Tarix: 12.08.2024 / 14:50
Bu ölkədə əcnəbi məhbuslar arasında  azərbaycanlılar sayca 3-cüdür...

Bu ölkədə əcnəbi məhbuslar arasında azərbaycanlılar sayca 3-cüdür...

2024-cü il iyulun 1-nə olan məlumata görə, Gürcüstan həbsxanalarında 10 367 məhbus var ki, onların 9,6%-i digər dövlətlərin vətəndaşlarıdır.

Diaspora.TV xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi yanında Cəzaların İcrası Departamenti məlumat yayıb.

Departamentin bildirdiyi kimi, 56 ölkədən 994 əcnəbi ya artıq məhkum olunub, ya da hökmün çıxarılmasını gözləyir. Əcnəbi məhbusların böyük əksəriyyəti kişilərdir (897 nəfər), 95-i qadın, 2-si azyaşlıdır (cinsləri açıqlanmır).

Xarici məhbusların 30%-dən çoxu Türkiyə vətəndaşıdır. İkinci yerdə Rusiya Federasiyası, üçüncü yerdə Azərbaycan, Ermənistan və Ukrayna vətəndaşları durur. Qərb ölkələrindən ABŞ, Fransa və Almaniya vətəndaşları da Gürcüstan həbsxanalarında cəzalarını çəkir və ya hökm gözləyirlər.

Qeyd edək ki, 100 min əhaliyə düşən məhbusların sayına görə Gürcüstan Avropada Türkiyədən sonra ikinci yerdədir. Cinayət törətmiş yerli məhbusların ən böyük faizi qadına qarşı “ailə zorakılığı” və ya “fiziki və ya psixoloji zorakılıq”a görə məhkum olunmuş vətəndaşlardır. Hazırda Gürcüstan həbsxanalarında bu kontingent 40%-ə çatır.

2015-ci ildə Gürcüstan Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, hətta qadına qarşı bircə dəfə də olsa şifahi təhqir və ya qışqırmaq “psixoloji zorakılıq” sayılır. Bu cinayət Cinayət Məcəlləsinin 126-cı maddəsi iki ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Şərhlər

Yaz...