“Xaricə səfərlərim çox olub, həm istirahət üçün, həm də Akademik Milli Dram Teatrı ilə qastrollara, festivallara getmişik”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Əməkdar artist Sənubər İsgəndərli deyib.
S.İsgəndərli müsahibə zamanı xaricdəki iş birliyindən bəhs edib:
“2013-cü ildə Türkiyəyə “Zengin kız fakir oğlan” serialında oynamaq üçün dəvət aldım və getdim. Hətta bu yay Qazaxıstanda da “Canım Kazaxıstan” filmi üçün dəvət aldım və çəkildim”.
“Xariclə Azərbaycanın film sahəsində kifayət qədər fərqlər var. Ən başlıcası da işə münasibətdədir. Bunlarla yanaşı texniki baxımdan, aktyora münasibət, peşəkarlıq kimi məsələlərə toxunmaq lazımdır. Bunlar bizdə də olarsa, inkişafdan danışmaq olar”, - deyə aktrisa qeyd edib.
Əməkdar artistin sözlərinə görə, film və seriallarımızı dünyaya nümayiş etdirmək istəyiriksə, bunun üçün əvvəlcə maliyyə, dövlət dəstəyi lazımdır:
“Bu kimi dəstək olandan sonra artıq özəl prodakşınlar da inkişaf edə bilər. Çox istərdim ki, öz üzərində çalışan, işləyən, savadlı rejissorların sayı çox olsun. Eynilə də düşünən, istedadlı, intellektual aktyorlar işlərinə peşəkar yanaşsınlar”.
Xəyalə Zöhrab
Diaspora.TV