Tarix: 24.04.2024 / 16:11
Dünyadakı azərbaycanlılar bir-birini tanımır -  Natiq Əhmədov

Dünyadakı azərbaycanlılar bir-birini tanımır - Natiq Əhmədov

“Portal fəaliyyətə bu ilin yanvarından başlayıb. Amma qısa vaxt ərzində 234 nəfər qeydiyyatdan keçib”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında “Azərbaycan Elmi Diasporu” portalının (elmidiaspor.edu.az) icra qrupunun rəhbəri, Texniki Universitetin dosenti Natiq Əhmədov bildirib. Onun sözlərinə görə, bu saytda elm adamları haqqında məlumatlar yer alıb:

“Bu portalın xəbər saytlarından fərqi var. Biz bu portalı feysbuk sosial şəbəkəsi kimi görürük. Yəni, bu platforma üzərindən xaricdə olan alimlərimiz həm bizi, həm bir-birini, həm də biz onları tanıyacağıq. Alimlərimiz qeydiyyatdan keçərək müstəqil şəkildə sayta daxil olub öz səhifələrini yarada bilərlər. Açığı, ilk dəfədir Azərbaycanda bu platformada belə bir portal yaradılır”.

Saytın üstünlüklərindən danışan N.Əhmədov vurğuladı ki, xaricdə yaşayan alimlər öz səhifələrinə rahat şəkildə daxil olub, özləri haqqında məlumatı, elmi məqalələrini yerləşdirə, əlavə edə bilərlər:

“Təbii ki, saytın administratoru tərəfindən daim nəzarət həyata keçirilir. Qanuna zidd, saytın tələbinə uyğun olmayan məlumatlar silinə və hətta həmin şəxsin səhifəsi ləğv edilə bilər. Amma indiki halda buna ehtiyac yoxdur. Alimlərimiz hazırda öz səhifələrində tərcümeyi-hallarını dəyişirlər, əlavə məlumatları daxil edirlər. Bizim administratorlar da dəyişikliklərə baxıb yayımlanması üçün təsdiqləyirlər”.

N.Əhmədov diqqətə çatdırdı ki, Azərbaycan elmi diasporunun hansı dildə ünsiyyət qurması ilə bağlı portal vasitəsilə sorğu da keçirilib:

“Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Azərbaycan, az bir hissəsi isə ingilis dilində ünsiyyət qurulması ilə bağlı səsvermədə fikirini ifadə edib. Amma elmi məqalələrin dilinə gəlincə, alimlər bu məsələdə tam sərbəstdirlər. Yəni, alim özü hansı dildə istəyirsə, məqaləsini təqdim edir, sayta yerləşdirir. Yeri gəlmişkən qeyd edim ki, mütəmadi olaraq üzvlər arasında müxtəlif mövzularda sorğular da keçiririk”.

Müsahibimiz onu da qeyd etdi ki, universitetlərdə “Sabah” qrupları var və tədris ingilis dilində aparılır:

“Hazırda bizdə ingilis dilində müxtəlif fənləri tədris edən müəllimlərin sayı azdır. Biz bu sayt vasitəsilə Türkiyədəki azərbaycanlı alimlərə müraciət etdik. Artıq həmin alimlər gələn il üçün “Sabah” qruplarında dərs deyə bilərlər. Bundan başqa, bütün universitetlər istəyir ki, beynəlxalq reytinqlərdə iştirak etsinlər. Məhz bu məsələdə əsas meyarlardan biri xaricdəki qiymətləndiricilərin münasibətidir. Yəni, xaricdəki alimlər bizim universitetə qiymət verməlidir. Yerli universitetlərimiz saytımızdan istifadə edərək azərbaycanlı alimlər vasitəsilə həmin reytinqlərin siyahısına düşə bilərlər. Bu platforma vasitəsilə belə bir imkanı da yaratmışıq”.

N.Əhmədov Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyi və Almaniyadakı Azərbaycanlı Həkimlərə də yeni yaradılan platforma ilə bağlı müraciət etdiyini bildirdi:

“Məsələ ondadır ki, dünyadakı azərbaycanlılar bir-birini tanımır. Azərbaycan naminə həmrəylik göstərməliyik ki, bir-birimizi tanıyaq, əlaqə quraq. Ermənilərdə belə bir platforma 20 ildir ki, var və onlar belə qapalı şəbəkələr vasitəsilə müzakirələr aparırlar, fikirlərini bölüşürlər və qərarlarını verirlər. Misal üçün, Azərbaycan nümayəndə heyətini AŞPA-dan uzaqlaşdıranda 5 azərbaycanlı bir yerə toplanıb etiraz etmədi. Çünki Azərbaycan diasporunda əlaqə yoxdur. Onu da əlavə edim ki, bizim portalda qeydiyyat artdıqca böyük şəhərlərdə yaşayan azərbaycanlıların elektron poçt ünvanlarının mərkəzləşdirilmiş sistemini yaradacağıq. Eyni anda, misal üçün, Parisdə yaşayan 500 azərbaycanlıya elektron məktub gedəcək, məlumat alacaq. Yəni, bizim işimiz kommunikasiyanı təmin etməkdir və bu istiqamətdə fəaliyyətimizi həyata keçiririk”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Şərhlər

Yaz...