Tarix: 20.04.2024 / 18:01
Bu universitetlərə daha çox muxtariyyət vermək lazımdır -  Kanadanın azərbaycanlı professoru

Bu universitetlərə daha çox muxtariyyət vermək lazımdır - Kanadanın azərbaycanlı professoru

Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti üçün necə bir inkişaf modelini örnək görmək olar? Yeni yaradılan universitetlərdə hansı müasir ixtisasların olması daha vacibdir? Gələcəkdə bu ali təhsil müəssisələrinin cəlbediciliyini necə artıra bilərik? Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat/biznes və mühasibat uçotu üzrə bakalavr proqramlarının direktoru, professor İlham Axundov “Azərbaycan müəllimi”nə müsahibəsində bəhs etdiyimiz məsələlərə aydınlıq gətirib.

Diaspora.TV həmin müsahibəni təqdim edir:

- Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti üçün necə bir inkişaf modelini örnək götürmək olar?

- Dünya səviyyəli universitetlər bir ölkənin ali təhsilinin gücünü göstərməklə yanaşı, həm də ölkədə elmin, texnologiyanın və iqtisadiyyatın hərtərəfli inkişafının mühüm təzahürüdür. Biz ölkəmizdə fəaliyyəti planlaşdırılan Qarabağ və Türkiyə-Azərbaycan universitetləri ilə dünya səviyyəli universitetlər qurmaq strategiyasını reallaşdıra bilərik. Bu universitetlərin beynəlxalq rəqabət qabiliyyətini də artırmaq olar. Bundan ötrü biz, ilk növbədə, tədris, tədqiqat və idarəetmədə mükəmməlliyə nail olmaq üçün qısamüddətli və uzunmüddətli məqsədləri, prioritetləri və strategiyaları əks etdirən strateji plan hazırlamalıyıq. İnkişaf etməkdə olan sahələrə, sənaye tələblərinə, sosial ehtiyaclara və eyni zamanda missiyamıza və resurslarımıza uyğun gələn yüksək keyfiyyətli akademik proqramlar təklif etməliyik. Bütün proqramlarda riyazi (kəmiyyət) bacarıqlara xüsusi diqqət verməliyik, çünki hazırda sənayenin və biznesin bir çox aspektləri riyazi-statistik (kəmiyyət) təhlili apara bilən insanlardan asılıdır. Yaxın gələcəkdə hər kəs bir az texniki olacaq, heç bir sənaye sahəsi və ya karyera texnologiyasız olmayacaq!

- Yeni yaradılan universitetlərin cəlbediciliyini necə artıra bilərik?

- Məlumdur ki, dünya universitetlərini beynəlxalq aləmdə tanıdan və inkişafına mühüm təkan verən amillərdən biri ali təhsil müəssisəsinin cəlbediciliyinin artırılmasıdır. Universitetlərin cəlbediciliyini artırmaq üçün isə biz dünyanın aparıcı universitetləri, tədqiqat institutları və sənaye tərəfdaşları ilə əməkdaşlıq qurmaqla beynəlmiləlləşməni təşviq etməliyik. Tələbə və müəllim mübadiləsini, birgə tədqiqat layihələrini və qlobal təşəbbüsləri dəstəkləməliyik. Akademik məsləhət xidmətləri, karyera məsləhətləri, mentorluq proqramları, təcrübi öyrənmə imkanları təklif etməklə tələbə uğurlarına üstünlük verməliyik. Şəxsi inkişafa, liderliyin inkişafına kömək edən canlı kampus həyatı yaratmalıyıq. Güclü liderlik və hesabatlılıq mexanizmləri ilə şəffaf və effektiv idarəetmə strukturları formalaşdırmalıyıq.

- Dünya səviyyəli universitet necə qurulmalıdır?

- Qəbul etmək vacibdir ki, dünya səviyyəli universitetləri qurmaq uzunmüddətli bir işdir, bunun üçün mütləq standart yoxdur və bu, bütün maraqlı tərəflərdən davamlı öhdəlik, investisiya, əməkdaşlıq, transformasiyalı liderlik, professorlar, proqramlar, fənlər, tələbələr və elmi araşdırmalar tələb edir. Qarabağ və Türkiyə-Azərbaycan universitetləri struktur və ölçü baxımından fərqli olsalar da, onların ilk missiyaları oxşar olub tələbələrə yüksək səviyyəli təhsil vermək, tədqiqat aparmaq, iqtisadiyyat və mədəniyyət daxil olmaqla, cəmiyyətə töhfə vermək olmalıdır. Daha sonra isə bu məqsədlərdən bir qədər də kənara çıxmalı və nəticədə unikal imkanlar və təşəbbüslər təqdim edən dünya səviyyəli akademik mərkəz qurmaq olmalıdır.

