Tarix: 10.08.2024 / 14:28
Bu təklif hazırda reallaşmayacaq   - Vüsalə Ağabəyli

Bu təklif hazırda reallaşmayacaq - Vüsalə Ağabəyli

“Xaricdə yaşayan, oxuyan və işləyən azərbaycanlıların valideynləri, yaxın qohumlarının onları ziyarət etmələri üçün viza müddətinin 3-5 ilə qədər uzadılması təklifni müsbət hesab edirəm. Çünki hər dəfə viza üçün müraciət etmək, sənədlərin toplanması, tərcüməsi, təsdiqi və s. prosedurlar kifayət qədər vaxt və gərginlik tələb edir”.

Bu sözləri Diaspora.TV-yə filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokultrologiya kafedrasının müdiri Vüsalə Ağabəyli deyib. O, təəssüf hissi ilə bu təklifin hazırda siyasi cəhətdən reallaşmayacağını düşündüyünü qeyd edib:

“Həm qarşı tərəfin, yəni digər ölkələrin əksər hallarda xoşlanmadığı vəziyyətdir. Çünki bir sıra Avropa ölkələri, o cümlədən, Amerika, Birləşmiş Krallıq artıq imiqrant istəmirlər. 5 illik sərbəst vizanın verilməsi isə həmin şəxsin həmin ölkədə yaşaya biləcəyi anlamına gəlir ki, bunu da arzulamırlar. Digər tərəfdən isə nəzərə alsaq ki, Ermənistanla hələ də sülh sazişi imzalanmayıb, rəsmi sərhədlər müəyyən edilməyib, düşünürəm ki, viza məsələsi tezliklə öz həllini tapmayacaq”.

Vüsalə Ağabəyli istənilən halda Azərbaycan vətəndaşının sərbəst çıxışının, uzunmüddətli viza qeydiyyatının olmasını dəstəklədiyini önə çəkib:

“Nəzərə alsaq ki, dünyanın istənilən ölkəsində təhsil alan Azərbaycan gəncidir və onun mənəvi ehtiyaclarının ödənilməsinə tələbatı var. Bu baxımdan da valideynlər üçün xüsusi yaş qrupunu əhatə edən tələbə övladlarını ziyarət etməyə verilən viza müddətinin uzadılması müsbət addım hesab edilər”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...