rəsmisi səbəbləri açıqladı

“Azərbaycan diasporunun mənfi xüsusiyyətlərindən birincisi pərakəndə fəaliyyət göstərməsidir. Müstəqil Azərbaycandan kənarda yaşayan 40 milyona yaxın soydaşımızın nəhəng qüvvə olmasına rəğmən birləşə bilməməsi təəssüf doğurur, onların potensialından səmərəli istifadəyə imkan vermir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) liderinin köməkçisi Əli Orucov deyib. Onun sözlərinə görə, burada Diasporla İş üzrə Dövlət Komitəsinin də məsuliyyət payı var:

“Fəaliyyətini düzgün qura və Azərbaycanın maraqlarını ifadə edə bilmir. Fikrimcə, problemin kökündə xaricdə yaşayan güneyli-quzeyli soydaşlarımızın bir araya gətirilməsi üçün vahid ideologiya və hədəflər formalaşdırılmayıb. Fikir ayrılıqları və ziddiyyətlər imkan vermir ki, diaspora təşkilatları birləşsin. Hakimiyyətə yaxın və onun təsiri altında olan təşkilatlar indiki iqtidarın maraqlarından çıxış edir, bir başqası cümhuriyyətçilərdi, başqa birisi federalistlərdi, irançıdır və s.”.

Əli Orucov əlavə edib ki, bir-birinə antoqonist olan həmin diaspora təşkilatlarını bir araya gətirmək üçün hamının qəbul edə biləcəyi ideologiya ortaya qoymaq lazımdır:

“Fikrimcə, Azərbaycan dövlət olaraq bu ideologiyanın işlənib hazırlanmasında açar rolu oynamalı və marginal maraqların fövqündə durulmalıdır. Prezident İlham Əliyevin dünyada yaşayan hər bir azərbaycanlının hüquqlarının qorunacağı barədə verdiyi bəyanatı effektif oldu və bu dünya azərbaycanlılarında özgüvəni bir qədər artırdı. Lakin bunun davamını dövlətin ayrı-ayrı strukturları inkişaf etdirmədi və reallıqda göstərə bilmədi. Təbii ki insanların şəxsi maraqlarını da nəzərə almaq lazımdır ki, təqdim edilən ideya cəlbedici olsun”.

Əli Orucov hesab edir ki, bu gün Azərbaycana həm də güclü xarici sərmayə lazımdır:

“İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinə xaricdə yaşayan azərbaycanlı biznesmenləri cəlb etmək üçün əlverişli şərait yaradılmalıdır. Onlarla işlənilməlidir, dəvət olunmalıdırlar. Bu həm onların lazımlı şəxs olduqları anlamı deməkdir. Yəni diaspora təşkilatlarının birləşdirilməsi üçün konseptual yanaşılmalı, hər bir xırda detal nəzərə alınmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...