- Türkiyə-Azərbaycan Universitetini modern ali təhsil müəssisəsi kimi necə təsəvvür edirsiniz?

- Bildiyim qədər, Türkiyə-Azərbaycan Universitetində klassik universitet modelindən istifadə olunmayacaq. Türkiyə və Azərbaycanın ən yaxşı universitetlərini bir kampusda birləşdirərək, biz ənənəvi təhsil modellərinin sərhədlərini keçməyi planlaşdırırıq. Belə modelə bəzən ədəbiyyatda multiversitet də deyilir. Dünyada ilk belə multiversitet Qatarın paytaxtı Dohada yaradılıb. Dünyanın səkkiz aparıcı universitetinin məşhur proqramlarını özündə birləşdirən Doha kampusu 15-ə yaxın ixtisaslarda bakalavr, magistr və fəlsəfə doktoru proqramlarını təqdim edir. Bu kampus bölgədə ən güclü təhsil mərkəzi olmaqla yanaşı, həm də kompleks siyasət problemlərindən tutmuş nanotexnoloji araşdırmalara qədər çox genişprofilli bir tədqiqatlar laboratoriyasına çevrilib. Biz də belə bir kampusu Azərbaycanda qurub daha sonra başqa universitetləri də bu kampusa cəlb edərək region üçün çox önəmli bir konsentrator (Hub) universitet qura bilərik və o zaman bu universitetə qonşu ölkələrdən olan böyük axını təsəvvür etmək çətin deyil.

- Qarabağ Universitetində tədrisin təşkili və tədris mühiti barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Qarabağ Universitetinə gəlincə, düşünürəm ki, ilk olaraq, biz 2+2 layihəsi üzrə (2 il Qarabağda və 2 il Bakıda) bölgəyə tələbə axınını sürətləndirə bilərik. Ona görə də bu ali təhsil müəssisəsi ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və digər qurumlarla əməkdaşlıq müqavilələri bağlamalıdır. İki universitetdə təhsil almaqla tələbələr müxtəlif akademik təcrübələrdən faydalana, müxtəlif resurslara çıxış əldə edə və potensial peşəkar şəbəkələrini genişləndirə bilərlər.
Qarabağ Universitetində dərslər intensiv modullar əsasında da aparıla bilər. Bir universitet kursunun, məsələn, iki həftə ərzində intensiv şəkildə tədris olunması mümkündür. Bunun üçün strukturlaşdırılmış cədvəl təqdim etməklə, diqqətli planlaşdırma, effektiv vaxt idarəçiliyi və əsas təlim nəticələrə diqqət yetirmək tələb olunur. Araşdırmalar göstərir ki, müəllimlər tədris texnikalarını dəyişdirərək intensiv kursları uzun bir semestr ərzində olduğundan daha konstruktiv, təcrübi öyrənmə və müzakirələri özündə birləşdirən şəkildə keçə bilirlər. Hər kursun sonunda tələbələrin kurs materialını ümumi başa düşməsini qiymətləndirmək üçün yekun qiymətləndirmə aparılır.
Düşünürəm ki, bu universitetdə həm də azərbaycanşünaslıq mərkəzi, etnoqrafik zal, ilkin hərbi hazırlıq otaqları olmalıdır. Ziyarətçilər və universitetin rəsmi nümayəndə heyətləri üçün Vətən müharibəsində şəhid olmuş tələbə gənclərin xatirəsinə həsr olunmuş abidə də ucaldılmalıdır. Dövlət, siyasi və mədəniyyət xadimləri vaxtaşırı universitetdə olub, mühazirələr oxumalıdırlar.
Biz yüksək istedadları bu universitetlərə cəlb etməklə institusional islahatları dərinləşdirməliyik və akademik azadlığa icazə verməliyik. İdarəetmə sistemi islahatlarını həyata keçirmək, bu universitetlərə daha çox muxtariyyət vermək, elmi qiymətləndirmə sisteminin qurulmasına kömək etmək və istedadların sərbəst inkişafı üçün daha yaxşı şərait yaratmalıyıq.

Şərhlər

Yaz...