“Azərbaycanın keçmiş təsviri sənəti, Səfəvilər vaxtında və ondan sonrakı dövrlərdə də Fars mədəniyyəti adı ilə tanıtdırılıb”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında 20 ildir Fransada və Belçikada yaşayan Azərbaycanın qədim təsviri sənət bilicisi, rəssam Ali Sehran İmanzadə deyib.
Ali Sehran İmanzadə bildirib ki, Azərbaycanın təsviri sənəti hətta Rusiyada belə fars mədəniyyət nümunəsi kimi tanıtdırılıb:
“Xalçalarımız ermənilərin adına çıxarılıb. Bu məsələ üzərində çox işlədim, amma mənə dəstək olmadılar. 20 ildir Azərbaycanda yaşamıram, buna görə də dəqiq bilmirəm, ancaq zənnimcə bunu məndən başqa araşdıran, maraqlanan olmayıb. Bu məsələ haqqında ciddi bir iş aparmaq lazımdır”.
A.S.İmanzadə qeyd edib ki, dəfələrlə Azərbaycanın Fransa və Belçikadakı səfirliklərinə müraciət edərək bu məsələni işıqlandırmağa çalışıb:
“Azərbaycan sənəti üçün sərgilər keçirib, onların Azərbaycana aid olduğunu tanıtdırmaqda mənə yardım etmələrini istəmişəm. Hətta əl işlərimi də göstərmişəm. Parisdə diaspor fəalı Aytən Muradova (Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri) ilə birgə Novruz bayramında miniatür sərgisi keçirdik, lakin Fransadakı səfirliyimiz dəstək olmadı. Sərgiyə 2 gün qalmış, səfirlikdən bir qadın Aytən xanıma zəng edib ki, nə sərgi, sərgi yoxdur. Bu hadisə əvvəlki səfirin vaxtında olub. Səfirliklər bu məsələyə dəstək verməyə çəkinirlər. Bəzən də deyirlər ki, “Bu nədir? Biz bilmirik”. Bu sualı səfirliyimizdən eşitmək utandırıcıdır! Hətta ötən il Azərbaycandan rəssamlar nazirliyə zəng edib bildiriblər ki, Sehran müəllimi tapın, onunla veriliş hazırlayın. Nazirlikdən Belçika səfirliyinə zəng ediblər ki, miniatür haqqında film hazırlasınlar və onu da Azərbaycana göndərsinlər. Belçikadakı səfirliyimiz bu addımı atmadı. Mənə zəng edib dedilər ki, “Siz kimsiniz? Niyə sizin üçün bunları etməliyik? Axı deyin, niyə etməliyik?” Mən də bildirdim ki, bu sualı mənə niyə verirsiniz? Zəng edin nazirliyə, soruşun ki, sizə niyə bu tapşırığı veriblər”.
A.S.İmanzadə iddia edib ki, Azərbaycan səfirlikləri xaricdə Azərbaycan mədəniyyəti üçün heç bir xidmət göstərmirlər:
“İki ildir onların qəbuluna düşə bilmirəm, biabırçılıqdır. Bu gün dolmadan danışırıq, ancaq mədəniyyətimiz, böyük bir sənətin, xəzinənin üstündən keçib gedirik. Ona da farslar, ermənilər sahib çıxır. Farslarla heç bir düşmənçiliyim yoxdur, sadəcə onlar bizdən sürətli hərəkət edir. Reklamlarla, hazırda dünyada əksər kitabxanalarda, muzeylərdə “Persiskaya şkola, Persiskaya şkola” Bu biabrçılıqdır! Azərbaycana gəlib, miniatür sənətindən, tarixindən veriliş hazırlamaq niyyətindəyəm”.
Xəyalə Zöhrab
Diaspora.TV