“Dünyanın harasında olur-olsun azərbaycançılıq ideologiyasının təbliğini aparmaq lazımdır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Vüsalə Ağabəyli bildirib. O qeyd edib ki, Azərbaycan xalqı özünü çox az sevən, həddindən artıq bacarıqlı millətdir:
“Amma özümüzü düzgün qiymətləndirmirik. Dünyanın bir çox ölkəsində əslən azərbaycanlı olan peşəkar həkimlər, alimlər var. Həmin alimlərin nəşrləri, yenilikləri, fəaliyyətlərindən heç xəbərimiz yoxdur. Heç yerli alimlərimiz də kifayət qədər tanınmır. Mən əsl alimi nəzərdə tuturam. Çünki kütləvi şəkildə PR aparılmır, informasiya təminatlılığı çox zəifdir”.
V.Ağabəyli xaricdə fəaliyyət göstərən Azərbaycan əsilli alimlərin nəşrlərinin, yeniliklərinin akademik tədrisə salınmasını dəstəkləyir:
“Bu həm yerli, həm beynəlxalq əməkdaşlığa xidmət etməklə yanaşı, həm də dünyanın hər bir bucağında olan azərbaycanlının tanınmasına və zəncirvari birliyinə səbəb olar. İstər müqayisəli, istər konkret istiqamətli tədqiqatlar zamanı öz alimlərimizin əsərlərinə istinad verilməsi həm də H indeks göstəricinin də yüksəlməsinə, müəssisənin, eləcə də ölkənin elmi nüfuzunun, prestijinin da artmasına təsir edir”.
V.Ağabəyli təəssüflə qeyd edib ki, çox vaxt axtarış verəndə öz alimlərin, tədqiqatçıların haqqında heç wikipediya mənbələrində də məlumat tapmaq mümkün olmur:
“Fərdi tədqiqatlar zamanı isə bəzən üzə çıxır ki, “Qərbin indi səsləndirdiyi bir çox fikirlərə əsrlər öncə bizim ədəbiyyatlarda da rast gəlmək mümkündür. Lakin tanıda bilməmişik, kütləviləşməyib. Beləcə də, pərakəndə şəkildə dünyanın hər tərəfində alimlərimiz tədqiqatla məşğuldur, onları sistemləşdirib, təbliğini edib, informasiya yayımını təşkil etmək lazımdır”.
V.Ağabəylinin sözlərinə görə, bu proses həm diaspor fəaliyyətinə, həm də beynəlxalq-elmi nüfuza müsbət mənada təsir göstərəcək.
Jalə
Diaspora.TV