Tarix: 04.05.2024 / 11:47
Burada Azərbaycan Evi yoxdur  - Mikayıl Oyta

Burada Azərbaycan Evi yoxdur - Mikayıl Oyta

“Azərbaycan türkü olaraq Avstraliyanın 38 vilayətində dilimizi, mədəniyyətimizi və zəngin tariximizi burada təbliğ etməyə çalışırıq”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra yaranmış ilk təşkilatlardanıq və ötən müddət ərzində səmərəli fəaliyyət göstərmişik:

“Müstəqil Azərbaycan xaricdə yaşayan azərbaycanlılara böyük ümidlər bəxş edir. Azərbaycanın ümumi problemləri, hadisələri və inkişafı bizi maraqlandırır. Bu prinsipə uyğun olaraq Azərbaycanın milli mənfəəti və maraqları çərçivəsində dövlət adamları, millət vəkilləri ilə birgə hərəkət edirik. Buna misal olaraq, 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı tədbirləri göstərmək olar. Eyni zamanda Avstraliyada dövlət, parlament və yerli seçkilərdə fəal iştirakımızı da göstərə bilərik. Biz Avstraliyada daima Azərbaycanın milli maraqlarını təbliğ etməyə çalışırıq. Avstraliyaya gələn azərbaycanlı mühacir və tələbələrə və onların ailələrinə yardım göstəririk. Avstraliyada fərq qoymadan, güneyli və şimali azərbaycanlıların problemlərinə bacardığımız qədər dəstək oluruq”.

M.Oyta vurğulayıb ki, Avstraliyada hər həftə “Malti” mədəni rəqəmsal radio proqramında burada yaşayan azərbaycanlıların və türklərin xəbərlərini yayımlanır:

“Eyni zamanda Vətən müharibəsi dövründə Avstraliya dövlət televiziya və radiolarında gedən müsahibələrimizlə erməni yalanlarını ifşa etdik və həqiqətləri çatdırdıq”.

Qarşılaşdıqları problemlərdən danışan M.Oyta bildirib ki, diaspor fəaliyyətində əsas problemlər maliyyə və Avstraliyada Azərbaycan evinin olmamasıdır:

“Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin diaspor fəaliyyətini dəyərləndirməli, fərdlərin sadiq olmasını və onların təcrübəsindən yararlanmağı təmin etməlidir. Yaşadığımız ölkədə Azərbaycan diasporunun buradakı ictimai-siyasi həyatına, eləcə də mediasına təsir göstərməsi üçün parlament seçkilərində istədiyimiz deputatlara dəstək olmağımız vacibdir. Eyni zamanda, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti ilə güclü sosial, siyasi və iqtisadi əlaqələr olması vacibdir. Mediaya gəlincə, təcrübəli diaspor üzvlərinə maliyyə dəstəyi göstərməli, media ilə yaxşı əlaqələr qurulmalıdırlar ki, Avstraliyada Azərbaycanla bağlı məsələlərə müsbət yanaşan mediaya yaxın ola bilək”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...