Tarix: 30.03.2024 / 10:55
“Bu təşəbbüs dünyada təsdiqini tapmış modeldir”

“Bu təşəbbüs dünyada təsdiqini tapmış modeldir”


“Diaspor nümayəndələri yaşadıqları ölkələrdə ictimai-siyasi mühitdə aktiv iştirak etmələri, o cümlədən həmin ölkələrin media, vətəndaş cəmiyyəti institutları ilə sıx təmaslar qurması müsbət addım olardı”.

Bu fikirləri Diaspora.tv-yə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, diaspor nümayəndələri bu cür münasibətlər vasitəsilə özlərinin fəaliyyətlərini, daha yaxşı təşkilatlanmalarını formalaşdıra bilərlər:

“Bununla da Azərbaycan reallıqlarının həmin ölkələrdə təbliğ olunmasına yardım göstərə bilərlər. İndi bunun üçün geniş imkanlar da var. Əvvəla, internet inkişaf edib. Yəni, bu baxımdan bizim diaspor nümayəndələrinin olduqları ölkələrdə KİV qurumu yaratmaq üçün hansısa prosedurlardan keçmələri üçün böyük vəsait tələb olunmur. Belə deyək ki, onlayn müstəvidə informasiya resursu təşkil edərək yaşadıqları ölkələrin dilində həm öz təşkilatlarının, həm də Azərbaycan reallıqlarının təbliğatını apara bilərlər. Eyni zamanda orada yerli ictimai-siyasi mühitin nümayəndələri ilə də sıx təmaslar qurmaqla bu işi ən yaxşı şəkildə reallaşdırmaq olar”.

M.Ələsgərli qeyd edib ki, bu sahədə müəyyən işlər var:

“Həm II Qarabağ müharibəsinin getdiyi, həm ondan sonrakı dövrdə müəyyən diaspor təşkilatları, eləcə də nümayəndələrinin Azərbaycana səfərləri, bu reallıqları yerində görmələri, o cümlədən yaşadıqları ölkələrin ictimai-siyasi mühitinə çatıdırılması ilə bağlı müəyyən işlərin şahidi olmuşuq. Əlbəttə ki, bu işləri tam yüksək səviyyədə qiymətləndirmək olmaz. İstədiyimizə nail olmaq üçün hələ də müəyyən işlər görülməlidir. İndi hansısa formada təşəbbüslər ortaya çıxırsa, bu həmin diaspor təşkilatlarının işinə stimul verəcəksə, eyni zamanda onların vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına imkanlar yaradacaqsa, əlbəttə ki, həmin təkliflər müzakirə olunmalıdır. Bu təkliflərdən təqdir olunanı varsa, səmimi şəkildə bu işi görənlər olacaqsa, alqışlanmalı və onlara dəstək göstərilməlidir. Bu təşəbbüs həm də dünyada təsdiqini tapmış modeldir”.

Bəxtiyar Məmmədli
Diaspora.tv

Şərhlər

Yaz...